Məhkəmə qərarları › İş №2(075)-1556/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1556/2020

16.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1556/2020 16.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçı xxx qızının, Cavabdeh iştirakları ilə, İddiaçı xxx qızının Cavabdeh qarşı «aliment» tələbinə dairiddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xxx qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2015-ci il təvəllüdlü X3 və xx xxxxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh sabit pul məbləğində hər ay hər uşaq üçün 500 manat olmaqla, cəmi 1000 manat alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xxx qızı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(075)-3721/2018 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, xx xxx 2015-ci il təvəllüdlü X3 və xx xxxxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin tutularaq ona verilməsi, alimentin tutulmasının əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi və Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 2018-ci ilin dekabr ayından etibarən cavabdehin gəlirindən tutulmalar başlamış və aliment öhdəliyi icra olunmuşdur. Belə ki, xx xxxxxx 2018-ci il tarixdə 1680 manat, xx xxxxxx 2019-cu il tarixdə 1877 manat, xx xxxxxx 2019-cu il tarixdə 1877 manat, xx xxxx 2019-cıı il tarixdə 1147 manat, xx xxxxx 2019-cu il tarixdə 2637 manat, xx xxx 2019-cu il tarixdə 2928 manat aliment ödənişi onun “Kapital Bank”ın Şəki filialındakı hesabına köçürülmüşdür. Sonradan cavabdeh alimentdən yayınmaq məqsədilə işdən çıxmışdır. 2019-cu ilin iyul ayından 2020ci ilin mart ayınadək hər ay 300-320 manat civarında alimenti könüllü ödəmişdir. xx xxxx 2020-ci il tarixdə 120 manat, xx xxxxx 2020-ci il tarixdə 200 manat, xx xxxx 2020-ci il tarixdə 100 manat və xx xxxxxx 2020-ci il tarixdə 100 manat ödəniş etmişdir. Cavabdeh Şəki Rayon Məhkəməsinə müraciət edərək aliment məbləğinin yaşayış minimumundan dəfələrlə çox olduğunu bildirərək qətnamənin icra üsulunun dəyişdirilməsi məqsədilə həmin aliment məbləğinin yarısının uşaqların gələcək həyatının təminatlı olması naminə onların adına depozitə yatırılması və bu məbləğ üzərində 18 yaşına çatdıqdan sonra sərəncam vermək hüququnun əldə edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(075)-97/2019 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh qərardaddan şikayət vermiş və Şəki Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 8(107)-36/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(075)-97/2019 saylı qərardadı qüvvədə saxlanmışdır. Həmin qərardadlara nəzər yetirəndə də cavabdehin alimentin çox olmasından narazılıq ifadə etməsi öz təsdiqini tapır. Cavabdeh rəsmi qaydada olmasa da işləyir və kifayət qədər maddi imkanı var. Hətta öz instagram profilində İTCity şirkətinə vakansiya olmasını bildirərək namizədləri işə dəvət etmiş və müraciət edən namizədlərə 1000 manat iş təklif elmişdir. İşçiyə 1000 manat təklif edən şəxsin öz gəlirləri həmin məbləğdən daha çoxdur. Cavabdeh bu cür cəhdləri ilə aliment ödəməkdən yayınır. Odur ki, alimentin sabit pul məbləğində tutulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı xxx qızı iddianı müdafiə etdiyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, xx xxxxxxx 2013-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə iddiaçı xxx qızı ilə ailə qurmuşdur. Onların birgə nikahlarından xx xxx 2015-ci il tarixdə X3 və xx xxxxxx 2017-ci il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmişdir. Nikahları məhkəmə qaydasında pozulmuş, uşaqlar analarının yanında qalmaqla onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin tutularaq Nağıyeva (Mabudova) Gülnarə Elşad qızına verilməsi qət edilmişdir. X7 Universitetində müəllim işləyir və aylıq maaşı 60 manat təşkil edir. Təsadüfi gəlirlər əldə edir. Övladlarının saxlanılmaları üçün aliment ödəməkdən imtina etmir. Lakin iddia tələbində göstərilən miqdarda alimenti ödəmək onun imkanı xaricindədir. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. İşdə olan 2 saylı Bakı ASAN Xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2015-ci il və xx xxxx 2017-ci il tarixli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, xx xxx 2015-ci il təvəllüdlü X3 və xx xxxxxx 2017-ci il təvəllüdlü X2 ataları Cavabdeh, anaları isə Nağıyeva (Mabudova) Gülnarə Elşad qızıdır. Məhkəmə iclasında iddiaçının və cavabdehin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, iddiaçı xxx qızı xx xxxxxxx 2013-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından xx xxx 2015-ci il tarixdə X3 və xx xxxxxx 2017-ci il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmiş, nikahları məhkəmə qaydasında pozulmamışdır. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə qanuni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatı, xxx qızının uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxx 2015ci il təvəllüdlü X3 və xx xxxxxx 2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh iddiaçı xxx qızının xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, xx xxx 2015-ci il təvəllüdlü X3 və xx xxxxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 160 manat olmaqla, cəmi 320 manat aliment Cavabdeh tutulub iddiaçı xxx qızına verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxx 2015-ci il təvəllüdlü X3 və xx xxxxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat aliment Cavabdeh tutularaq xxx qızına verilsin. Alimentin tutulmasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar