Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-386/2022 28.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iki uşağın saxlanılması üçün ödənilməli olan alimentin artırılaraq hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat miqdarında xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 06 noyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş aliment məbləğinin artırılaraq hər ay sabit pul məbləğində 250 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahları məhkəmə qaydasında pozulmuş, Şəki Apellyasiya Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli, 2(107)-60/2016 saylı qətnaməsinə əsasən 02 aprel 2004-cü il təvəllüdlü X2 və 06 noyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 50 manat olmaqla, cəmi 100 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. 02 aprel 2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatmışdır. Həmin qətnamə qəbul olunandan sonra yaşayış minimum məbləği dəfələrlə artmışdır. Bundan əlavə bazar qiymətləri də artmış və nəticədə həmin məbləğ uşağın tələbatının ödənilməsi üçün həddindən artıq azdır. Uşaq günü-gündən böyüyür və belə olan halda xərcləri də artır. Cavabdehin isə maddi vəziyyəti olduqca yaxşıdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh 25 yanvar 2022-ci il tarixdə ərizə göndərərək uşaqlarının saxlanılması üçün aliment ödəməkdən imtina etmədiyini, lakin maddi vəziyyətinin yaxşı olmadığını, digər borcları olduğunu, orta aylıq əmək haqqının 11906.21 rubl olduğu, iddiaçının özünün də 3 saylı uşaq musiqi məktəbində işlədiyini, hər ay hər uşaq üçün 250 manat ödəyə bilməyəcəyini, bildiyinə görə rayon yerlərində 150 manat, böyük şəhərlərdə 170 manat aliment nəzərdə tutulduğunu və digər halları bildirərək işə düzgün baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 02 aprel 2004-cü il təvəllüdlü X2 və 06 noyabr 2007-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli, 2(107)-60/2016 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olan 02 aprel 2004-cü il təvəllüdlü X2 və 06 noyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 50 manat olmaqla, cəmi 100 manat aliment təyin edilmişdir. 02 aprel 2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatmışdır. İddiaçı həmin aliment məbləği ilə X1 tələbatlarının ödənilməsinin mümkünsüz olması və uşağrın tələbatlarının artmasını ilə əsaslandırmışdır. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə məhkəməyə ərizə göndərərək maddi imkanının aşağı olduğunu bildirir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Şəki Apellyasiya Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli, 2(107)-60/2016 saylı qətnaməsindən görünür ki, 02 aprel 2004-cü il təvəllüdlü X4 və 06 noyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 50 manat olmaqla, cəmi 100 manat alimentin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 06 noyabr 2007-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. 24 dekabr 2021-ci il tarixli, 2021-008136 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 11 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh orta aylıq əmək haqqı 11906.21 rubl təşkil edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli, 2(107)-60/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 06 noyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 06 noyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Apellyasiya Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli, 2(107)-60/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 40.40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 06 noyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 40.40 (qırx manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-386/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-386/2022
28.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver