Məhkəmə qərarları › İş №2(075)-1690/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1690/2021

18.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1690/2021 18.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçı Zahidi (İsmayılova) Arzu Stakeş qızının, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı Zahidi (İsmayılova) Arzu Stakeş qızının Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31 dekabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödənilməli olan aliment miqdarının artırılaraq hər ay 175 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Zahidi (İsmayılova) Arzu Stakeş qızı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları məhkəmə qaydasında pozulmuş, birgə nikahlarından 31 dekabr 2009-cu il tarixdə doğulmuş X9 onun himayəsində saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 04 avqust 2017-ci il tarixli, 2(075)-2775/2017 saylı qətnaməsi ilə cavabdehdən hər ay 120 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən alimentin müəyyən edilməsindən ötən müddət ərzində himayəsində olan uşağın tələbatları artmışdır. O isə təkbaşına himayəsində olan uşağın tələbatlarını ödəyə bilmir. Məhkəmə tərəfindən təyin olunan alimentlə uşağın çox cüzi bir tələbatının ödənilməsi mümkündür. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı Zahidi (İsmayılova) Arzu Stakeş qızı iddianı müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 göstərdi ki, Cavabdeh onun oğludur. Tərəflərin birgə nikahlarından 31 dekabr 2009-cu il tarixdə Aysu adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 2(075)-2775/2017 saylı, 04 avqust 2017-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 120 manat məbləğində aliment təyin edilmişdir. Cavabdeh yenidən nikaha daxil olmuşdur və bu nikahdan iki övladı var. Hazırda yoldaşı hamilədir və üçüncü uşaqları olacaqdır. Cavabdeh başından əməliyyat olmuşdur. Mütəmadi işə çıxa bilmir. Bundan başqa cavabdeh alimentdən əlavə uşaqla hər görüşdükcə ona 50 manat pul verir, mobil telefon almışdır və s. İddiaçı isə son 2-3 dəfədir ki, cavabdehin uşaqla görüşməyinə imkan vermir. Cavabdeh övladı 31 dekabr 2009-cu il təvəllüdlü X1 üçün aliment ödəməkdən imtina etmir. Lakin maddi vəziyyəti aşağı olduğundan təyin edilmiş alimenti belə ödəməkdə çətinlik çəkir. Bütün bunları nəzərə alaraq məhkəmədən alimentin artırılmamasını xahiş edir. Məhkəmə iclasında iddiaçının və cavabdehin nümayəndəsinin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Zahidi (İsmayılova) Arzu Stakeş qızı ilə Cavabdeh birgə nikahlarından 31 dekabr 2009-cu il tarixdə Aysu adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 2(075)-2775/2017 saylı, 04 avqust 2017-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olan X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 120 manat məbləğində aliment təyin edilmişdir. İddiaçı həmin aliment məbləği ilə X5 tələbatlarının ödənilməsinin mümkünsüz olması və uşaqların tələbatlarının artmasını ilə əsaslandırmışdır. İddiaçı iddianı müdafiə edir. Cavabdehin nümayəndəsi isə alimentin artırılmamasını xahiş edir. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-2775/2017 saylı, 04 avqust 2017-ci il tarixli qətnaməsindən görünür ki, 31 dekabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat alimentin Cavabdeh tutulub Zahidi (İsmayılova) Arzu Stakeş qızına verilməsi qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-2775/2017 saylı, 04 avqust 2017-ci il tarixli qətnaməsindən görünür ki, 31 dekabr 2009-cu il təvəllüdlü X5 atası Cavabdeh, anası isə Zahidi (İsmayılova) Arzu Stakeş qızıdır. Əslinə baxmaqla tədqiq edilərək işə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, 17 sentyabr 2017-ci il təvəllüdlü X10 və 10 fevral 2020-ci il təvəllüdlü X6 ataları Cavabdeh, anası isə X7r. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, Zahidi (İsmayılova) Arzu Stakeş qızının Şəki Rayon Məhkəməsinin 2(075)-2775/2017 saylı, 04 avqust 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 31 dekabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Zahidi (İsmayılova) Arzu Stakeş qızının xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Belə ki, cavabdehin daimi iş yerinin olmaması onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 31 dekabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 2(075)-2775/2017 saylı, 04 avqust 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 31 dekabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat aliment tutularaq Zahidi (İsmayılova) Arzu Stakeş qızına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar