Məhkəmə qərarları › İş №2(075)-2574/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-2574/2022

09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-2574/2022 09.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Şəki rayon 1 saylı Notariat Konturunun notariusu F.S.Məmmədova qarşı “pul” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki şəhər Notariusu F.S.Məmmədovdan 700 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin məcəllənin 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçı cavabdeh Şəki rayon 1 saylı Notariat Konturunun notariusu F.S.Məmmədova qarşı “pul” tələbinə dair iddia ərizəsini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yox, kağız daşıyıcı vasitəsilə məhkəməyə göndərmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Şəki Rayon Məhkəməsi respublikada “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdən biridir. Buna görə də ərizə məhkəməyə kağız daşıyıcı formasında deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə MPM-nin yeni redaksiyada olan müvafiq tələblərinə riayət edilməklə verilməlidir. Bundan başqa iddia ərizəsini və ona əlavə edilmiş sənədləri təhlil edərkən aydın olur ki, X1 iddiaçının atası olması barədə hər hansı sübutu iddia ərizəsinə əlavə etməmişdir. Yəni, iddiaçı X1 vərəsəsi olması barədə sübutu məhkəməyə təqdim etməlidir. Həmçinin iddiaçı tələbini Şəki rayon 1 saylı Notariat Konturunun notariusu F.S.Məmmədova qarşı yönəltmişdir. Lakin F.S.Məmmədovanın kim olması, onun hası ünvanda qeydiyyatda olması qeyd edilməmiş və həmin şəxs məhkəmə üçün müəyyən deyil. İddiaçı F.S.Məmmədovanın qeydiyyatda olduğu ünvana dair MAPS arayışı alaraq iddia ərizəsinə əlavə etməli, iddia ərizəsini F.S.Məmmədovanın qeydiyyat ünvanı üzrə müvafiq məhkəməyə ünvanlamalı, əgər həmin şəxs vəfat etmişdirsə onun mirasını qəbul etmiş şəxsi müəyyən etməklə həmin şəxsə qarşı iddia qaldırmalıdır. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə dəqiq və aydın göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələb başa düşülür. İddia tələbinin əsaslandırıldığı hallar isə iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar və hüquq normalarıdır. Buna görə də iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, İddiaçı göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 35, 149, 151, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdeh Şəki rayon 1 saylı Notariat Konturunun notariusu F.S.Məmmədova qarşı “pul” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar