Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-352/2021 18.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qardaşı oğludur və onlar ünvan 1 ünvanda yaşayırlar. O, əvvəllər uzun müddət Rusiya Federasiyasında yaşamış və güc orqanlarında xidmət etmişdir. Ehtiyatda olan polis zabiti (mayor) olaraq 2014-cü ildə Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmışdır. Həmin ildən bugünədək qardaşı oğlu və onun anası Zəkəryəyeva (Məsimova) Aynur Əşrəf qızı ona ata yurdunda dinc yaşamağa imkan vermir, müxtəlif üsullarla onun dinc-sakit yaşayışına maneələr yaradırlar. Belə ki, onlar dəfələrlə Daxili İşlər Nazirliyinin 102 xidmətinə telefon zəngi edərək barəsində yalan, şər və böhtan xarakterli məlumatlar vermişlər. Cavabdehin DİN-nin 102 xidmətinə zəngi əsasında Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən ünvana gəlinmiş, həmçinin şahidlər dindirilmiş və onun günahsız olmağı, cavabdehin əsassız şikayəti, yəni yalan ifadə verdiyi sübuta yetirilmişdir. Dəfələrlə yaşadığı evə girdikdə cavabdeh onun görüb təhqirlər etməyə başlamış, həyətdəki iş sexinə onun icazəsi və razılığı olmadan daxil olmuş və onun sexdə olmamasından istifadə edərək ona məxsus dülgər alətlərini istifadəyə yararsız hala salmışdır. O, iş sexinə gəldikdə oraya qoyduğu alətlərin bir neçəsinin istifadəyə yarasız hala salınmasını görmüşdür. Beləliklə, ona 2000 (iki min) manata yaxın maddi və 1000 (min) manata yaxın mənəvi zərər dəymişdir. Zəkəryəyəva (Məsimova) Aynur Əşrəf qızını cavabdeh qismində qeyd etməməyinin səbəbi onun qardaşının həyat yoldaşı olması ilə yanaşı, həmçinin də el qınağına çevrilmək istəməməsidir. O, cavabdehin və onun anasının əlindən yaşadığı mənzildə heç bir hərəkət edə bilmir. İstifadəsində olan mobil telefonla tanışları ilə telefon əlaqəsi saxlayarkən cavabdeh onun danışıqlarını kənardan izləyir, həmçinin, iş sexinə girərək dülgər avadanlıqlarını istifadəyə yararsız hala salır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı onun əmisidir. İddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, iddiaçıya məxsus heç bir əşyanı yararsız hala salmamış, onun heç bir danışığına qulaq asmamışdır. Əksinə, iddiaçı onların danışıqlarına qulaq asır. Hətta iddiaçı bir dəfə onun üzərinə dəmir parçası atmış, bununla bağlı polis şöbəsində araşdırma aparılmışdır. Hazırda iddiaçı onlara evlərində sərbəst yaşamalarına imkan vermir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İşdə olan HK-1/1604 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ünvan 3 ünvanında yaşayan Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək əmisi İddiaçı tərəfindən döyülməsi barədə məlumat vermişdir. Bundan başqa Cavabdeh Şəki ŞRPŞ-nə ərizə ilə müraciət edərək xx xxxxxx 2020-ci il tarixdə əmisi Seymurun onun sol qol nahiyəsinə dəmir parçasıyla vurmasını bildirmişdir. Həmçinin, İddiaçı xx xxxxxx 2020-ci il tarixdə Şəki ŞRPŞ-nə ərizə ilə müraciət edərək qardaşı oğlu Cavabdeh onun üstünə şər-böhtan ataraq təhqir etməsi barədə məlumat vermişdir. Material üzrə izahatı alınmış Cavabdeh bildirmişdir ki, anası və atası 2003-cü il tarixdə rəsmi olaraq boşanan zaman məhkəmə tərəfindən atasının yaşadığı ünvanda onlara yaşamaq hüququ verilmişdir. Həmin ünvanın birinci mərtəbəsində atası, əmisi Seymur və nənəsi, ikinci mərtəbəsində isə o, anası və bacısı birlikdə yaşayırlar. xx xxxxxx 2020-ci il tarixdə əmisi İddiaçı mobil telefonla danışan zaman onun pəncərədən baxdığını görüb ona içəri keçməyini bildirmişdir. Həmin gün o, nənəsigilə gedib onlarda qalmışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 16 radələrində evə geri qayıdan zaman əmisi evdən çıxıb həyətdə üstünə gələrək niyə onun telefon danışığına qulaq asdığını soruşub əlindəki dəmir parçası ilə sol qol nahiyəsinə bir dəfə vurmuşdur. O, geri çəkilib ikinci mərtəbəyə qalxmışdır. Daha sonra bu barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Material üzrə izahatı alınmış İddiaçı bildirmişdir ki, qardaşı Sahib 2003-cü il tarixdə həyat yoldaşı Aynurla rəsmi olaraq boşanan zaman məhkəmə tərəfindən qardaşının yaşadığı ünvanda onlara yaşamaq hüququ verilmişdir. Həmin ünvanın birinci mərtəbəsində o, qardaşı və anası, ikinci mərtəbəsində isə İbrahim tək yaşayır. xx xxxxxx 2020-ci il tarixdə yaşadığım ünvanda mobil telefonla danışan zaman qardaşı oğlu İbrahimin onun telefon danışığına qulaq asdığını görüb həyətə çıxmışdır. Həyətdə telefonla danışan zaman İbrahimin yenidən ona qulaq asdığını görüb öz iradını bildirmişdir. Həmin gün İbrahim nənəsigilə gedib onlarda qalmışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 16 radələrində İbrahim evə geri qayıdan zaman həyətdə iş görmüşdür. O, İbrahimə bir də telefon danışıqlarına qulaq asmamağını bildirən zaman İbrahim qəfildən səs-küy salıb onu döymək istəməyini iddia etməyə başlamışdır. Bu zaman o, həyətdən çölə çıxıb küçədə postda dayanan polis əməkdaşlarına bu barədə məlumat vermişdir. Bundan sonra Cavabdeh 102 xidmətinə zəng edərək guya onu döyməyini bildirmişdir. O, Cavabdeh döyməmiş, ona ümumiyyətlə hər hansı bir fiziki təması olmamışdır. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizanın 537 saylı, xx xxxxxx 2021-ci il tarixli ekspert rəyindən aydın olur ki, 1998-ci il təvəllüdlü Cavabdeh məhkəmə-tibbi ekspertiza müayinəsi zamanı bədən səthi üzərində gözlə görünən xəsarət və onun izi aşkar edilməmişdir. Beləliklə, aparılmış təhqiqat araşdırması nəticəsində ünvan 3 ünvanında yaşayan Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə DİN-in 102 xidmətindən Şəki ŞRPŞ-nə daxil olmuş müraciəti əsasında toplanmış material üzrə fakt təsdiqini tapmamış, bu səbəbdən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, mülki proses tərəflərinin izahatlarını ifadələrini dinləyib, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb etmək hüququ vardır. Həmin maddənin mənasına görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılmasını tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmadığını sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neqanti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından gələ bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılmasını xahiş etsə də, həmin maneənin cavabdehin onun telefon danışıqlarına qulaq asması və ona məxsus dülgər alətlərini yararsız hala salması ilə əsaslandırsa da, cavabdehin iddiaçının iradəsinin ziddinə olaraq hər hansı maneələr yaratmasını təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz tələbini təsdiq edən sübut qismində heç bir mötəbər sənəd təqdim etməmiş, onun göstərdiyi hallar şahid ifadələri ilə təsdiq olunmamışdır. İddiaçı nəinki ona cavabdeh tərəfindən maneələrin yaradılmasını sübut edə bilməmiş, həmçinin həmin maneələrin nədən ibarət olması ilə bağlı heç bir fikir ifadə edə bilməmişdir. Odur ki, iddia ərizəsində qeyd edilən cavabdehin iddiaçının telefon danışıqlarına qulaq asması və ona məxsus dülgər alətlərini yararsız hala salmasını təsdiq edən hər hansı bir mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim etmədiyindən və sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddia tələbi əsaslı deyildir. Bundan başqa məhkəmə cavabdehin iddiaçıdan polisə şikayət etməsinə münasibətdə qeyd edir ki, “Vətəndаşlаrın mürаciətləri hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununun 1.1-ci mаddəsinə əsаsən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Göründüyü kimi, Аzərbаycаn Respublikаsının qаnunvericiliyi vətəndаşlаrın dövlət оrqаnlаrınа mürаciət etmək, о cümlədən şikаyət vermək hüququnu tаnımışdır. Bu hüququn həyаtа keçirilməsi ilə əlаqədаr vətəndаşın hər hаnsı fоrmаdа təqib edilməsi yоlverilməzdir. İşdən görünür ki, Cavabdeh İddiaçı bаrəsində mürаciətini məhz dövlət оrqаnınа etmişdir. Bu isə onun Konstitusiyada təsbit olunan hüququdur və bu, iddiaçıya qarşı yaradılan maneə kimi qiymətləndirilə bilməz. Analoji hüquqi mövqe oxşar məzmunlu başqa bir mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2012-ci il tarixli (iş № 2(102)-2916/2012) qərarında da əks olunmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-ci il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və tətbiq edilməli olan hüquq normalarını əsas tutaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair iddia tələbi təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-352/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-352/2021
18.03.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver