Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2077/2021 29.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçılar İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən və kommunal sahələrindən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1983-cü il tarixdə doğulduğu və bu günkü tarixədək 14.08.2011-ci il tarixdə anadan olmuş X11 ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən cavabdehlərə məxsus yaşayış evinin sahəsindən və kommunal sahələrindən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.1983-cü il tarixdə ünvan 1 ünvanında anadan olmuş və 2006-cı ilədək qeyd edilən ünvanda yaşamışdır. 2006-cı ildə X9 ailə quraraq ünvan 2 ünvanına gəlin köçmüşdür. Lakin həyat yoldaşı fəslə uyğun olaraq Rusiya Federasiyasında işləməyə getdiyindən həm hazırda qeydiyyatda olduğu həm də həyat yoldaşına məxsus evdə yaşamışdır. 14 avqust 2011-ci il tarixdə faktiki nikahlarından ünvan 1 ünvanında X19 qızı anadan olmuşdur. Vüsalla ailə münasibətləri pis olduğu, həmçinin Vüsalın RF-dan gəlmədiyi üçün 2011-ci ildən etibarən körpə qızı ilə birlikdə anasına və mərhum qardaşına məxsus ünvan 1 ünvanında yaşamağa davam etmişdir. Vüsal ailəsi ilə maraqlanmaması səbəbli nikahın pozulması barədə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli, 2(075)-1475/2018 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Bu müddət ərzində o, qeydiyyatda olduğu və doğulub böyüdüyü evdə qızı və ailə üzvləri ilə birlikdə yaşamışdır. Bildirmişdir ki, doğulduğu əmlak həmin zamanlar nənəsinin adına olmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi mərhum qardaşı X5 və anası Cavabdeh1 mülkiyyətində olsa da, qardaşı 22.08.2020-ci il tarixdə rəhmətə gedəndən sonra Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş 16.05.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış”a əsasən ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi 1/4 hissə üzrə mərhum qardaşı oğlu X5, 1/4 hissə üzrə pay anası Cavabdeh1, 1/4 hissəsi üzrə pay mərhum qardaşımın arvadı Cavabdeh2 və 1/4 hisəsi üzrə pay mərhum qardaşı qızı X3 mülkiyyətinə keçmişdir. Ona məxsus əşyalar və digər əmlakı doğulub böyüdüyü və qeydiyyatda olduğu həmin evin otağında hələ mərhum qardaşı sağlığında da olmuşdur. O, qızı ilə birlikdə qeyd-şərtsiz digər cavabdehlərə məxsus yaşayış evində özünə məxsus əşyaları və digər əmlakları olan otaqda onlarla birlikdə yaşamışdır. Cavabdeh2 onlara gəlin gələndə o artıq həmin evdə yaşamışdır. Son zamanlar cavabdeh Aynurla münasibətləri pisləşmişdir. Doğulduğu vaxtdan-yəni 1983-cü ildən həmin evdə yaşamaqla, ailə qurduqdan sonra da həmin evdə yaşamışdır. Onun mübahisəli mənzildən başqa yaşamağa yaşayış sahəsi yoxdur. Hesab edir ki, qeyd-şərtsiz digər cavabdehlərə məxsus yaşayış evindən, habelə ailə üzvü olaraq doğulub boya-başa çatdığı və illərdir ki yaşadığı cavabdehlərə məxsus olan və hazırda cavabdehlərin də yaşadıqları yeganə yaşayış yeri olan mübahisəli mənzildə yaşamaq və istifadə hüququ tanınmalıdır. İddianın təmin olunması barədə qatnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında göstərdi ki, İddiaçı onun övladıdır. Bildirmişdir ki, o xx.xx.1983-cü il tarixdə ünvan 1 ünvanında anadan olmuşdur. Rəvanə 2006-cı ildə ailə qurmuş, lakin demək olar ki, həmişə onlara məxsus evdə yaşamışdır. Onun 14 avqust 2011-ci il tarixdə ünvan 1 ünvanında Pəri adlı 1 uşağı anadan olmuşdur. Rəvanə demək olar ki, 2010-cu ildən daimi olaraq qeyd edilən mübahisəli evdə yaşayır. Rəvanə həyat yoldaşı Vüsalla ailə münasibətləri pis olduğu üçün körpə qızı ilə birlikdə ona və mərhum oğluna məxsus ünvan 1 ünvanında yaşamağa davam etmişdir. Bildirmişdir ki, hazırda mübahisə predmeti olan ev 1/4 hissə pay mərhum oğlu X5, 1/4 hissə üzrə pay ona, 1/4 hissəsi üzrə pay gəlini Cavabdeh2 və 1/4 hisəsi üzrə pay nəvəsi X3 mülkiyyətindədir. Bildirmişdir ki, Rəvanənin və nəvəsi Pərinin orada yaşamasına etirazı yoxdur. İstəyir ki, Rəvanin də uşağı ilə birlikdə həmin evdən istifadə hüququ olsun. İddianın təmin edilməsinə etirazı yoxdur. Cavabdeh2 məhkəmə iclasında göstərdi ki, o, 2016-cı ildə mərhum əri X7 ilə ailə quraraq ünvan 4 ünvanında yerləşən evə gəlin getmişdir. Birgə nigahlarından 1 övladı X8 anadan olmuşdur. Bildirmişdir ki, o gəlin gedəndə Rəvanə və onun övladı Pərini həmin evdə yaşayan görmüşdür. Həyat yoldaşı X7 vəfat edəndən sonra o, həmin evdə yaşaya bilməmişdir. Onun həmin evdə rahat yaşamağına imkan verməmişlər. Bildirmişdir ki, Rəvanə 1 qız övladı X11 ilə birlikdə həmin evdə yaşayır. O, Rəvanin orada yaşamasına etiraz etmir. Lakin istəyir ki, onun da həmin evdə yaşamasına şərait yaradılsın. Məhkəmədən qanunamüvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materialına əlavə edilmiş 5304/1333, nömrəli 137 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki, M.Ə.Rəsulzadə küçəsi, ev 151 A (21-ci rayon Lenin küç, 151) ünvanda yerləşən fərdi yaşayış evi X1 mülkiyyətində olmuşdur. İşdə olan M.Ə.Rəsulzadə küçəsi, ev 151A (21-ci rayon Lenin küç, 151) ünvanda yerləşən fərdi yaşayış evinə dair Texniki Pasportun təsdiq edilmiş surətindən görünür ki, həmin texniki pasport X2 və Daşdəmirova Nuriyənin adına işlənmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materialına əlavə edilmiş ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 12.05.2011-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, M.Ə.Rəsulzadə küçəsi, ev 151 A ünvanda yerləşən fərdi yaşayış evi X4 xüsusi mülkiyyətində olmuşdur. Məhkəmə sorğusu ilə əldə edilərək iş materialına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin daşınmaz əmlakın reyestr nömrəsi **********99-10301 olan 28.01.2021-ci il tarixli çıxarışın təsdiq edilmiş surətində görünür ki, M.Ə.Rəsulzadə küçəsi, ev 151 A ünvanda yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi X5, 3/4 hissəsi X4 xüsusi mülkiyyətində olmuşdur. Məhkəmə sorğusu ilə əldə edilərək iş materialına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin daşınmaz əmlakın reyestr nömrəsi **********99-10301 olan 25.02.2021-ci il tarixli çıxarışın təsdiq edilmiş surətində görünür ki, M.Ə.Rəsulzadə küçəsi, ev 151 A ünvanda yerləşən fərdi yaşayış evinin 3/16 hissəsi Cavabdeh1, 9/16 hissəsi X4, 4/16 hissəsi X5 xüsusi mülkiyyətində olmuşdur. Məhkəmə sorğusu ilə əldə edilərək iş materialına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin daşınmaz əmlakın reyestr nömrəsi **********99-10301 olan 18.03.2021-ci il tarixli çıxarışın təsdiq edilmiş surətində görünür ki, M.Ə.Rəsulzadə küçəsi, ev 151 A ünvanda yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi Cavabdeh1, 1/4 hissəsi X5, 2/4 hissəsi X4 xüsusi mülkiyyətində olmuşdur. Məhkəmə sorğusu ilə əldə edilərək iş materialına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin daşınmaz əmlakın reyestr nömrəsi **********99-10301 olan 16.05.2021-ci il tarixli çıxarışın təsdiq edilmiş surətində görünür ki, M.Ə.Rəsulzadə küçəsi, ev 151 A ünvanda yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi Cavabdeh2, 1/4 hissəsi X5, 1/4 hissəsi Cavabdeh1, 1/4 hissəsi X3 xüsusi mülkiyyətindədir. İşdə olan Şəki qeydiyyat Şöbəsinin 1103 nömrəli doğum akt qeydindən çıxarışdan görünür ki, X6 atası X10, anası isə İddiaçıdır. İşdə olan AZ-İ 310113 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 ilə İddiaçı arasındakı nikah pozulmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbayan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 28 iyul 2001-ci il tarixdə dərc edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-bülluğa çatmamış uşaqlarını köçürmək hüququna malikdirlər. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla birlikdə ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi iddiaçı evin mülkiyyətçiləri ilə birlikdə yaşayıb onunla birlikdə ümumi təsərrüfatı idarə etmiş, buna görə də iddiaçı evin ailə üzvü hesab edilməlidir. Tərəflər arasındakı hüquq münasibətləri 01 sentyabr 2000-ci il tarixindən əvvəl yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Məhkəmə iclasında tərəflərin izahatları və iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçı xx.xx.1983-cü il tarixdə ünvan 1 ünvanında anadan olmuş və 2006-cı ilədək qeyd edilən ünvanda daimi yaşamışdır. 2006-cı ildə X9 ailə quraraq ünvan 2 ünvanına gəlin köçmüş, lakin həyat yoldaşı fəslə uyğun olaraq Rusiya Federasiyasında işləməyə getdiyindən həm hazırda qeydiyyatda olduğu həm də həyat yoldaşına məxsus evdə yaşamışdır. 2011-ci ildə onun ünvan 1 ünvanında X11 anadan olmuşdur. Vüsalla ailə münasibətləri pis olduğu, həmçinin Vüsalın RF-dan gəlmədiyi üçün 2011-ci ildən etibarən körpə qızı ilə birlikdə anasına və mərhum qardaşına məxsus ünvan 1 ünvanında yaşamağa davam etmiş. Hazırda da həmin ünvanda yaşayır. İddiaçı qeyd-şərtsiz digər cavabdehlərə məxsus yaşayış evindən, habelə ailə üzvü olaraq doğulub boya-başa çatdığı və illərdir ki, yaşadığı cavabdehlərə məxsus olan və hazırda cavabdehlərin də yaşadıqları yeganə yaşayış yeri olan mübahisəli mənzildə yaşamaq və istifadə hüququ tanınmasını əsas gətirərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iddiaçının mübahisəli evdə yaşamasına etirazlarının olmadığını bildirmişlər. Göründüyü kimi iddiaçı mübahisə predmeti olan evdə doğulmuş, həmin evdə böyüyüb boya-başa çatmışdır. İddiaçı həmin evdə yaşayan zaman qeyd edilən ev onun nənəsi X1 mülkiyyətində olmuşdur. İddiaçı sonradan həmin evdə yaşayan zaman mülkiyyətçilər tərəfindən ona başqa qeyd-şərt göstərməmiş, evin mülkiyyətçiləri ilə birlikdə yaşayıb onlarla birlikdə ümumi təsərrüfatı idarə etmiş və onun həmin evdə yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ yaranmışdır. Göstərilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı istifadə hüquqları tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbayan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1 və 146.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyat tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsızdır. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Tələb edilməməsi nəzərə alınaraq iddiaçıların dövlət büdcəsinə ödədikləri rüsum onların özlərinə aid edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 223 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı xx.xx.1983-cü il tarixdə doğulduğu və bu günkü tarixədək 14.08.2011-ci il tarixdə anadan olmuş övladı X11 ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evindən (yaşayış və kommunal sahələrdən) istifadə hüquququ tanınsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-2077/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2077/2021
29.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver