Məhkəmə qərarları › İş №2(075)-274/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-274/2022

10.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-274/2022 10.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «OBA MARKET” MMCnin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh 2591.97 manat borcun və ilkin mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində haqqın tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı MMC məhkəməyə 10 fevral 2022-ci il tarixdə teleqram göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21.01.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcıkassir vəzifəsinə işə qəbul olunmuşdur. 20.06.2019-cu il tarixdə əmək müqaviləsinə edilən əlavə ilə baş satıcı vəzifəsinə keçirilmişdir. 07.01.2020-ci il tarixdə əmək müqaviləsinə edilən əlavə ilə administrator vəzifəsinə keçirilmiş və iddiaçı təşkilatla cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. 21.08.2020-ci il tarixdə isə Cavabdeh öz ərizəsi əsasında tutduğu vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 02.04.2020-ci il və 21.07.2020-ci il tarixlərdə cavabdehin çalışdığı və məsul olduğu “Oba - Xətai 3” mağazasında aparılmış inventarizasiya yoxlamaları nəticəsində müvafiq malların çatışmadığı aşkar olunmuşdur. Bununla əlaqədar tərtib edilmiş eyni tarixli “İnventarizasiya nəticələrinə dair” akta əsasən ümumilikdə 4255.97 manat məbləğində malın çatışmadığı məlum olmuşdur. Yekun olaraq Cavabdeh İddiaçı MMC-yə ümumi qalıq borc məbləği 2591.97 manat təşkil edir. Uzun müddət keçməsinə baxmayaraq sözügedən borc öhdəliyi cavabdeh tərəfindən icra edilməmişdir. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı «OBA MARKET” MMC ilə Cavabdeh arasında bağlanmış 21.01.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, 20.06.2019-cu il tarixdə əmək müqaviləsinə edilən əlavə ilə baş satıcı vəzifəsinə keçirilmişdir. Bundan sonra, yəni 07.01.2020-ci il tarixli əmək müqaviləsinə əlavə ilə administrator vəzifəsinə keçirilmiş, eyni zamanda iddiaçı təşkilatla cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. 21.08.2020-ci il tarixdə Cavabdeh öz ərizəsi əsasında vəzifəsindən azad edilmişdir. Cavabdeh iddiaçı «OBA MARKET” MMC-də işlədiyi müddətdə cavabdehin çalışdığı və məsul olduğu “Oba-Xətai 3” mağazasında 02.04.2020-ci il və 21.07.2020-ci il tarixli inventarizasiya yoxlamaları aparılmışdır. Həmin yoxlamalarının nəticəsi üzrə Cavabdeh ona təhkim edilmiş maddi qiymətlilərlə bağlı 4255.97 manat çatışmazlığının yarandığının müəyyən edildiyini, həmin məbləğdən 1664 manatın güzəşt edildiyini, yekun olaraq Cavabdeh İddiaçı MMC-yə ümumi qalıq borc məbləğinin 2591.97 manat qaldığını göstərən iddiaçı təşkilat hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iddia ərizəsinə əlavə etdiyi sənədlərə istinad edir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməməklə iddiaya münasibət bildirməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 21.01.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh həmin tarixdə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsi əmək müqaviləsi ilə «OBA MARKET” MMCyə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. 20.06.2019-cu il tarixli, 258-K saylı əmrdən çıxarışdan və əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh həmin tarixdə «OBA MARKET” MMC-yə baş satıcı vəzifəsinə keçirilmişdir. 07.01.2020-ci il tarixli, 003-K saylı əmrdən çıxarışdan və əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh həmin tarixdə «OBA MARKET” MMC-yə administrator vəzifəsinə keçirilmişdir. «OBA MARKET” MMC ilə Cavabdeh arasında imzalanmış 07.01.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh «OBA MARKET” MMCdən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam maddi məsuliyyəti ilə üzərinə götürür. Eyni zamanda ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı, ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. 21.08.2020-ci il tarixli, 501-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh həmin tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 02.04.2020-ci il tarixli inventarizasiya yoxlamasına dair İddiaçı MMC tərəfindən tərtib edilmiş və Cavabdeh tərəfindən imzalanmaqdan imtina edilmiş aktdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə 2470.28 manat çatışmazlığının olması müəyyən edilmişdir. 21.07.2020-ci il tarixli inventarizasiya yoxlamasına dair İddiaçı MMC tərəfindən tərtib edilmiş və və Cavabdeh tərəfindən də imzalanmış aktdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə 1785.69 manat çatışmazlığının olması müəyyən edilmişdir. Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 04 noyabr 2021-ci il tarixli, 2021-005535 nömrəli ilkin müdiasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiyasında iştirak etmiş, mediasiya xərci olan 50 manat tərəfindən ödənilmişdir. Tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması (vaxtında icra edilməməsi, mallrda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu madəsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyalarının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Göründüyü kimi Cavabdeh «OBA MARKET” MMC tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməsi, ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalması, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmaması, ziyankarlığa qarşı mübarizə aparması, ona etibar edilmiş maddi sərvətərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparması üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh İddiaçı MMC tərəfindən ona etibar edilmiş maddi sərvətlərdən mal çatışmazlığının olması 02.04.2020-ci il və 21.07.2020-ci il tarixli inventarizasiya yoxlamasına dair tərtib edilmiş aktlar da təsdiq edilmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməməklə və iddia ərizəsinə etiraz göndərməməklə həmin aktları və məbləğləri mübahisələndirməmişdir. Həmin aktlar üzrə Cavabdeh İddiaçı MMC qarşısındakı mal çatışmazlığının 4255.97 manat olmasına baxmayaraq iddiaçı təşkilat tərəfindən ümumi dövriyyəni nəzərə alınaraq cavabdehə 1664 manat güzəşt tətbiq olunmuş və həmin inventarizasiyanın nəticəsi üzrə cavabdehin iddiaçı təşkilata qalıq borc məbləğinin isə 2591.97 manat təşkil etməsi müəyyən edilmişdir. Odur ki, iddiaçı həmin məbləğin cavabdehdən alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. İddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilməli dövlət rüsumu 45.92 manat təşkil etmiş, lakin iddiaçı mediasiya prosesində iştirak edərək 50 manat rüsum ödədiyindən dövlət rüsumunu ödəməkdən azad olunmuşdur. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 115-ci maddəsində isə işə baxılması ilə əlaqədar məhkəmə məsrəflərinə daxil olan hallar dəqiq olaraq göstərilmişdir. Lakin həmin maddədə mediasiya prosesinə çəkilən xərclər məhkəmə xərclərinə aid edilməmişdir. Buna görə də iddiaçı tərəfindən ödənilən 50 manat xərc məhkəmə deyil, mediasiya xərcləri olduğundan həmin xərclər iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 2591.97 manat ziyan məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2591.97 manat ziyan məbləği İddiaçı MMC-nin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar