Məhkəmə qərarları › İş №2(075)-1472/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1472/2020

20.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1472/2020 20.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin həcminin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödənilməli olan aliment miqdarının artırılaraq hər ay 200 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmişdir. Lakin İddiaçı məhkəməyə xx xxxxxxx 2020ci il tarixdə teleqram göndərərək, üzrlü səbəbdən məhkəmədə iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlardan xx xxxxxx 2016-cı il tarixdə isə X7 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri baş tutmadığından nikahları pozulmuşdur. Cavabdehlə birgə nikahlarından olan X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 90 manat alimentin Cavabdeh tutulub ona verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən alimentin müəyyən edilməsindən ötən müddət ərzində onun himayəsində olan uşaqların tələbatları artmışdır. O isə təkbaşına himayəsində olan uşaqların tələbatlarını ödəyə bilmir. Məhkəmə tərəfindən təyin olunan alimentlə uşaqların çox cüzi bir tələbatlarının ödənilməsi mümkündür. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə ərizə göndərərək heç yerdə işləyə bilmədiyini, işsiz kimi qeydiyyatda olduğunu, əvvəlki nikahdan olan olan iki övladına tək baxdığını, başqa gəlir yeri olmadığını bildirərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx xxxxxx 2016-cı il tarixdə isə X7 adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-203/2018 saylı qətnaməsi ilə xx xxxxxx 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 90 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı həmin aliment məbləği ilə X4 tələbatlarının ödənilməsinin mümkünsüz olması və uşaqların tələbatlarının artmasını ilə əsaslandırmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-203/2018 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə Əhmədova (Hümbətova) Kamalə Əhliman qızının arasında bağlanmış nikahın pozulması, xx xxxxxx 2016-cı il təvəllüdlü X4 anası Əhmədova (Hümbətova) Kamalə Əhliman qızının yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 90 (doxsan) manat alimentin Cavabdeh alınaraq Əhmədova (Hümbətova) Kamalə Əhliman qızına verilməsi qət edilmişdir. İşdə olan Şəki şəhər İHB-nin Orta Zəyzid kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 2016-cı il təvəllüdlü X7 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan Dövlət Məşğulluq Agentliyinin 12 saylı X8 Filialı tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, **********0 nömrəli arayışdan surətindən görünür ki, Cavabdeh xx xxxxx 2020-ci il tarixdən işaxtaran kimi qeydiyyatdadır. Onun adına X2 əmək müqaviləsi qeydə alınmamışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx xxxx 2009cu il təvəllüdlü X6 və xx xxxxxx 2010-cu il təvəllüdlü X5 ataları Cavabdeh, anaları isə X3r. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Belə ki, aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, aliment miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs aliment miqdarının artırılmasını tələb edə bilər. İddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin cavabdehin ailə və ya maddi vəziyyətində müsbətə doğru dəyişiklik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə cavabdehin himayəsində iki azyaşlı övladının olmasını və onlara tək baxmasını nəzərə almalıdır. Lakin məhkəmə xx xxxxxx 2016-cı il təvəllüdlü X1 üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-203/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxx 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Göründüyü kimi Cavabdeh işaxtaran kimi qeydiyyatdadır və onunla bağlanmış aktiv əmək müqaviləsi mövcud deyildir. Həmçinin, birinci həyat yoldaşından da iki övladı var və onlara özü baxır. Cavabdehin heç bir qazancı və əlavə gəlir yeri yoxdur. İddiaçı tərəfindən də cavabdehin əlavə qazancı olması barədə məhkəməyə heç bir sənəd təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 2(075)-203/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxx 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 100 (bir yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar