Məhkəmə qərarları › İş №2(075)-378/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-378/2021

03.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-378/2021 03.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «torpaqdan çıxarma və maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Qaratorpaq kəndində yerləşən, ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən mülkiyyətinə verilmiş 12 ha torpaq sahəsinin 0.80 ha hissəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsindən sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə yaranmış maneələrin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Qaratorpaq kəndində yerləşən, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 25 iyun 2016-cı il tarixdə verilmiş «Torpaq sahəsinin planı və ölçüsü» sənədinə və 28 iyun 2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən onun tam mülkiyyətində olan 12 ha torpaq sahəsinin 0.8284 ha hissəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsindən sahiblik, sərəncam, istifadə hüququnun həyata keçirilməsinə yaranmış maneələrin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 25 iyun 2016-cı il tarixdə verilmiş «Torpaq sahəsinin planı və ölçüsü» sənədinə və 28 iyun 2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Şəki rayonu Qaratorpaq kəndində yerləşən 12 ha torpaq sahəsi onun tam mülkiyyətindədir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin 0.8284 ha hissəsini qanunsuz olaraq zəbt etmiş, həmin torpaq sahəsindən 4 ildir ki qanunsuz istifadə edir. O, dəfələrlə cavabdehə torpaq sahəsindən çıxmasını xahiş etsə də, sonuncu onun bu xahişini nəzərə almamışdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh bildirmişdir ki, Şəki rayonu Qaratorpaq kəndində yerləşən 0.80 ha torpaq sahəsini 4-5 ildir ki, istifadə edir. Həmin torpaq sahəsi ona məxsusdur. Əgər məhkəmə tərəfindən hər hansı zəbt aşkar edilərsə, torpağı boşalda bilər. Mülki iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır. İşdə olan 25 iyun 2016-cı il tarixli, 066033 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Şəki rayonu Qaratorpaq kəndində yerləşən 12 hektar torpaq sahəsi hüquq sahibi İddiaçı adına kadastrda işlənmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən 28 iyun 2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Qaratorpaq kəndində yerləşən 12 hektar torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adlarına daşınmaz əmlakın dövlət reyestrində 112 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş «xxxx» MMC tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli, 91 saylı ekspert rəyindən görünür ki, iş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlərə, ərazinin aerofotoxəritə materiallarına və həmçinin, ərazinin ümumi xəritəsinə əsasən ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfinden 25 iyun 2016-cı il tarixdə verilmiş «Torpaq sahəsinin planı və ölçüsü» sənədinə və 28 iyun 2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı tam mülkiyyətində olan 12 hektar torpaq sahəsinin sərhəd koordinatları X1 (islahat xəritə materialı) iddiaçıya nəzərdə tutulan 001/12 ha konturuna əsasən 38.6 metr şərq istiqamətdə koordinat sürüşməsi ilə verilmişdir. Ərazinin ümumi xəritəsinə əsasən İddiaçı tam mülkiyyətində olan 12 ha torpaq sahəsinin 0.8284 ha hissəsi faktiki olaraq Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir. Tədqiqatın dəyəri 300 manat təşkil edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, Şəki rayonu Qaratorpaq kəndində yerləşən 12 hektar torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. «xxxx» MMC tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli, 91 saylı ekspert rəyi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən 28 iyun 2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli Çıxarış və onun ayrılmaz hissəsi olan 25 iyun 2016-cı il tarixli, 066033 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki 12 ha kənd təsərrüfatlı torpaq sahəsinin 0.8284 ha hissəsi faktiki olaraq Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir. İddiaçı həmin torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsas əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olunur ki, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 25 iyun 2016-cı il tarixdə verilmiş «Torpaq sahəsinin planı və ölçüsü» sənədinə və 28 iyun 2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən iddiaçıya məxsus 12 ha kənd təsərrüfatlı torpaq sahəsinin 0.8284 ha hissəsi Cavabdeh tərəfindən qanunsuz olaraq istifadə olunur. Torpaq sahəsi iddiaçının mülkiyyətində olmasına baxmayaraq cavabdehin istifadəsinə iddiaçı tərəfindən verilməmişdir. Bir sözlə, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsindən heç bir müqavilə əsası olmadan, yəni özbaşına istifadə etməkdədirlər. Bu kimi istifadə qanunvericiliklə qadağan edildiyindən həmin torpaq sahəsi cavabdehin qanunsuz istifadəsindən azad edilməli, həmin torpaq sahəsindən istifadə ilə bağlı cavabdeh tərəfindən yaradıla biləcək hər hansı maneələr ona qadağan edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Şəki rayonu Qaratorpaq kəndində yerləşən, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 25 iyun 2016-cı il tarixdə verilmiş «Torpaq sahəsinin planı və ölçüsü» sənədinə və 28 iyun 2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı tam mülkiyyətində olan 12 ha torpaq sahəsinin 0.8284 ha hissəsindən çıxarılsın və həmin torpaq sahəsindən sahiblik, istifadə, sərəncam hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradıla biləcək hər hansı maneələr ona qadağan edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələb edilməməsi nəzərə alınaraq iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Həmçinin, 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq «xxxx» MMC-nin “xxxx” ASC-nin Gənclik Mall filialındakı hesabına – Kod201025, VÖEN **********, SWİFT kodAİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh Şəki rayonu Qaratorpaq kəndində yerləşən, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 25 iyun 2016-cı il tarixdə verilmiş «Torpaq sahəsinin planı və ölçüsü» sənədinə və 28 iyun 2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı tam mülkiyyətində olan 12 ha torpaq sahəsinin 0.8284 ha hissəsindən çıxarılsın və həmin torpaq sahəsindən sahiblik, istifadə, sərəncam hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradıla biləcək hər hansı maneələr ona qadağan edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq «xxxx» MMC-nin “xxxx” ASC-nin Gənclik Mall filialındakı hesabına – Kod201025, VÖEN **********, SWİFT kodAİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesaba ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar