Məhkəmə qərarları › İş №2(075)-1376/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1376/2020

20.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1376/2020 20.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X11 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi ziyana görə təzminat» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı Cavabdeh ona vurduğu maddi ziyana görə 80000 (səksən min) manat məbləğində təzminatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, o, anası X6, rəhmətə getmiş bacısı X3 iki oğlu – X12 və X13, qardaşı Cavabdeh və onun ailəsi ünvan 1 ünvanında yerləşən ata evlərində mehriban ailə olaraq yaşamışlar. Ana və ataları rəhmətə getdikləri üçün anasının və onun himayəsində böyüyən bacısının iki oğlunu öz doğma övladı bilmişdir. Bu səbəbdən də anası ilə belə qərara gəlmişlər ki, bacısının böyük oğlu X7 evləndirib onu Bakı şəhərində yerləşən öz ata evinə yerləşdirsinlər. Bacısının kiçik oğlu X8 isə Şəki şəhərində ayrıca ev alaraq anası, o və Vüsal həmin evə köçsünlər. Bu məqsədlə o, öz əmək haqqını, anası da öz pensiyasını qənaətlə xərcləyib 8000 ABŞ dolları pul yığmışlar. Onların təzə ev almaq üçün 8000 ABŞ dolları pul yığdıqlarını ailənin bütün üzvləri bilmişlər. Hazırkı iş üzrə cavabdeh olan qardaşı Cavabdeh ata evinin şəhərdən uzaq olmasını, payız və qış aylarında yağışda, qarda, buzda işə gəlib-getməyin çətinliyini səbəb gətirib o da şəhərdə ev almaq istəmişdir. Lakin almaq istədiyi ev 9000 ABŞ dolları olduğu üçün ala bilməmişdir. Bunun üçün onlara bacısının iki oğlunun yanında 6000 ABŞ dolları pulu olduğunu bildirmiş, 6 otaqlı 8-9 sot həyətyanı sahəsi olan evi almaq üçün yığdıqları 8000 ABŞ dollarından 3000 ABŞ dollarını borc istəmiş, ailəliklə oraya köçməyi təklif etmişdir. Həmçinin, daha sonra həmin mülkün 3 sot torpaq sahəsində Vüsalın istədiyi formada ev tikəcəyini və o evi də Vüsalın adına sənədləşdirəcəyini bildirmişdir. Nə anası, nə də o razı olmasa da Cavabdeh israr etmişdir. Bundan sonra qardaşı Cavabdeh anasının razılığı ilə anası və bacısının iki oğlunun yanında ondan 3000 ABŞ dollarını götürmüş və 9000 ABŞ dollarını bitirərək istədiyi evi almışdır. Beləliklə, qardaşı Cavabdeh 2002-ci ilin sentyabr ayında ünvan 2 ünvanında 8 sot torpaq sahəsində yerləşən ikimərtəbəli, altı otaqlı yaşamaq üçün yararlı ev almış, onlar cavabdehin təkidilə ailəlikcə həmin evə köçmüşlər. Anası yaşlı olduğu üçün evin ikinci mərtəbəsinə qalxa bilməmiş, birinci mərtəbədə isə nəfəsi daralmışdır. Bundan sonra cavabdeh elə həmin il yenə də anası və bacısı oğlu Vüsalın gözü qarşısında 4500 ABŞ dolları borc alıb həmin evə birləşik iki otaq və bir dəhlizdən ibarət kürsülü ev tikmiş, anası, o və bacısı oğlu Vüsal yeni tikilmiş iki otaqda yaşamışlar. Vüsal hərbi xidmətdən qayıdana kimi mehribanlıq davam etmişdir. Lakin Vüsal hərbi xidmətdən qayıtdıqdan sonra İlqarın arvadı qardaşının söz verdiyi kimi həyətin 3 sotunu Vüsalın adına keçirdib orada sonuncuya ev tikməyə icazə verməmiş, beləliklə ailədə söz-söhbət yaranmışdır. Qardaşı İlqar ona olan inam, etibardan sui-istifadə edərək əllərində olan pula ev almağa qoymamış, arvadı da İlqarın verdiyi vədə əməl etməyə imkan verməmişdir. Söz-söhbət kəsilməsi üçün isə Vüsalı öz evlərinə qeydiyyata salmışlar. Bundan sonra Vüsal evi tərk etmiş, anası isə xiffətindən xəstə düşmüş, iflic keçirmiş və 8 illik xəstəlikdən əziyyət çəkib vəfat etmişdir. Anasının ölümündən sonra İlqarın arvadı oğlunun evlənmək vaxtı çatdığını, o həmin evdə olduğu müddətcə oğlunu evləndirə bilməyəcəyini, borc verdikləri 7500 ABŞ dollarının əvəzinə İlqarın ona ev alacağını bildirmiş və evdən getməyi tələb etmişdir. O, 1997-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və X17 şəhər MKS-nin 15 nömrəli filialının müdiri vəzifəsində işləyir. İşi ilə əlaqədar 2016-cı ildə Bakı şəhərinə kursa getmiş, kursdan qayıdanda yaşadığı otağın boşaldığını görmüşdür. Səbəbini soruşduqda qardaşı hökumət evindən birotaqlı mənzil aldığını, əşyalarını da oraya daşıdığını, oğlunu evləndirəcəyini bldirmiş, həmin evdə yaşamasını tələb etmişdir. Həmin evi kimin adına sənədləşdirdiyini soruşduqda oğlunun adına olduğunu bildirmişdir. O, qardaşı və onun arvadının etdikləri bu qədər zülm və haqsızlıqlardan bezib evi onun adına sənədləşdirməyincə həmin evə getməyəcəyini və yaşamayacağını deyib evdən çıxmışdır. O, düz 5 ildir ki, qohum-əqraba evində qalır. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh oğlu X14 evin onun adına olduğunu bildirərək həmin birotaqlı evdə olan əşyaları yığmış, atası evinə gətirib tökmüşdür. O, öz evində yaşamaq istəyir. Əşyaları ondan xəbərsiz evdən evə çıxarılarkən yararsız vəziyyətə düşmüş, bir qismi isə ümumiyyətlə ona verilməmişdir. Belə ki, 1 ədəd divan, 1 ədəd televizor, 1 ədəd taxt yataq dəsti, 1 ədəd şifoner, 1 ədəd paltaryuyan maşın, 1 ədəd ətçəkən, 1 ədəd ütü, 1 ədəd “çayni” serviz, 1 ədəd “kofeyni” serviz, 1 ədəd “obedni” serviz, bir çox bahalı xrustal, şüşə qablar, 1 ədəd “duxovka”, 1 ədəd “peçka”, 1 ədəd qaz sobası, 1 ədəd tozsoran, 2 ədəd Gəncə gəbəsi, 2 ədəd stol, 12 ədəd stul və s. sayda verilməmiş əşyaları, eyni zamanda sındırılmış, yararsız vəziyyətə düşülərək gətirilərək atası evinə tökülən əşyalarının toplam dəyəri 10000 manat təşkil edir. Onun cavabdehə verdiyi pula əvəz olaraq sözdə guya onun üçün aldıqları evi də oğullarının adına almışlar. Ata-anasının hərəkətlərindən ilham alan qardaşı oğlu da ondan xəbərsiz bütün əşyalarını yenidən ata evinə sınmış, yararsız vəziyyətdə gətirib tökmüşdür. Onların haqsız və qərəzli hərəkətləri demək ki, ona əvvəlcədən maddi və mənəvi ziyan vurmaq üçün hesablanıbmışdır. Hazırda cavabdeh mənə 7500 ABŞ dollarını qaytarıb versə belə həmin məbləğə ev ala bilməsi mümkün deyil. Halbuki, o, əlində olan pula 2006-cı ildə şəhərin istənilən yerindən ev ala bilərdi. Sındırılmış və qırılmış əşyaları üçün də tələb etdiyi 10000 manat da ev aldıqdan sonra istifadə etmək üçün alacağı əşyalar üçün xərclənəcəyindən o, yenə ev ala bilməyib qohum-əqraba, dost-tanış qapılarında qalmalı olacaqdır. Ev almaq üçün gərək ya bankdan, ya da kimsədən borc alsın ki, bu da ona daha bir maddi ziyan deməkdir. Hazırda onun 60 yaşı var. Bu yaşda bir insan, bir xanım üçün kimsənin minnətini, ədasını götürmədən öz evində rahat yaşamağın yerini heç nə əvəz edə bilməz. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X18 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı Cavabdeh bacısıdır. Əvvəllər tərəflər ünvan 1 ünvanında yerləşən ata evində yaşamışlar. Sonradan, yəni 2002-ci ilin sentyabr ayında Cavabdeh ünvan 2 ünvanında 8 sot torpaq sahəsində yerləşən ikimərtəbəli, altı otaqlı ev almış, onlar ailəlikcə həmin evə köçmüşlər. Evin alınması cavabdehin öz vəsaiti hesabına həyata keçirilmiş, heç kəsdən borc almamışdır. Lakin sonradan iddiaçı ona öz adına başqa ev alınmasını tələb etmiş və evi tərk edib getmişdir. Cavabdeh və ya onun ailə üzvləri tərəfindən iddiaçının onlara məxsus evdə yaşamasına heç bir maneə yaradılmır. Hazırda da iddiaçı istənilən vaxt köçüb onlarla birlikdə yaşaya bilər. İddiaçıya məxsus əşyaların sınması və ya itirilməsinə münasibətdə qeyd edir ki, nə cavabdeh, nə də oğlu tərəfindən iddiaçıya məxsus heç bir əşya götürülməmiş və ya yeri dəyişdirilməmişdir. Odur ki, iddiaçının qeyd etdikləri həqiqəti əks etdirmir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Mülki iş materiallarını araşdırıb, mülki proses tərəflərinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı deyildir. Belə ki, iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, İddiaçı onun iş yoldaşıdır. İddiaçıdan eşitdiyinə görə qardaşı Cavabdeh 7500 ABŞ dolları borc vermiş, lakin sonuncu borcunu qaytarmamışdır. Bundan başqa bu yaxınlarda Cavabdeh oğlunun iddiaçıya məxsus əşyaları yığdığını, iddiaçının atası evinə gətirib tökdüyünü eşitmişdir. İddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X2 digər şahid X1 məhkəmə iclasında verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiklərini eyni ilə təsdiq etmişdir. İddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, İddiaçı onun xalası, Cavabdeh isə onun dayısıdır. Cavabdeh nənəsi və xalası tərəfindən ona ev alınması üçün yığılan puldan 7500 ABŞ dolları borc götürmüş və özünə təzə ev almışdır. O, hazırda həmin evdə qeydiyyatdadır. Lakin sonradan cavabdehin arvadı həyətin 3 sotunu onun adı keçirdib orada ev tikməyə icazə verməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı ev almaq üçün yığdığı 9000 ABŞ dolları puldan müxtəlif vaxtlarda cəmi 7500 ABŞ dollarını cavabdehə borc vermişdir. Cavabdeh həmin pula özünə ev alsa da, sonrada vədinə əməl etməyərək iddiaçının həmin evin yerləşdiyi torpaq sahəsinin bir hissəsində ev tikməsinə icazə verməmişdir. Bundan başqa cavabdeh iddiaçıya məxsus 10000 manat dəyərindəki əşyaları onun xəbəri olmadan evdən çıxarmışdır. Hazırda həmin əşyaların bir qismi sınmış, bir qismi isə yoxa çıxmışdır. İddiaçı 7500 ABŞ dolları borcun və 10000 manatın qaytarılacağı təqdirdə yeni ev ala bilməyəcəyini əsas gətirərək cavabdehdən bu illər ərzində ona vurulmuş zərərə görə 80000 manat təzminat tələb edir. Cavabdehin nümayəndəsi (vəkili) isə cavabdehin heç bir borcunun olmadığını bildirərək iddianı qəbul etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı cavabdehdən 80000 manat məbləğində təzminatın alınaraq ona ödənilməsini xahiş etsə də, Cavabdeh hərəkət və ya hərəkətsizliyi ilə ona hər hansı bir maddi ziyan vurması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, öz tələbini təsdiq edən sübut qismində yalnız şahidlər təqdim etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş şahidlər isə iddiaçıya iddia tələbində göstərilən ziyanın vurulması, həmin ziyanın nədən ibarət olması ilə bağlı dəqiq fikir ifadə edə bilməmiş, “iddiaçıdan eşitdiklərinə görə” ifadə vermişlər. Məhkəmə iddiaçı tərəfindən iddia tələbinin təmin olunması üçün əsas ola biləcək hər hansı bir sübut məhkəməyə təqdim olunmamasını əsas götürərək və iddia tələbinin sübutetmə vəzifəsinin iddiaçının vəzifəsi olduğu barədə mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi ziyana görə təzminat» tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. İddia təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Cavabdeh ona vurduğu maddi ziyana görə 80000 (səksən min) manat məbləğində təzminatın alınaraq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar