Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-367/2022 03.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1145.44 manat borc və 31.90 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehin Şəki rayonu Cunud kəndində yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında Cavabdeh adına **********00166 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İstehlakçı yaşadığı ünvanda uzun müddət elektrik enerjisindən istifadə etsə də hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Hazırda istehlakçının enerji hesabında 1145.44 manat borc vardır. Keçən müddət ərzində cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yaranmış borc tam şəkildə ödənilmədiyindən iddiaçı "xxxx" ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Elektrik enerjisinin alqı-satqısı ilə bağlı hüquqi münasibətlər tərəflər arasında bağlanılmış “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilə” ilə tənzimlənir və cavabdeh tərəf həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozur. Ona görə də iddiaçı "xxxx" ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, evinə verilən elektrik enerjisini hesab alan elektrik sayğacı da onun adınadır. İşlətdiyi elektrik enerjisinin dəyərini sayğac üzrə vaxtıvaxtında poçta ödəmişdir. Adına olan evdə demək olar ki, yaşayış yoxdur. Arabir evə gəlir. Evdə bir işıq həmişə yanılı olur. 2020-ci ilin may ayında evinə iki nəfər gəlib sayğaca baxmışlar. Bir neçə ay sonra qəbzi alanda cərimə yazıldığını görmüşdür. Sayğac onun xəbəri olmadan sökülüb aparılmış və barəsində akt tərtib etmişlər. Həmin akt indiyədək ona təqdim olunmamışdır. Həmin akt tərtib edilərək cavabdeh təşkilatın əməkdaşları qanunvericiliklə nəzərdə tutulmuş tələbləri kobud surətdə pozmuşlar. Yəni, akt tərtib edilərkən nəinki onun, hal şahidlərinin iştirakı təmin edilməmiş, ümumiyyətlə barəsində akt tərtib edilən şəxsin iştirak etməsi üçün hər hansı təşəbbüs irəli sürülməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh təşkilatın nümayəndələri hər hansı araşdırma aparmadan belə bir qanunsuz akt tərtib etmişlər. Odur ki, məhkəmədən akt əsasında yazılmış cərimənin silinməsini xahiş edir. İş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, Cavabdeh Şəki EŞ-nin enerji satış bazasında **********00166 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, **********00166 saylı abonentin elektrik enerjisindən istifadə nəticəsində 2021-ci ilin noyabr ayının sonuna istifadə edilmiş elektrik enerjisinin dəyəri üzrə 1145.44 manat borcu yaranmışdır. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş: 01 iyul 2020-ci il tarixli, NDM seriyalı, 019047 nömrəli aktdan görünür ki, Cavabdeh məxsus elektrik sayğacına baxış zamanı fərdi yaşayış evinə sayğac sxemindən kənar xəttin daxil olduğu aşkar edilmişdir. Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri M.Abdullayev tərəfindən təsdiq edilmiş 07 iyul 2020-ci il tarixli icra əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə iddiaçıya sayğacdan keçən yükə uyğun 300 gün üçün 0.07 manatla 3000 kvt.s (dəyəri 210 manat) və 0.11 manatla 9197 kvt.s (dəyəri 1011.67 manat) dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Kənar xətt ləğv edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iddia tələbinin “1011.67 manat elektrik enerjisindən qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabat” hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində eletrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Göründüyü kimi, Qaydaların 8.32-ci bəndində göstərilən pozuntulara görə mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış evinin daxilində quraşdırılmayan məişət abonentinin məsuliyyəti istisna edilmişdir. Çünki «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Cavabdeh istifadəsində olan elektrik sayğacına yazılmış elektrik enerjisi borcunun sayğacın nasaz olması ucbatından yaranması cavabdehin məhkəmə iclasında verdikləri izahat və iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, sayğacın nasaz olmasının Cavabdeh vəziyyətini daha da ağırlaşdıraraq ona əlavə elektrik enerjisi borcunun yazılmasına səbəb olmuşdur. Məhkəmə «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndini və yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Şəki EŞ-nin enerji satış bazasında **********00166 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan Cavabdeh elektrik sayğacında yaranmış problemin onun təqsiri ucbatından yaranması ilə bağlı iddiaçının nümayəndəsinin göstərdikləri əsaslı deyil. Belə ki, iddiaçı təşkilatın əməkdaşları tərəfindən 01 iyul 2020-ci il tarixdə cavabdehə məxsus Şəki rayonu Cunud kəndində yerləşən mənzildə elektrik enerjisindən istifadə qaydalarına əməl edilməsinə riayət edilib-edilməməsini yoxlamaq üçün baxış keçirilmiş, həmin ünvanda quraşdırılmış sayğacdan istehlakçının sayğacdan kənar xətt vasitəsilə elektrik sayğacından istifadə etməsi ilə əlaqədar “Elektrik enerjisindən istifadə qaydalarının” pozulması əsas götürülərək NDM seriyalı, 019047 nömrəli akt tərtib edilmişdir. İddiaçı təşkilatın əməkdaşları aktda onun tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aşkar edilmiş pozuntunun məhz istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamışdır. Həmçinin, istehlakçının ünvanına sayğacın quraşdırılmasına baxmayaraq aktda cavabdehin sayğacdan kənar şəkildə elektrik enerjisindən istifadə etməsi barədə heç bir fikir ifadə edilmir. Belə ki, sayğacda hər hansı bir qüsurun olması bunun bütün hallarda istehlakçının elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi nəticəsinə gəlməyə əsas vermir. Bundan başqa NDM seriyalı, 019047 nömrəli aktın tərtibində nəinki istehlakçının, hətta hal şahidlərinin də iştirakı təmin edilməmişdir. İş materialı ilə də hazırkı iş üzrə Cavabdeh hər hansı bir təqsirli hərəkəti olduğu müəyyən edilməmişdir. Odur ki, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur” qeydinin cavabdehin hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Sözügedən sayğacın cavabdehin mülkiyyətində olan ərazidə deyil, yol kənarında quraşdırılmış olması hüquq pozuntusunun Cavabdeh və onun ailə üzvləri tərəfindən törədilməsi ilə bağlı cavabdehin təqsirli olmasını şübhə altına alır. Buna görə də iddia tələbi 1011.67 manat akt əsasında yaranmış borcun cavabdehdən tutulması hissəsində əsaslı deyildir. Məhkəmə iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalan”nın 8.14-cü bəndinə əsasən istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (krediorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və yuxarıda şərh olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh yaşadığı Şəki rayonu Cunud kəndində yerləşən mənzildə elektrik enerjisindən istifadə etsə də, abonent hesabında yaranmış enerji sərfiyyatı kimi hesablanmış cəmi 133.77 manat borcu tam şəkildə ödəməmişdir. Odur ki, iddiaçı həmin borcun cavabdehdən alınaraq xeyrinə ödənilməsini tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən iddia qismən təmin edilərək, Cavabdeh 133.77 manat məbləğində əsas borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 31.90 manat dövlət rüsumunun 28.10 manat hissəsi iddiaçının özünə aid edilməklə, 3.80 manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 223 və 227.1-ci maddələrinin tələblərinə əsasən məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 133.77 manat məbləğində əsas borc tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. 31.90 manat dövlət rüsumunun 28.10 manat hissəsi iddiaçının özünə aid edilməklə, 3.80 manat hissəsi Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-367/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-367/2022
03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver