Məhkəmə qərarları › İş №2(075)-1721/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1721/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1721/2021 07.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi, iddiaçı LPO "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 901.19 manat - bundan 407.12 manat əsas, 229.21 manat faiz, 200.78 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 64.08 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO "xxxx" ASC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanılmış 27 oktyabr 2014-cü il tarixli kredit kart müqaviləsinə 19 iyul 2017-ci il tarixində əlavə saziş bağlanmışdır. 19 iyul 2017-ci il tarixli əlavə sazişə əsasən əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi Müqaviləsi” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırlımış faiz və cərimə məbləği ilə birlikdə) 483.31 (dörd yüz səksən üç manat 31 qəpik) manat təşkil edən qalığı kreditə çevrilir. Kreditin müddəti 19 iyul 2018-ci il tarixədək uzadılır və illik 15 % (on beş) təşkil edir. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq cərimələri ödəmək barədə öhdəlik götürsə də o, bu öhdəliyi yerinə yetirməmişdir. 21 iyun 2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 901.19 (doqquz yüz bir manat 19 qəpik) manat təşkil edir. Bundan 407.12 (dörd yüz yeddi manat 12 qəpik) manat əsas, 229.21 (iki yüz iyirmi doqquz manat 21 qəpik) manat faiz, 200.78 (iki yüz manat 78 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 64.08 (altmış dörd manat 08 qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 3.1-ci, 3.4-cü və 3.5-ci bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və y a yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********820 saylı 22 iyun 2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Bu səbəbdən də LPO "xxxx" ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı LPO "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, "xxxx" ASC-nin Gəncə filialı ilə onun arasında bağlanılmış 27 oktyabr 2014-cü il tarixli kredit kart müqaviləsinə 19 iyul 2017-ci il tarixində əlavə saziş bağlanmış, onun kreditor qarşısındakı kredit öhdəliyinin 483.31 manat təşkil edən qalığı kreditə çevrilmiş, kreditin müddəti 19 iyul 2018-ci il tarixədək uzadılaraq illik 15 % təşkil etmişdir. Qeyd etdi ki, onunla bank arasında bağlanmış müqavilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüşdür. Lakin banka dəfələrlə müraciət etsə də, bank əməkdaşları işinə biganə yanaşmışlar. Kompensasiya ödənişinin alınması və qalıq borcun restrukturizasiya edilməsi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının qaynar xəttinə müraciət etmiş, müraciəti rəsmi qeydiyyata alınaraq ona məlumat veriləcəyi bildirilmişdir. Daha sonra ona zəng edilmiş və banka heç bir borcu olmadığı bildirilmişdir. Odur ki, məhkəmədən bütün bunların nəzərə alınmasını, faiz və cərimələrin silinərək ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 19 iyul 2017-ci il tarixli 858581 saylı, 27 oktyabr 2014-cü il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əlavə sazişdən görünür ki, əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadə üzrə Müqavilə” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırlımış faiz və cərimə məbləği ilə birlikdə) 483.31 (dörd yüz səksən üç manat 31 qəpik) manat təşkil edən qalığı kreditə çevrilir. Kreditin müddəti 19 iyul 2018-ci il tarixədək uzadılır və illik 15 % (on beş) təşkil edir. 19 iyul 2017-ci il tarixli ödəniş qrafikindən görünür ki, Cavabdeh götürdüyü krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 12 ay müddətində qaytarmalı olmuşdur. Cavabdeh ünvanlanmış xəbərdarlığın surətindən görünür ki, 03 gün müddətində kredit borcunun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 20 oktyabr 2021-ci il tarixli, 16-05468- 2021 saylı məlumatından görünür ki, icraatınızda olan iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə müraciətinizə Azərbaycan Respublikasının Mərkəzi Bankında (Mərkəzi Bank) baxılmışdır. Bununla bağlı qeyd olunur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli, 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Müraciətinizə cavab olaraq bildirilir ki, məlumat bazalarına əsasən barəsində sorğu edilmiş şəxs - Cavabdeh (FİN: xxxxxxx) ilə ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış 27 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi Fərmanın təsir dairəsinə düşməmişdir. Cavabdehin hazırda ödənilməyən kredit borclarının qalıqları və borc məbləğinin ödənilib- ödənilməməsi hissəsinə gəlincə isə bildirilir ki, “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinə əsasən 2018-ci il aprelin 1-dən məlumat istifadəçilərinə Mərkəzləşdirilmiş kredit reyestrindən məlumatın verilməsi dayandırılmışdır. Həmin Qanunun tələblərinə əsasən kredit tarixçəsinin subyektinə kredit hesabatlarını yalnız kredit büroları təqdim edir. Eyni zamanda məlumat üçün bildirilir ki, hazırda ölkədə fəaliyyət göstərən yeganə kredit bürosu Azərbaycan Kredit Bürosudur (AKB) və Mərkəzləşdirilmiş Kredit Reyestri yalnız Mərkəzi Bank tərəfindən öz fəaliyyətinin həyata keçirilməsi üçün istifadə olunur. Odur ki, qeyd edilənləri nəzərə alaraq müraciətin göstərilən hissədə cavablandırılması məqsədilə AKB-ə müraciət edilməsi məqsədəuyğundur. İddia tələbinin 407.12 manat əsas borcun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin “Səbail” filialı ilə Cavabdeh arasında bağlanmış 27 oktyabr 2014-cü il tarixli, 858581 saylı Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə 19 iyul 2017-ci il tarixli, 1 nömrəli Əlavə sazişə əsasən bank tərəfindən sonuncuya istifadə müddəti 12 ay olan 483.31 manat kredit verilmiş, borcalan Cavabdeh kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 15% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 407.12 manat əsas borcu qalmışdır. Bu səbəbdən həmin borc Cavabdeh tutularaq LPO "xxxx" ASC-yə ödənilməlidir. İddia tələbinin müqavilə müddəti üçün hesablanmış 229.21 manat faiz və kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 64.08 manat faiz borcunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Məhkəmə iclasında Cavabdeh onunla bank arasında bağlanmış müqavilənin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyünü bildirmiş, bununla bağlı məhkəmə tərəfindən qərardad qəbul edilərək Azərbaycan Respublikası Mərkəzi Bankına sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının 20 oktyabr 2021-ci il tarixli, 16-05468-2021 saylı məlumatına əsasən Cavabdeh (FİN: xxxxxxx) ilə ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış müqavilənin Fərmanın təsir dairəsinə düşmədiyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı bank ilə cavabdeh arasında bağlanmış müqavilə Fərmanın təsir dairəsinə düşmədiyindən müqavilə müddəti üçün hesablanmış 229.21 manat faiz və kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 64.08 manat faiz borcu da Cavabdeh tutularaq LPO "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı LPO "xxxx" ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 200.78 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 407.12 manat əsas, 229.21 manat faiz, 10.00 manat cərimə və kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 64.08 manat faiz borcu olmaqla, cəmi 710.41 manat borc tutularaq iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 6.3 manatı iddiaçının özünə aid edilməklə, 23.7 manatı Cavabdeh tutularaq iddiaçı LPO "xxxx" ASCnin xeyrinə ödənilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 407.12 manat əsas, 229.21 manat faiz, 10.00 manat cərimə və kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 64.08 manat faiz borcu olmaqla, cəmi 710.41 manat borc tutularaq LPO "xxxx" ASC-nin xeyrinə ödənilsin. 30 manat dövlət rüsumunun 6.3 manatı iddiaçının özünə aid edilməklə, 23.7 manatı Cavabdeh tutularaq LPO "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar