Məhkəmə qərarları › İş №2(075)-151/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-151/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-151/2021 02.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın alınması” tələbinə dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödədiyi 1008,79 manat məbləğin və əlavə olaraq mənəvi zərərə görə (stress, depresiya və s.) 500 manat təzminatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, 2014-cü ildə tam humanistlik zəminində kənd qardaşı kimi Cavabdeh “xxxx” ASC-dən kredit götürməsi üçün ona zamin durmuşdur. Cavabdeh kreditin bir hissəsini tam nizamlı şəkildə ödədikdən sonra devalivasiya nəticəsində əmələ gələn fərqi və əsas borcun qalan hissəsini heç bir obyektiv səbəb olmadan ödəməkdən imtina etmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, e-2(075)-1913/2018 nömrəli əmrinə əsasən ondan və Cavabdeh qalıq məbləğin tutulması qərara alınmışdır. İcra sənədi onun pensiyasına yönləndirilmişdir. Dəfələrlə Tünzalədən borcunu ödəməsini xahiş etsə də o heç bir ödəniş etməyəcəyini, onun da ödəməməsini məsləhət bilmişdir. Lakin pensiyasından tutmalar tutulmasın deyə 648.23 manat birdəfəlik ödəniş də etmişdir. Həmçinin Şəki rayonu üzrə İcra və Probasiya şöbəsi tərəfindən “xxxx” ASC-nə olan 161.72 manat borc və 198,84 manat 7 faiz icra ödənişi onun təqaüdünə yönəldilmiş və tərəfindən ümumilikdə 1008,79 manat ödənilmişdir. Özü düz bağırsaq xərçəngi xəstəsidir və maddi vəziyyəti ağırdır. Göstərmişdir ki, Cavabdeh qeyri-qanuni hərəkətləri nəticəsində ahil vaxtında dərin narahatlıq, həyacan və stres keçirmiş, banka və məhkəmələrə gedibgəlməli olmuşdur. Bütün bunlar onda mənəvi sarsıntı yaradaraq mənəvi əzab çəkmişdir. Buna görə də cavabdehdən nənəvi ziyan da tələb etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəki rayon Məhkəməsinin e-2(075)-1913/2018 saylı, xx.xx.2018-ci il tarixli əmrindən görünür ki, borclular xx.xx.1972-ci il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, Şəki rayonu, İnçə kəndində yaşayan Cavabdeh və xx.xx.1957-ci il tarixdə Şəki rayonu, İnçə kəndində anadan olmuş, Şəki rayonu, İnçə kəndində yaşayan İddiaçı ümumilikdə 1659.17 ABŞ dolları məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikasının Mərkəzi Bankının borcun icra edildiyi günə Azərbaycan Respublikasının Mərkəzi Bankının borcun icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla müştərək qaydada alınıb “xxxx” ASC-nin xeyrinə verilməsi əmr edilmişdir. İşdə olan xx xxxxx 2015-ci il tarixli “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış MM/52753/50/13 nömrəli kredit sazişinə İddiaçı zamin durmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki Şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, icra və Probasiya Şöbəsinin məktubuna əsasən xx.xx.2020-xx.xx.2020-ci il tarixli İddiaçı pensiyasından tutulan 161.72 manat vəsait xxxxnun hesabına, xx.xx.2020-xx.xx.2020-ci il tarixli pensiyasından tutulan 198.84 manat 7% icra ödənişi Ədliyyə Nazirliyinin xususi hesabına ödənilmişdir. İşdə olan “xxxx” ASC- tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli e-2(075)-1913/2018 saylı icra vərəqəsinə əsasən borclular Cavabdeh və X4 "xxxx” ASC-yə olan borclarını xx.xx.2020-ci il tarixdə tam olaraq ödəmişdirlər (h/h- 3811001MM5275313İ50C). Odur ki, “İcra Haqqında” AR Qanununun 20.1.5-ci maddəsinin tələblərini rəhbər tutaraq iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İşdə olan xx xxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, müştəri X1 borcu üzrə İddiaçı Səfullah qızı tərəfindən 380,75 ABŞ dolları (648,23 manat) “xxxx” ASC-nin Şəki filialına ödənilmişdir. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli e-2(075)-1913/2018 saylı əmri ilə iddiaçı və Cavabdeh 1659.17 ABŞ dolları məbləğində borcu və 20 manat məbləğində dövlət rüsumu məbləğləri alınaraq "xxxx" ASC-nə ödənilməsi əmr edilmişdir. Şəki rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli e-2(075)-1913/2018 saylı icra sənədi üzrə borc məbləğinin 809,95 manat hissəsi və 198,84 manat icra ödənişi iddiaçı tərəfindən ödənilmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməklə iddiaya münasibət bildirməmişdir. İddiaçının izahatını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia qismən təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs ( borclu ) başqa şəxsin ( kreditorun ) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Həmin Məcəllənin 474.3-cü maddəsinə əsasən Zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Göründüyü kimi İddiaçı Cavabdeh “xxxx” ASC qarşısındakı kredit müqaviləsindən irəli gələn öhdəliyinə görə ona zamin durmuş və cavabdehlə birgə məsuliyyət daşımışdır. Cavabdeh bank qarşısındakı öhdəliyini lazımınca yerinə yetirməmiş və bununla bağlı onun banka 809,95 manat borcu və 198,84 manat ödəməli olduğu icra ödənişi qalmışdır. Cavabdeh bank qarşısındakı öhdəlikləri və həmin öhdəliklərdən doğan icra xərcləri iddiaçının pensiyası hesabına ödənilmişdir. İddiaçı kredit borcunun bir qismini ödəsə də, qalan 809,95 manat və 198,84 manat icra ödənişi İddiaçı pensiyasından tutulmuş, bir qismi isə onun şəxsi vəsaiti hesabına ödənilmişdir. İş materialları ilə sübut olundu ki, iddiaçı-zamin tərəfindən 198,84 manat icra ödənişinin ödənilməsinə səbəb Cavabdeh bank qarşısında öhdəliyinin lazımınca yerinə yetirməməsi olmuşdur. Buna görə də məhkəmə 198,84 manat icra ödənişinin cavabdehdən alınaraq iddiaçıya qaytarılmasını ədalətli və qanuni hesab edir. Məhkəmə iddia tələbinin 500 manat mənəvi ziyanla bağlı hissəsinə hüquqi qiymət verərək və yuxarıda adı çəkilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarlarında səpgilənən hüquqi mövqeyi nəzərə alaraq onu qeyd edir ki, cavabdehin maddi ziyanla bağlı mülki məsuliyyəti müəyyən edilərək iddiaçıya maddi ziyanın vurulması məhkəmə iclasında öz təsdiqini tapdığından və iddia edilən mənəvi ziyan da maddi ziyanla bilavasitə bağlı olduğundan şəxsə mənəvi ziyanın vurulması da qaçılmazdır. Belə ki, həqiqətən də cavabdehin qeyrihüquqi hərəkəti iddiaçının şüurunda hər hansı sarsıntılara səbəb ola bilər və iddia ərizəsində artıq o hala toxunulması iddiaçının hazırda da hüquqa zidd hərəkətlərdən mənəvi əzab çəkməsinin göstəricisi kimi qiymətləndirilməlidir. Ancaq iddiaçının cavabdehin bu hüquqa ziddi hərəkətləri nəticəsində səhhətində hər hansı dəyişikliyə məruz qalmasını təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə mənəvi ziyanı 250 manat həddində müəyyən etməyi məqsədə müvafiq hesab edir. Bu səbəbdən də məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsinin iddia tələbində göstərilən həddə, yəni 500 manat məbləğində təmin edilməsini qanuni və ədalətli əsaslı hesab etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1008,79 manat borc və 250 manat məbləğində mənəvi zərər İddiaçı ödənilməli, iddia qalan hissədə isə təmin edilməməlidir. Tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1008,79 manat pul və 250 manat məbləğində mənəvi zərər məbləği alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar