Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-285/2021 02.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üzük-tənə dəsti (dairəvi formalı) -738 manat manat dəyərində, üzük - 656 manat dəyərində, üzük – 369 manat dəyərində, üzük - 435 manat dəyərində, tənə (tək qaş, uşaq üçün) 328 manat dəyərində, tənə (tək qaş, uşaq üçün) - 358 manat dəyərində olmaqla cəmi: 2884 manat dəyərində olan əmlaklarının (qızıl-zinət əşyalarının) olmadıqda həmin əşyaların dəyəri olan 2884 manat məbləğində ona dəymiş ziyanın, əmlakın (əşyların) qiymətləndirilməsi üçün ödənilmiş 50 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdeh X2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərdi ki, ona 300 manat pul lazım olduğu üçün təxminən 2016-cı ildə Gülmayə adlı Şəki rayon sakininə ona borc pul tapması üçün müraciət etmişdir. Həmin vaxt Gülmayənin yanında Umudvar adlı şəxs də olmuşdur. Umudvar adlı şəxs öz istifadəsində olan mobil telefon ilə cavabdeh X4 zəng edərək Gülmayə və onun olduğu yerə gəlməsini bildirmişdir. Cavabdeh X1 rayon Təpəcənnət kənd sakinidir. Onun faizə pul verdiyini Gülmayə və Umudvar ona bildirmişlər. Həmin zaman Qadir şəhərdə olduğundan dərhal onların yanına gəlmişdir. Qadir ondan nə qədər pul lazım olduğunu soruşmuşdur. Həmin vaxt Gülmayə ilə Umudvar artıq orda olmamışlar. O da Qadirə 300 manat pul lazım olduğunu bildirmişdir. Buna görə də pulu götürmək üçün Qadirə əlində olan qızılları verərək əvəzində pul götürmək istədiyini bildirmişdir. Cavabdehlə danışıqları zamanı belə sövdələşmişlər ki, pulu qaytaracağı zaman qızılları da geri götürəcəkdir. Qadir onun verdiyi qızılları alaraq onun icazəsi ilə həmin qızılları Qadir öz adına lombarda girova qoymuşdur. Bundan sonra Qadir ona məlum olmayan məbləğdə lombarddan pul götürərək ona cəmi 110 manat pul vermişdir. Pulun qalan hissəsini cavabdehdən istəsə də cavabdeh, pulu ona verməmişdir. Qalıq pulu nə üçün ona geri vermədiyini soruşduqda cavabdeh ona demişdir ki, iki günə kimi pulu ona qaytaracaqdır. Lakin həmin vaxtdan bu günə qədər cavabdeh ona nə qızıllarını, nə də qızıllarının dəyəri olan 2884 manat pulu qaytarmamışdır. Öz əmlakını, qızıl-zinət əşylarını geri qaytarması ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh X5 izahat verərək göstərmişdir ki, iddiaçını əvvəllər tanımamışdır. Göstərmişdir ki, təxminən 2016-cı ildə Şəki şəhərində olarkən əvvəllər Cəfərabad kəndinin icra nümayəndəsi işləmiş Umudvar adlı şəxs ona zəng edərək onu Şəki şəhərində “9 Mərtəbə”-nin yanındakı “AccessBank”ın qarşısına çağırmışdır. O da həmin yerə gəlmişdir. Oraya çatanda Umudvar kişi Baharı ona göstərərək bu qadına təcili pul lazımdır demişdir. Həmçinin demişdir ki, ona zamin dursun. O da razılaşmışdır. Belə olub Baharın şəxsiyyət vəsiqəsini götürüb birlikdə “AccessBank”-ka girmişlər. Müvafiq əməliyyatın aparılması ilə əlaqədar Baharın şəxsiyyət vəsiqəsini bankın işçisinə vermişdir. Bank işçisi kompyüterə baxdıqdan sonra demişdir ki, bu qadının banklarda çoxlu kreditləri vardır. Ona görə də o problemli müştəri hesab olunur. Bu səbəbdən də ona kredit verə bilməyəcəklər. lakin bayıra çıxdıqdan sonra Bahar ondan əl çəkməmişdir. Bildirmişdir ki, ona təcili 300 manat pul lazımdır. Bu zaman bahara demişdir ki, əgər qızılların varsa lombarda qızıl əşyalarını qoyub pul götürmək olar. Bu zaman Bahar üzərində qızıl əşyaları olduğunu demişdir. Bahara kömək məqsədilə onu Şəki şəhərində çayın kənarında yerləşən “Vidadi Qeysər oğlunun” lombardına aparmış və Vidadidən Bahara pul verməsini xahiş etmişdir. Vidadi Baharı görən kimi ona demişdir ki, bu qadın çox problemli adamdır, ona girov qarşılığında pul vermək istəmir. Lakin Bahar yenə ondan əl çəkməmişdir. Bu zaman Vidadiyə demişdir ki, onda qızılları Bahardan alıb oz adından lombarda girov qoymaq istəyir. Bu zaman Vidadi razılaşmışdır. Bundan sonra Bahardan 2 ədəd xırda qızıllar alıb öz adından lombarda qoymuşdur. Vidadi qızılları ondan alıb Baharın yanında tərəzidə çəkmişdir. Həmin qızıllar təxminən 300 manat pul etmişdir. Həmin pulları alıb elə oradaca Bahara vermişdir. O, 1 ay müddətində lombardı bağlayacağını bildirmişdir. Bahar da öz növbəsində həmin puldan ona 10 manat pul vermişdir. Bir müddət keçdikdən sonra Vidadi ona zəng edərək Baharın heç bir ödəniş etməməsini bildirmiş və qızılları satacağını demişdir. Bu hadisə bir neçə dəfə təkrarlanmışdır. Hər dəfə də bu barədə Bahara demişdir. Bahar isə maddi imkanının olmamasını bildirmişdir. Həmçinin Baharı axtarmağa başlamış, lakin tapa bilməmişdir. Sonradan eşitmişdir ki, Baharın qızılları satılıb. İddianı qəbul etmir. Çünki pulların hamısını alıb Bahara vermişdir. İşdə olan X3 xx.xx.2020-ci il tarixdə Şəki ŞRPŞ-nə verdiyi izahatın təsdiq edilmiş surətindən görünür ki, X5 qızıllara görə lombardan 300 manat pul aldığını bildirmiş və həmin pulları İddiaçı verməsini göstərmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işin araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 738 manat manat dəyərində üzüktənə dəstini (dairəvi formalı), 656 manat dəyərində üzüyün, 369 manat dəyərində üzüyün, 435 manat dəyərində üzüyün, 328 manat dəyərində tənənin (tək qaş, uşaq üçün), 358 manat dəyərində tənənin (tək qaş, uşaq üçün) cavabdeh X4 verilməsi ilə bağlı hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının lombardda girov qoyması üçün cavabdehə verməsinə də şübhə ilə yanaşır. Çünki iddiaçı iddia ərizəsində və məhkəmə iclasındakı izahatında bildirmişdir ki, ona 300 manat pul lazım olduğu üçün cavabdehə müraciət etmişdir. İddiaçı həmçinin məhkəmə iclasında 2884 manat məbləğində qızıl zinət əşyaları müqabilində nəyə görə cavabdehdən 300 manat pul istəməsi ilə bağlı suallara da məntiqi cavab verə bilməmişdir. Bir sözlə iddiaçı cavabdehə hər hansı qızıl əşyasının verməsini hər hansı sübutla əsaslandırmamışdır. Lakin cavabdeh Q.Abdıyev məhkəmə iclasında bildirmişdir ki, iddiaçıdan 2 dənə xırda qızıllar alıb öz adından lombardda girov qoyduğunu demişdir. Həmin qızıllar Baharın yanında tərəzidə çəkilmiş və pulla dəyəri təxminən 300 manat etmişdir. O da həmin pulları alıb elə oradaca Bahara vermişdir. Göründüyü kimi cavabdeh etiraf etmişdir ki, iddiaçının qızıllarını lombardda öz adına girov qoyaraq 300 manat pul almış və həmin pulu iddiaçıya vermişdir. İddiaçı isə cavabdehin qızıla görə aldığı puldan ona yalnız 110 manat pul verdiyini bildirmişdir. Cavabdeh isə yerdə qalan 190 mantın iddiaçıya verilməsi ilə bağlı hər hansı sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Buna gödə də məhkəmə 190 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, tərəflər arasındakı münasibətə əsassız varlanmanın müddəaları tətbiq edilməlidir. Belə ki, cavabdeh X5 190 manat məbləğində pul vəsaitini bu cür varlanmaya haqq qazandıran qanuni və müqavilə əsası olmadan əldə etməklə varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1093.2-ci maddəsinə əsasən əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, həmçinin əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh X2 190 manat pul alınaraq İddiaçı verilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Əmlakların qiymətləndirilməsi üçün ödənilmiş 50 manatın 45 manatı iddiaçının özünə aid edilməli, 5 manatı isə cavabdehdən tutularaq iddiaçıya verilməli, ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatı iddiaçının özünə aid edilməli, 5 manatı isə cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. X2 190 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Əmlakların qiymətləndirilməsi üçün ödənilmiş 50 manatın 45 manatı iddiaçının özünə aid edilsin, 5 manatı isə cavabdehdən tutularaq iddiaçıya verilsin, ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatı iddiaçının özünə aid edilsin, 5 manatı isə cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-285/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-285/2021
02.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver