Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2001/2023 28.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi; Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi; İddiaçı QSC BOKT-un nümayəndəsi X5 iştirakı ilə, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Kreditor "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və X1 "xxxx" ASC-nin xeyrinə 6401.82 manat əsas və 715.50 manat faiz borcu olmaqla, cəmi 7117.32 manat borc və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Şəki filialı ilə borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2015-CRL5-111 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 60 ay müddətinə illik 26 faiz dərəcəsi ilə hesablanmaqla 6900 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi üçün Bank Cavabdeh4, Cavabdeh1 və X4 ilə xx.xx.2015-ci il tarixli 2015-CRL5-111 saylı Zaminlik Müqaviləsi bağlamışdır. Zamin, müqavilənin şərtlərinə əsasən corcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə Bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən Cavabdeh2 aldığı kredit vəsaitini hər ay qrafikə uyğun ödəməli idi. Borclu Cavabdeh2 kredit vəsaitindən istifadə etmiş, lakin, kredit borcunun və hesablanmış faizləri ödəməkdən boyun qaçırmışdır. Borclulara kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclular öz öhdəliklərini yerinə yetirmirlər və borcun ödənişini təmin etmirlər. Hal-hazırda borcluların "xxxx" ASC-yə 6401.82 manat əsas, 715.50 manat faiz, cəmi 7117.32 manat məbləğində borcu mövcuddur. Zaminlik Müqaviləsinin 3.3-cü maddəsinə əsasən Borclunun zaminliklə təmin edilmiş öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi barədə Kreditordan bildiriş aldığı zamandan 3 müddətində Zamin Borclunun öhdəliyini icra etməlidir. Ərizəyə 22 dekabr 2016-cı il tarixdə baxılaraq ərizənin təmin olunması barədə 2(075)- 13473/2016 saylı məhkəmə əmri çıxarılmışdır. Cavabdeh2 məhkəmə əmrinə etiraz təqdim etdiyindən 2(075)- 13473/2016 saylı məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(075)-958/2020 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və X3 qarşı «borc» tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(075)-958/2020 saylı qərardadından iddiaçı "xxxx" ASC-nin tələb hüququnu güzəşt etdiyi İddiaçı QSC BOKT-un şikayəti məhkəməyə daxil olmuş, Şəki Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(075)-2001/2023 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(075)-958/2020 saylı ərizənin baxılmamış saxlanılması haqqında qərardadının ləğv edilməsi və işin məhkəmə baxış iclasının 15 sentyabr 2023-cü il tarixə saat 09:40-a Şəki Rayon Məhkəməsinin inzibati binasına təyin edilməsi qərara alınmışdır. Mülki işə məhkəmədə baxılan zaman "xxxx" ASC ərizə təqdim edərək borclular Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və X3 qarşı "xxxx" ASC-nin tələb hüququ 15 noyabr 2017-ci il tarixdə S-FK-SHE-33S saylı aktla İddiaçı QSC BOKT-a güzəşt edildiyindən iddiaçı "xxxx" ASC-nin əsl İddiaçı QSC BOKT-la əvəz edilməsini xahiş etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddiaçı "xxxx" ASC-ni əsl İddiaçı QSC BOKT-la əvəz etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı QSC BOKT-un nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə (azaldılmasına) dair ərizə təqdim edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X1 5767,82 manat əsas borc, 766,35 manat faiz borcu olmaqla, cəmi 6534,17 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı QSC BOKT-un etibarnamə üzrə nümayəndəsi X6 iddianı müdafiə edərək iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə uyğun olaraq təmin edilməsini məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Şəki filialı ilə Cavabdeh2 arasında bağlanmış 27 iyul 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh2 60 ay müddətinə illik 26 %-lə 6900 (altı min doqquz yüz) manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 götürdüyü 6900 manat məbləğdə krediti ona hesablanmış faizləri ilə birlikdə 60 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş 27 iyul 2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh4, Cavabdeh1 və X4 27 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit öhdəliklərinin icrasında Cavabdeh2 ilə birlikdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş 20 dekabr 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 27 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 20 dekabr 2016-cı il tarixə 6401,82 manat əsas borc, 715,50 manat fazi borcu olmaqla, cəmi 7117,32 manat məbləğdə borcu vardır. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən borclulara ünvanlanmış 14 dekabr 2016-cı il tarixli bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən borclular Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və X3 5 iş günü ərzində 7089,59 manat məbləğdə borcu qaytarmaları, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC BOKT-a keçməsi haqqında 21 aprel 2017-ci il tarixli müqavilədən görünür ki, müavilənin şərtlərinə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ İddiaçı QSC BOKT-a keçmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən 27 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh2 60 ay müddətinə illik 26 %-lə 6900 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə verilmiş kreditin təmini üsulu kimi 27 iyul 2015-ci il tarixdə Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və X4 ilə zaminlik müqavilələri bağlanmış və həmin şəxslər bank qarşısında tam öhdəlik üzrə borcalanla birgə məsuliyyət daşıyacaqlarını öhdələrinə götürmüşlər. Lakin Cavabdeh4 16 may 2019cu il tarixdə vəfat etdiyindən, iddiaçı ona münasibətdə iddia tələbini azaltmışdır. Kredit müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2015-ci ildən xx.xx.2020-ci ilədək olmuşdur. Lakin cavabdehlər borcunu müqavilədə nəzərdə tutulan müddətdə qaytarmamış, bununla da müqavilələrin şərtlərini pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış kredit sazişi Cavabdeh2, Cavabdeh1 və X2 zaminliyi ilə təmin edildiyinə görə zaminlər bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyırlar. Bununla belə məlumdur ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Bundan əlavə, Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Ona görə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan iki ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan əsas borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə yaranış borc məbləği Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Lakin məhkəmə hesab edir ki, iddiaçı, xx.xx.2015-ci il tarixli 2015-CRL5-111 nömrəli kredit müqaviləsi üzrə 766.35 manat faiz borcunu cavabdehlərdən tələb etməkdə haqlı deyil. Belə ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən ABŞ dolları ilə götürülmüş kreditlər üzrə müəyyən güzəştlər edilmiş və kredit götürmüş şəxslərlə güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması göstərilmişdir. Belə ki, iddia ərizəsindən və işə əlavə edilmiş borcun vəziyyəti barədə məlumatdan görünür ki, iddia tələbi üzrə əsas borc 5767,82 manat təşkil edir. Əsas borc iddiaçının təqdim etdiyi borcun vəziyyəti barədə məlumatda qeyd edildiyindən, həmin əsas borc restruktrizasiya məbləği olaraq qəbul edilir. Həmin borc məbləği restrukturizasiya edilərək cavabdehlə yeni kredit müqaviləsi bağlanmasa da, həmin məbləğə əlavə faiz və ya cərimə hesablanması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X1 müştərək qaydada 5767,82 manat borc alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X1 müştərək qaydada 5767,82 manat borc və 20 manat dövlət rüsumu alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-2001/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2001/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver