Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1801/2023 27.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı Cavabdeh qarşı pul və digər tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun əlaltıları barəsində qanuni tədbir görülməsi, ona atdığı şər və böhtanlara görə təzminat ödənilməsi və 12000 manat pulun onun özünə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi rəhbər tutularaq məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi qanunvericilikdə, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müəyyən etdim ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin normalarının tələbləri pozularaq elektron qaydada deyil, poçt vasitəsi ilə Şəki Rayon Məhkəməsinə ünvanlanmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsindən görünür ki, İddiaçı, tələbində Cavabdeh və onun əlaltıları barəsində qanuni tədbir görülməsi, ona atdığı şər və böhtanlara görə təzminat ödənilməsini xahiş etsə də, cavabdehin “əlaltıları” kimi qeyd etdiyi şəxlərin kimlər olduqları barədə məlumatları, həmçinin cavabdehin iddiaçıya atdığı hansı şər və böhtan atdığını, həmin böhtanların nədən ibarət olmasını, təzminatın məbləğini iddia ərizəsində qeyd etməmiş və istinad etdiyi halları əsaslandırmamışdır. Göründüyü kimi iddia ərizəsi elektron qaydada verilməməklə yanaşı iddiaçının tələbi aydın deyildir. Buna görə də, İddiaçı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya göstərilən nöqsanları aradan qaldıraraq yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1, 149, 151, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı pul və digər tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1801/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1801/2023
27.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver