Məhkəmə qərarları › İş №2(075)-138/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-138/2021

25.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-138/2021 25.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş mənəvi ziyan olaraq 2500 manatın, faktiki olaraq qəza zamanı dəyən və X9i xidmətinin əməkdaşları tərəfindən təsdiqlənən 1100 manat və itirdiyi 1500 manatın, toplam 5100 (beş min yüz) manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərdi ki, o, 19.09.2020-ci il tarixdə saat 20:00 radələrində özünə məxsus “Mercedes Benz 190” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə öz ailəsi ilə birlikdə Şəki rayonuna qonaq gələrkən Şəkiyə çatmamış yeni tikilən evlərə yaxın havanın qaranlıq vaxtı birdən qarşısına inək (iri buynuzlu) çıxmışdır. Bu zaman o, inəyi vurmamaq üçün avtomobilini yavaşıdaraq sürətini tam azaltmışdır. Lakin bu zaman digər tərəfdən başqa bir inək çıxararaq onun avtomobilinə dəymiş (çırpılmış) və avtomobilinə böyük ziyan vurmuşdur. O və ailəsi avtomobildən düşərək X9 xidmətinə zəng etmiş və qəza ilə bağlı X9 xidmətinə məlumat vermişdir. 10 deqiqə sonra Dövlət yol polisləri gələrək qəzanın olduğu yerə baxmış və müvafiq ölçü işləri aparmışlar. Həmin vaxt inəklərin sahibi cavabdeh X5 da hadisə yerinə gətirilərək onun barəsində protokol tərtib edilərək onu inzibati qaydada cərimələmişlər. Cavabdeh X2 izahat alaraq gecə vaxti inəyi səllim buraxılmasını ona izah etmişlər və cavabeh X5 peşman olduğunu və təqsirkar olduğunu boynuna almışdır. Bundan sonra X9 əməkdaşları ona izah etmişlər ki, səhər saat 10:00 radələrində mal yiyəsini çağıracaqlarını və ərizəsini alıb ona dəymiş ziyanı ödəmək üçün və avtomobilini düzəltdirmək üçün ərizəsini alacaqlarını bildirmişlər. Sabahsı gün o, Şəki ŞRPŞ-nin DYPB-nə getmiş, cavabdeh və onun oğlu da orada olmuşdur. Danışıqlar aparılan zaman cavabdehin oğlu ona 500 manat verə biləcəyini bildirsə də, cavabdeh ona hər hansı məbləğdə pul vetməyəcəyini bildirmişdir. O, öz avtomobilini müəyyən qədər təmir etdirmiş, lakin maddi vəziyyəti yaxşı olmadığından avtomobilin təmirini tam başa çatdıra bilməmişdir. X9 xidmətindən ona dəymiş ziyanla bağlı verilmiş məlumata əsasən ona dəymiş ziyan 1100 (min bir yüz manat) manat təşkil etmişdir. Lakin Yevlax şəhərində yerləşən “xxxx” MMC tərəfindən verilmiş rəydə maddi ziyan 1705 manat məbləğində hesablanmışdır. Göstərmişdir ki, inək avtomobilinə dəyən zaman o və maşında olan ailəsi həyacanlanmış, həmçinin o özü qeyd edilən hadisə ilə bağlı stres keçirmişdir. Bindan başqa cavabdeh vicdanlılıq göstərməyərək ona dəymiş zərəri ödəməmiş onu məhkəmə yollarına salmışdır. Həmçinin avtomobili əzildiyindən bir müddət müəyyən qazancından da məhrum olmuşdur. Hesab edir ki, cavabdehin qeyd edilən laqeyid əməlləri nəticəsində ona 2500 manat mənəvi zərər və əldən çıxmış fayda kimi 1500 manat zərər dəymişdir. Əlavə olaraq göstərmişdir ki, avtomobilinə dəyən zərər X7 aktı əsasında 1100 (min bir yüz manat), Yevlax şəhərində yerləşən “xxxx” MMC tərəfindən verilmiş rəydə 1705 manat, məhkəmə tərəfindən keçirilən qiymətləndirmə zamanı isə 1030 manat məbləğində hesablanmışdır. Qeyd etmişdir ki, o bu ziyanlıq məbləğindən məhkəmə tərəfindən keçirilən qiymətləndirmə üzrə 1030 manat məbləğini qəbul edir. Bütün göstərilənlərə əsasən iddianı müdafiə edir və iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən X5 izahat verərək göstərmişdir ki, iddianı qəbul etmir. Belə ki o, özünə məxsus 19.09.2020-ci il tarixdə 2 baş iribuynuzlu heyvanı Oğuz yolunda olan otlaq sahəsinə buraxmışdır. Həmin gün saat 20:00 radələrində iddiaçı özünə məxsus avtomobil ilə onun inəklərini vurmuşdur. Lakin qəza nəticəsində iddiaçıya iddia tələbində göstərilmiş məbləğdə ziyan dəyə bilməz. Əksinə baş vermiş hadisədə zərərçəkmiş tərəf o özüdür. Çünki baş vermiş qəza nəticəsində ona məxsus inəklər tələf olmuş və onun özünə ziyan dəymişdir. Göstərmişdir ki, hadisə baş verən zaman o da hadisə yerinə dəvət edilmiş və inəklərini səllim buraxdığına görə barəsində protokol tərtib edilmişdir. Ümumiyyətlə iddiaya etiraz edir onu heç bir halda qəbul etmir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materialına əlavə edilmiş 19.09.2020-ci il tarixli, TP-3956076 nömrəli inzibati tənbeh vermə haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, X5 İXM-nin 338.5.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində vərimə edilmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materialına əlavə edilmiş X1 ŞRPŞ-nə vermiş olduğu 19.09.2020-ci il tarixli izahatının təsdiq edilmiş surətindən görünür ki, o, özünə məxsus 19.09.2020-ci il tarixdə 2 baş iribuynuzlu heyvanı Oğuz yolunda olan otlaq sahəsinə buraxdığını, həmin gün saat 20:00 radələrində “Mercedes Benz 190” markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ona məxsus 2 baş inəyi vurduğunu və malları sahibsiz buraxmağın qadağan olduğunu bilməsini etiraf etmişdir. İşdə olan “xxxx” MMC tərəfindən verilmiş verilmiş 23.09.2020-ci il tarixli, 58 nömrəli rəydən görünür ki, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri 1100 manat təşkil edir. İşdə olan “xxxx” MMC tərəfindən verilmiş 30 mart 2021-ci il tarixli rəydən görünür ki, “Mercedes Benz” markalı, E 190 modelli, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 1705 manat təşkil edir. İşdə olan “xxxx” MMC tərəfindən verilmiş 19 aprel 2021-ci il tarixli, ƏEM/A 90- 411/21 nömrəli rəydən görünür ki, “Mercedes Benz E 190” markalı**-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün çəkiləcək xərcin dəyəri 730 manat ehtiyyat hissələri, 300 manat təmir xərci olmaqla, cəmi 1030 manat təşkil edir. Xidmət haqqı 50 manat təşkil edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Konstitusiyanın 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona dəymiş zərərin əvəzi tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin təfsirindən göründüyü kimi, qanunvericilik mülki hüquq məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusunun tərkibini təşkil edən zərərin vurulması, borclunun (zərərvuranın) hüquqa zidd, yəni qeyriqanuni davranışı, borclunun (zərərvuranın) hüquqa zidd davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri olması kimi elementləri ilə şərtləndirmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddia tələbinin mənəvi zərər hissəsinin həlli üçün məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Göründüyü kimi hadisə 19.09.2020-ci il tarixdə baş vermiş, hadisə nəticəsində iddiaçıya 1030 manat maddi zərər dəymişdir. Məhkəmə hesab edir ki, baş vermiş yuxarıda bəhs edilən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mənəvi istirab çəkməsi qaçılmazdır. Bundan başqa iş materialları ilə də müəyyən olunur ki, cavabdeh vurmuş olduğu zərəri qarşılamaq və ya iddiaçı ilə müəyyən razılığa gəlmək əvəzinə iddiaçının polis şöbəsinə və məhkəmələrə getməsinə və ya gəlməsinə səbəb olmuşdur. Beləliklə də hadisə baş verən 19.09.2020-ci il tarixdən bu günədək, yəni 25.05.2021-ci il tarixinədək olan müddətdə iddiaçının mənəvi istirab və zərər çəkməsi labüddür. Məhkəmə iddia tələbinin 2500 manat mənəvi ziyanla bağlı hissəsinə hüquqi qiymət verərək və yuxarıda adı çəkilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarlarında səpgilənən hüquqi mövqeyi nəzərə alaraq onu qeyd edir ki, cavabdehin maddi ziyanla bağlı mülki məsuliyyəti müəyyən edilərək iddiaçıya maddi ziyanın vurulması məhkəmə iclasında öz təsdiqini tapdığından və iddia edilən mənəvi ziyan da maddi ziyanla bilavasitə bağlı olduğundan şəxsə mənəvi ziyanın vurulması da qaçılmazdır. Belə ki, həqiqətən də cavabdehin qeyrihüquqi hərəkəti iddiaçının şüurunda hər hansı sarsıntılara səbəb ola bilər və iddia ərizəsində artıq o hala toxunulması iddiaçının hazırda da hüquqa zidd hərəkətlərdən mənəvi əzab çəkməsinin göstəricisi kimi qiymətləndirilməlidir. Ancaq iddiaçının cavabdehin bu hüquqa ziddi hərəkətləri nəticəsində səhhətində hər hansı dəyişikliyə məruz qalmasını təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə mənəvi ziyanı 250 manat həddində müəyyən etməyi məqsədə müvafiq hesab edir. Bu səbəbdən də məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsinin iddia tələbində göstərilən həddə, yəni 2500 manat məbləğində təmin edilməsini qanuni və ədalətli əsaslı hesab etmir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı 1500 manat itirdiyi yəni, əldə çıxmış fayda kimi məbləğlə bağlı məhkəməyə hər hansı sübutunu təqdim etməmişdir. Halbuki MPM-nin 77-ci maddəsinə əsasən iddianın sübut edilməsi yükü iddiaçının üzərinə düşür. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X2 maddi zərərin əvəzi olaraq 1030 manat və mənəvi zərərin əvəzi olaraq 250 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbinin qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Tələb edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İddia qismən təmin edildiyindən iş üzrə ekspertiza xərci olan 50 manat cavabdeh X2 alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) “xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 223 və 227.1-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X2 maddi zərərin əvəzi olaraq 1030 manat və mənəvi zərərin əvəzi olaraq 250 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə ekspertiza xərci olan 50 manat cavabdeh X2 alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) “xxxx" MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar