Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1775/2021 07.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən yaşayış sahəsindən istifadəsinə yaranmış maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı cavabdehin əsl cavabdehlə əvəz edilməsi iddiaçıya təklif edilmiş, lakin iddiaçı cavabdehin əsl cavabdehlə əvəzlənməsinə razılığını bildirməmişdir. Buna görə də məhkəmə işə mahiyyəti üzrə baxılmasını davam etdirmişdir. Məhkəmə iclası zamanı İddiaçı izahat verərək göstərdi ki, o, cavabdehlə 1990-cı ildə faktiki nikah münasibətinə daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 1991-ci ildə oğlu Bəhruz, 1994-cü ildə qızı Nərgiz adlı uşaqları olmuşdur. Daha sonra münasibətləri pozulmuş, Şəki Rayon Məhkəməsinin 31 yanvar 2011-ci il tarixli, 2(075)-45/2021 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Daha sonra cavabdehə məxsus evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 28 noyabr 2021-ci il tarixli, 2(075)-1320/2011 saylı qətnaməsi ilə cavabdehin mülkiyyətində olan evə köçürülməsi qət edilmişdir. 2011-ci ildə həmin evin 1 otağına köçürülmüş və əşyalarını da həmin otağa yığmışdır. Köçürüldükdən sonra 2-3 ay həmin evdə yaşamışdır. Sonra işləmək üçün Rusiya Federasiyasına getmiş və orada bir neçə ay qaldıqdan sonra qayıtmış, bir müddət anasının evində, bir az müddət mübahisə predmeti olan evdə yaşamışdır. Beləliklə də bir neçə dəfə RF-na gedib-gəlmişdir. Əsasən anasının evində yaşamışdır. Sonuncu dəfə həmin evdə 2020-ci ilin may ayında 1 həftə qalmış, ondan sonra həmin evdə qalmamışdır. Bildirdi ki, həmin evə gələndə isə cavabdehin hazırki arvadı ona sözügedən evdə yaşamağa maneəçilik törədir. Belə ki, cavabdehin arvadı ona yalnız onun üçün ayrılmış otaqdan istifadə etməsini bildirir. Digər otaqlardan və mətbəxdən isə istifadə etməsinə maneə olur. Lakin Cavabdeh onun həmin evdə qalmasına hər hansı etiraz bildirməmiş və ona hər hansı maneçilik etmir. Hesab edir ki, cavabdeh ya onun həmin evdən çıxması üçün ona kompensasiya ödəməli, ya da cavabdehin hazırki həyat yoldaşı onun həmin evdə yaşamasına etdiyi maneələri aradan qaldırılmalıdır. Cavabdehin arvadının Cavabdehla əvəz edilməsinə razı deyil. Çünki hesab edir ki, evin böyüyü hazırkı cavabdehdir və o öz arvadına ona edilən maneələri qadağan etməlidir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, o, iddiaçı ilə 1990-cı ildə faktiki nikah münasibətinə daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 1991-ci ildə oğlu Bəhruz, 1994-cü ildə qızı Nərgiz adlı iki uşağı olmuşdur. Daha sonra münasibətləri pozulmuş, Şəki Rayon Məhkəməsinin 31 yanvar 2011-ci il tarixli, 2(075)-45/2021 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Daha sonra iddiaçı evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 28 noyabr 2021-ci il tarixli, 2(075)-1320/2011 saylı qətnaməsi ilə İddiaçı onun mülkiyyətində olan evə köçürülməsi qət edilmişdir. Lakin iddiaçı demək olar ki, ona məxsus evdə yaşamır. Hərdən gələrək həmin evə baş çəkir. Bildirdi ki, onun iddiaçının sözügedən evdə özünə aid otaqda qalmasına etirazı yoxdur. Həyat yoldaşı da iddiaçının həmin evdə yaşamasına maneə yaratmır, lakin həyat yoldaşı iddiaçının onlara aid mətbəxə keçməməsini bildirmişdir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan Şəki Rayon Məhkəməsinin 31 yanvar 2011-ci il tarixli, 2(075)-45/2011 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Şəki rayonunun Orta Zəyzid kənd XDS İcraiyyə Komitəsində bağlanmış 19 avqust 1991-ci il tarixli, 38 nömrəli nikahın pozulması qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 28 noyabr 2011-ci il tarixli, 2(075)-1320/2011 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Cavabdeh mülkiyyətində olan Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 2 otaqlı fərdi evindən və həyətyanı torpaq sahəsindən istifadə hüququnun tanınması və onun həmin evə köçürülməsi qət edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh əvvəllər ərarvad olmuş, lakin sonradan nikahları pozulmuşdur. Həmçinin iddiaçının iddiası əsasında iddiaçı cavabdehə məxsus evə köçürülmüşdür. Həmin evdə iddiaçıya 1 otaq ayrılmış və onun əşyaları həmin evə yığılmışdır. İddiaçı ara-da-bir olsa da cavabdehə məxsus olan evə gedərək orada yaşayır. Lakin iddiaçı əsasən ana evində yaşayır. Məhkəmə iclası zamanı iddiaçı bildirmişdir ki, cavabdeh qeyd edilən evdə yaşamasına və istifadə etməsinə heç bir maneçilik törətmir. Ona maneçilik törədən isə cavabdehin arvadıdır. İddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddiaçıya hər hansı maneçilik törətməməsini əsas gətirərək müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının özünün, həmçinin cavabdehin izahatları ilə müəyyən olundu ki, cavabdeh iddiaçının qeyd edilən evdə yaşaması üçün hər hansı maneçilik yaratmır. Yuxarıda göstərilən əsaslarla məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlı deyildir. Ona görə də İddiaçı cavabdeh tərəfindən Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən yaşayış sahəsindən istifadəsinə yaranmış maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edilmədiyindən İddiaçı iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı onun tərəfindən Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən yaşayış sahəsindən istifadəsinə yaranmış maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1775/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1775/2021
07.09.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver