Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-5/2020 13.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh xx xxxxxx 2011-ci il tarixli notarial alqı-satqı müqaviləsi əsasənda cavabdehə satılmış, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dəyəri kimi ödənilməmiş 660000 manat pul, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 660030 manat məbləğində pulun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh - Şəki şəhəri, F.Abdurəhmanov (indiki Bəxtiyar Vahabzadə) 19 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etməməsi, ona ödəməli olduğu 660000 manat pulu ödəməməsi, 6 il ərzində fərdi yaşayış evini ona könüllü şəkildə qaytarmaqdan imtina etməsi və evə dair müqavilənin ləğv edilməsinə razılaşmaması, nəticədə 6 il ərzində fərdi yaşayış evinin qaytarılmasının ləngidilməsinə görə ona dəymiş maddi zərərin əvəzi kimi 470000 (dörd yüz yetmiş min) manat pulun, mənəvi zərərin əvəzi kimi 100000 (yüz min) manat pulun, ümumilikdə, 570000 (beş yüz yetmiş min) manat pulun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqı müqaviləsi üzrə ödəməli olduğu 660000 (altı yüz altmış min) manat pul, həmçinin həmin pulun ödənilməməsi, 6 il ərzində fərdi yaşayış evini ona könüllü şəkildə qaytarmaqdan imtina etməsi, evə dair müqavilənin ləğv edilməsinə razılaşmaması və 6 il ərzində fərdi yaşayış evinin qaytarılmasının ləngidilməsinə görə dəymiş maddi zərərin əvəzi kimi 470000 (dörd yüz yetmiş min) manat pul, mənəvi zərərin əvəzi kimi 100000 (yüz min) manat pul olmaqla, ümumilikdə 1 230 000 (bir milyon iki yüz otuz min) manat pulun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2011-ci ildə ona məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini 660000 manata Cavabdeh satmışdır. Həmin evin alqı-satqı müqaviləsi Şəki şəhər 1 saylı notariat kontorunda bağlanmışdır. Notarius təlimatın tələblərinə zidd olaraq müqaviləni 2 nüsxədə hazırlamış, ona isə ümumiyyətlə həmin alqı-satqı müqaviləsinin nüsxəsi təqdim edilməmişdir. Daha sonra cavabdeh həmin fərdi yaşayış evini üçüncü şəxsə satmışdır. Lakin cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliyi icra etməyərək fərdi yaşayış evinin dəyəri olan 660000 manatı ödəməmişdir. Cavabdeh müqavilə öhdəliyini icra etməməklə yanaşı fərdi yaşayış evini də geri qaytarmamış və bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə də razılaşmamışdır. Buna görə də tərəfindən fərdi yaşayış evinə dair alqı-satqı müqavilələri mübahisələndirilmişdir. Hazırda alqı-satqı müqavilələrinin ləğv edilməsi ilə bağlı başlanmış mülki işin icraatı yekunlaşmış, sonuncu qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini almışdır. Hazırda məhz alqı-satqı müqaviləsi üzrə cavabdehin ödəmədiyi 660000 manatın ödənilməsini tələb edir. Həmin fərdi yaşayış evinə dair müqavilələrlə mübahisələr 6 ildən çox davam etdiyindən və əmlak onun mülkiyyətinə gec qaytarıldığından keçən müddət ərzində ona 470000 (dörd yüz yetmiş min) manat maddi zərər dəymişdir. Belə ki, cavabdeh fərdi yaşayış evinin 2011-ci ildə bazar qiyməti olan 660000 manat dəyərində olmuş, sonuncu fərdi yaşayış evini təkrarən üçüncü şəxsə satmaqla qazanc əldə etmiş, 6 il ərzində əsassız olaraq fərdi yaşayış evinin ona qaytarılmasını ləngitmiş, fərdi yaşayış evi onun xüsusi mülkiyyətindən çıxdığından və nəzarətində olmadığından evin bütün təmiri məhv olmuş, həyətdəki hərəsinin qiyməti 5000 manat olan 12 ədəd bahalı şam ağacları qurumuş, ona külli miqdarda zərərə uğramışdır. Hazırda xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin bazar qiyməti ən yaxşı halda 250000 manatdır. 6 il ərzində evin təmiri pis vəziyyətə düşdüyündən hazırda əsaslı təmirə ehtiyac vardır. Həmçinin, daşınmaz əmlak bazarında təklifin artması və tələbin azalması da qiymətlərin aşağı düşməsinə təsir edən amillərdəndir. Nəticədə, cavabdehin müqavilə öhdəliyini icra etməməsi və 6 il ərzində fərdi yaşayış evini ona qaytarmaması səbəbindən 410000 (660000-250000=410000) manat zərərə uğramışdır. Cavabdeh evi sonradan üçüncü şəxsə satmaqla qazanc da əldə etmiş, zərərə uğrayan isə ancaq o olmuşdur. Cavabdeh 6 il ərzində evi könüllü olaraq geri qaytarmadığından (müqavilənin ləğv edilməsinə razılaşmadığından) məhkəmə qaydasında evi geri ala bilmək üçün 6 il ərzində hüquqi xidmətlərin göstərilməsi üçün vəkillərə pul və dövlət rüsumlarını ödəmiş, hər dəfə Bakı şəhərindən Şəki şəhərinə getmək üçün yol xərci çıxmışdır. Qurumuş şam ağacları üçün dəymiş zərər 60000 (12 X 5000) manat təşkil edir. Maddi zərərlə yanaşı 6 il ərzində evin pulunu və ya evi geri qaytara bilmədiyindən evini birdəfəlik itirdiyimi düşünərək mənəvi sarsıntı və ağır iztirablar çəkmişdir. Bu müddət ərzində şəkərli diabet xəstəliyinə tutulmuş, eləcə də, daimi fikir və stressdən ürəyi zəifləmiş, kardioloji müayinədən sonra ürəyinə görə uzun müddət müalicə almışdır. Cavabdehin 6 il ərzində ona çəkdirdiklərinə görə dəymiş mənəvi zərərin məbləği 100000 manat təşkil edir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, qeyd olunan fərdi yaşayış evi onun sahibliyində və istifadəsində olmuş, daha sonra mübahisə predmeti olan evi 250 000 (iki yüz əlli min) manata başqa şəxsə satmışdır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın tam təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirdi. Əvvəlki məhkəmə iclaslarında izahat verərək göstərmişdir ki, özü artıq uzun müddətdir ki, Şəki şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sahibkarlığının əsasını kommersiya obyektlərinə müxtəlif çeşidli məhsulların topdan satışının təmin edilməsi təşkil edir. Fəaliyyət göstərdiyi müddətdə Şəki şəhər sakini, ticarətlə məşğul olan X2 ilə tanış olmuşdur. Aqil həmin dövrlərdə ona dəfələrlə müraciət edərək satmaq üçün müxtəlif çeşidli məhsulları nisyə olaraq almış və bu səbəbdən də ona külli miqdarda borcu yaranmışdır. İddiaçı isə 25 ildən artıq Şəki ŞRPŞ-nin DYPB-nin rəisi çalışdıqdan sonra 2010-cu ildən təqaüdə buraxılmış və Aqil Məmmədovla şərikli iş qurub fəaliyyət göstərmək qərarına gəlmişdir. Aqil Məmmədova borclu olan insanlardan həmin pulların alınmasına köməklik göstərən İddiaçı eyni zamanda Aqilin borclarının ödənilməsinə də köməklik etmişdir. Bu məsələ ilə əlaqədar olaraq cavabdehlə əlaqə saxlamış və Aqil Məmmədovun ona olan borcu barədə məlumat vermişdir. Söhbət əsnasında İddiaçı Aqillə hər bir işdə şərik olduğunu və bu səbəbdən də Aqilin ona olan borcunu özü ödəyəcəyini bildirmişdir. Bir neçə gün sonra Aqil Məmmədov onunla əlaqə saxlayaraq bildirmişdir ki, İddiaçı ünvan 5 ünvanında yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evini onun borcunun əvəzində vermək və bu yolla borcu bağlamaq niyyətindədir. Həmçinin qeyd etmişdir ki, İddiaçıla aralarındakı razılaşmaya əsasən evin qiyməti 400 000 ABŞ dolları dəyərindədir. Aqilin ona 315 000 ABŞ dolları borcu olduğundan yerdə qalan 85 000 ABŞ dollar məbləğində fərqin ödənilməsini istəyir. Qardaşı Rasimin təklifi ilə o, Aqil Məmmədov və Nuruş həkimlə birlikdə İddiaçı yuxarıda qeyd edilən fərdi yaşayış evinə getmiş, həmin evi videoya çəkib çəkilişi Bakı şəhərində yaşayan qardaşı Rasimə göndərmişdir. Ümumi razılıq əsasında fərdi yaşayış evini Aqil və Məmmədlə 400 000 ABŞ dollarına danışmışlar. Lakin sonuncu bildirmişdir ki, Aqildən özünü sığortalamaq üçün evin dəyərini orada yüksək göstərsinlər. İddiaçı razılığından sonra onlar 400 000 ABŞ dollarının fərqi olan 85.000 ABŞ dollarını Bakı şəhərində onun sürücüsü Aydın Umarova vermiş, sonuncu da öz növbəsində İddiaçı göstərişinə əsasən həmin pulun 25 000 ABŞ dollarını Aqilə, qalan 60 000 ABŞ dollarını isə İddiaçı vermişdir. xx xxxxxx 2011-ci il tarixdə İddiaçı Şəki rayonu 1 saylı Dövlət Notariat Kontoruna gəlmiş və ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısına dair müqavilə bağlamışlar. Həmin vaxt notarius müqavilədə nəzərdə tutulan ödənişi soruşduqda İddiaçı notariusa pulu aldığını və bununla bağlı aralarında hər hansı mübahisənin olmadığını qeyd etmişdir. Mülkə dair çıxarış əldə etdikdən bir müddət sonra əmlakı 2011-ci ilin may ayında alqı-satqı yolu ilə Adıgözəlov Famil Kərim oğluna satmışdır. Bu ərəfələrdə İddiaçıla münasibətləri normal olduğundan mənzilin Famil Adıgözəlova satılmasını ona da bildirmişdir. Mənzili Familə satsa da İddiaçı rayonda evini satdığını bilməmələrini xahiş etmiş, xahişini nəzərə alıb əşyalarını, yəni Royalını oradan çıxarmamışdır. Alqı-satqı müqaviləsinə imza atan İddiaçı ertəsi gün Aqillə də bir iltizam tərtib edərək guya evi ona nisyə satmasını notariatda rəsmiləşdirmişdir. Bunu etməkdə məqsədi isə onun əvəzinə verilmiş evi sığortalamaqla Aqili və onu özündən asılı vəziyyətdə saxlamağa çalışmışdır. İltizama əsasən o, Aqildən 60 000 ABŞ dolları birinci dəfə, (bununla pulu Aqil Məmmədovun adına yazmışdır) 25 000+15 000 ABŞ dollarını da sonradan Aqildən hissə-hissə alır. Sonradan Aqil ona bildirmişdir ki, mənzilin qalan dəyərini ödəyə bilmir və ticarəti də ləğv etmək istəyir. İddiaçı artıq Aqil tərəfindən aldandığını başa düşmüş, yenidən ona müraciət edərək daha çox zərərə düşməməsi üçün heç olmasa evin qaytarılmasına köməklik edilməsini xahiş etmişdir. O, iddiaçıya bir müddət gözləməsini, Famillə danışacağını və sözügedən fərdi yaşayış evini sataraq oradan gələn gəlirdən müəyyən qədər də İddiaçı pul verəcəklərini təklif etmişdir. Bunu eşidən İddiaçı onunla razılaşmış və gözləyəcəyini bildirmişdir. Sonradan öz növbədində Famil Adıgözəlovla danışmış, yuxarıda qeyd edilənlər barədə onun razılığını almışdır. Lakin bu ərəfədə İddiaçı vədinə sadiq çıxmamış, Şəki Rayon Məhkəməsində ona, X1 və Şəki rayon 1 saylı DNK-na qarşı xx xxxxxx 2011-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. İddiaçı artıq razılaşmadan kənara çıxdığını görən Famil Adıgözəlov da qarşılıqlı iddia verərək ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin boşaldılıb ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə tərəfindən baxılaraq İddiaçı ilkin iddiası rədd, Famil Adıgözəlovun qarşılıqlı iddiası isə təmin edilmişdir. İddiaçı ilkin iddia tələbləri ilə məhkəməyə müraciət edərkən də eyni üsuldan istifadə etmiş, xx xxxxxx 2011-ci il tarixdə notarial bağladığı sazişin tarixini bir gün əvvələ, yəni xx xxxxxx 2011-ci il tarixə dəyişərək saxtalaşdıraraq müqavilənin də həqiqiliyini şübhə altına almaq istəmiş, lakin məhkəmədə saxtakarlığı üzə çıxmış və ona qarşı xüsusi qərardad qəbul edilmişdir. Sonradan İddiaçı ona və Famil Adıgözəlova qarşı iddia qaldıraraq alqı-satqı müqavilələrini mübahisələndirmiş, məhkəmə tərəfindən iddia tələbi rədd edilmişdir. Hazırda iddiaçının qaldırdığı tələb tam əsassızdır. Belə ki, o, iddiaçıya heç bir maddi və mənəvi zərər vurmamış, əksini iddiaçı aralarında olan etibarı pozmuş, neçə illər ərzində məhkəmələrdə qalmalarına səbəb olmuşdur. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(102)-101/16 saylı qərarından görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(075)- 992/2013 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X1, Cavabdeh, Şəki Rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı ünvan 6 saylı ünvanda yerləşən evin Cavabdeh satılmasına dair bağlanmış xx xxxxxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmamış, iddiaçı Adıgözəlov Famil Kərim oğlunun cavabdehlər İddiaçı, Cavabdeh qarşı ünvan 6 №-li evin boşaldılaraq ona təqdim olunması barədə iddiası isə təmin edilərək həmin evin boşaldılaraq təqdim edilməsinin cavabdehlər İddiaçı və Cavabdeh həvalə edilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(102)-101/16 saylı qərarından görünür ki, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli, 2(107)-689/2013 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmayaraq iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(102)-101/16 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2014-cü il tarixli, 2(102)-672/2014 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı tam, İddiaçı kassasiya şikayəti isə qismən təmin edilərək, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(102)-101/16 saylı qərarından görünür ki, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2014-cü il tarixli, 2(107)-535/2014 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(102)-101/16 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2015-ci il tarixli 2(102)-2023/2015 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilərək, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2(107)-766/2015 saylı qətnаməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi qismən, yəni İddiaçı Şəki şəhəri keçmiş Fuad Abdurahmanov, indiki Bəxtiyar Vahabzadə küçəsi 19 №-li evin xx xxxxxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbinin təmin edilməməsinə dair hissədə ləğv edilmiş, göstərilən hissədə yeni qətnamə çıxarılaraq həmin tələb iddia müddətinin keçməsinə görə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(102)-101/16 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilmədən, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2(107)-766/2015 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(102)-101/16 saylı qərarından görünür ki, ünvan 7 ünvanda yerləşən mübahisəli fərdi yaşayış evi 1993cü ildə İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, xx xxxxxx 2011-ci il tarixdə bağlanmış və Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən İddiaçı həmin evi 660 000 manata Cavabdeh satmış, Cavabdeh mülkiyyət hüququ xx xxxxxx 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra isə o, həmin evi Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx xxx 2011-ci il tarixli alqı-satqı qaviləsinə əsasən 400 000 manata Adıgözəlov Famil Kərim oğluna satmışdır. xx xxx 2012-ci il tarixdə F.Adıgözəlovun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(107)-692/2020 saylı qətnаməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)- 4045/2016 saylı qətnаməsi ilə İddiaçı “Şəki şəhəri, B.Vahabzadə küçəsindəki 19 saylı evin alqı-satqısına dair onunla Cavabdeh arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli, Cavabdeh ilə cavabdeh Adıgözəlov Famil Kərim oğlu arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqavilələrinin və onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Şəki şəhəri, B.Vahabzadə küçəsindəki 19 saylı evin alqı-satqısına dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli alqı-satqı müqaviləsi, Cavabdeh ilə cavabdeh Adıgözəlov Famil Kərim oğlu arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilələr əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(107)-61/2017 nömrəli qətnаməsindən görünür ki, cavabdehlər Cavabdeh və Adıgözəlov Famil Kərim oğlu tərəfindən verilmiş apelyasiya şikayətlərinin qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-4045/2016 saylı tamamilə qətnаməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, Şəki şəhəri, B.Vahabzadə küçəsindəki 19 saylı evin alqı-satqısına dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli, Cavabdeh ilə cavabdeh Adıgözəlov Famil Kərim oğlu arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqavilələri və onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(107)-692/2020 saylı qətnаməsindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2(102)-4287/2017 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh və Adıgözəlov Famil Kərim oğlunun ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(107)-692/2020 saylı qətnаməsindən görünür ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh və Famil Adıgözəlovaya qarşı alqı-satqı müqavilələrinin ləğv edilməsi və s. tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarı Cavabdeh ilə Famil Adıgözəlov arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə həmin hissədə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(107)-692/2020 saylı qətnаməsindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2018-ci il tarixli, 13(102)-7(k)/2018 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2(102)-4287/2017 nömrəli və onunla bağlı Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(107)-61/2017 nömrəli qətnaməsi Cavabdeh ilə F.Adögözəlov arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində ləğv olunmuş, iş həmin hissədə yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(107)-692/2020 saylı qətnаməsindən görünür ki, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(107)-459/2019 saylı qətnаməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-4045/2016 saylı qətnаməsi R. Süleymanov ilə F.Adıgözəlov arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilmiş, Şəki şəhəri, B.Vahabzadə küçəsindəki 19 saylı evin alqı-satqısına dair Cavabdeh ilə Adıgözəlov Famil Kərim oğlu arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqısatqı müqaviləsi və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(107)-692/2020 saylı qətnаməsindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)-5333/2019 saylı qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-459/2019 saylı qətnaməsi Cavabdeh ilə F.Adögözəlov arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində ləğv olunmuş, iş həmin hissədə yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(107)-692/2020 saylı qətnаməsindən görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-4045/2016 saylı qətnаməsi Cavabdeh ilə Famil Adıgözəlov arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)- 4430/2020 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilmədən, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(107)-692/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. «xxxxxxxxxxxxxxx» MMC tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş Ç-447 saylı mütəxəssis rəyindən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-86/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qərardadına əsasən əmlakın 2011-ci il tarixində və hal-hazırda qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirilmişdir. İş Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, Azərbaycan Milli Qiymətləndirmə Standartlarına uyğun, məhdudlaşdırıcı şərtlər və ehtimallar çəriçivəsində aparılmışdır. Qiymətləndirmə prosesi ümumilikdə obyektin təftişi, faktiki vəziyyətinin hüquqi sənədlərlə eyniləşdirilməsi, lazımi yanaşmaların və metodların seçilməsi, müvafiq bazarın araşdırılması və hesablamaların aparılması, əmlakın 2011-ci il tarixində və hal-hazırda qiymətinin müəyyən edilməsi mərhələlərindən ibarət olmuşdur. Fərdi yaşayış evinin 2011ci il tarixinə dəyəri müəyyən edilərkən həmin tarixdə Şəki şəhəri üzrə daşınmaz əmlak bazarındakı vəziyyət və qiymətlər əsas götürülmüşdür. Qiymətləndirilən fərdi yaşayış evi böyüklüyü, təmir və şəraitinə görə 2011-ci il üçün Şəki şəhəri ərazisi üzrə unikallığı ilə fərqlənmişdir. Fərdi yaşayış evinin bu göstəricisi - unikallığı onun dəyərinin həmin ərazi üzrə analoji fərdi yaşayış evləri ilə müqayisədə daha cəlbedici etməklə, daha yüksək olmasına gətirib çıxarır. Qeyd: Fərdi yaşayış evinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, yaşayış evinin sənəddə əksini tapmayan əlavə artırılması, həyətyanı sahədə əlavə tikilisi və əlavə torpaq sahəsi mövcuddur. Qiymətləndirmə prosesi fərdi yaşayış evinin hüquqi sənədi olan Çıxarış əsasında aparılmış, sənəddə əksini tapmayan artırılma, əlavə tikili və əlavə torpaq sahəsi qiymətləndirmədə nəzərə alınmamışdır. Qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, Şəki şəhəri, Fuad Abdurahmanov küçəsində İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 596.3 m2 ümumi, 132.1 m2 yaşayış, 464.2 m2 yardımçı sahədən və tikintialtı sahəsi 81.1 m2 olan altıaçıq (liter B), 36.4 m2 olan hasar (liter İ), darvaza (liter İİ), darvaza (liter İİİ) və qapıdan (liter İV) ibarət 19 nömrəli fərdi yaşayış evinin 2011-ci il tarixində qiyməti 480 000 manat, haz-hazırda isə 210 000 manat təşkil edir. Fərdi yaşayış evinin həyətində vaxtilə neçə ədəd şam ağacının olduğu, həmin şam ağaclarının quruyaraq məhv olub-olmadığı tərəflərindən müəyyən oluna bilinmədiyindən, qərardad üzrə 3-cü suala cavab vermək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İddiaçı Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqı müqaviləsi üzrə ödəməli olduğu 660000 (altı yüz altmış min) manat pulun ona ödənilməsini xahiş etsə də, iş materiallarından və tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı İddiaçı 660 000 (altı yüz altmış min) manatı (mənzilin) alıcısı Cavabdeh bütünlükdə aldım” qeydi aparmışdır. Bundan başqa müqavilənin etibarlılığı İddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, iddia müddətinin keçməsi əsası ilə iddia tələbi rədd edilmişdir. Göründüyü kimi iddiaçı fərdi yaşayış evinin alqı-satqı müqaviləsi üzrə cavabdehdən ödəməli olduğu 660000 (altı yüz altmış min) manat pulu tələb etsə də, iş materialları ilə cavabdehin əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəyərək alqı-satqı müqaviləsi üzrə öhdəliklərini tam olaraq icra etdiyi sübut olunur. İddiaçı tərəfindən bunun əksini təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, bu halların baş verməsi şahid ifadələri ilə təsdiqlənmədiyindən və sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddia həmin hissədə təmin edilməməlidir. Konstitusiyanın 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona dəymiş zərərin əvəzi tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxx 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqı müqaviləsi üzrə ödəməli olduğu 660000 (altı yüz altmış min) manat pulun ödənilməməsi, 6 il ərzində fərdi yaşayış evini ona könüllü şəkildə qaytarmaqdan imtina etməsi, evə dair müqavilənin ləğv edilməsinə razılaşmaması və 6 il ərzində fərdi yaşayış evinin qaytarılmasının ləngidilməsinə görə dəymiş maddi zərərin əvəzi kimi 470000 (dörd yüz yetmiş min) manat pulun ona ödənilməsini xahiş etsə də, iş materiallarından görünür ki, iddiaçı hazırkı məhkəmə iclasında verdiyi izahatla müqayisədə digər məhkəmə instansiyalarında ziddiyyətli izahatlar vermişdir. Belə ki, qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(102)-101/16 saylı qərarından görünür ki, İddiaçı izahatında “...Sonradan 2011-ci ilin yay aylarında o, alqı-satqı sənədlərinə baxarkən müqavilənin onunla Aqil Məmmədov arasında deyil, onunla Cavabdeh arasında bağlandığını, guya evi 660 000 manata Cavabdeh satdığını bilmişdir. Bundan sonra Aqil Məmmədovla söhbət zamanı sonuncunun Cavabdeh 315000 ABŞ dolları borcunun olduğunu, etibarından suiistifadə edərək Cavabdeh və qardaşı Rasim Süleymanovla əlbir olub onun evini ələ keçirdiklərini bilmişdir. xx xxxxxx 2011-ci ildə o, Şəki rayon 1 saylı Dövlət X3 Məmmədovla birlikdə getmiş, sənədlərin hazırlanmasını Aqil Məmmədov həyata keçirmişdir. O, Cavabdehla evin alqı-satqısı ilə bağlı heç bir söhbət etməmiş, onunla arasında heç bir alqı-satqı müqaviləsi bağlanmamışdır. Cavabdeh evlə bağlı ona pul ödəməmişdir. Onun sürücüsü X5 Məmmədovun göstərişi ilə ona 60 000 ABŞ dolları vermiş, həmin pulu Aqil Məmmədovun ona olan borcuna çıxmışdır. O, həmin pulu evlə bağlı götürməmişdir. Hal-hazırda da qeyd olunan yaşayış evi onun sahibliyində və istifadəsindədir...” göstərmişdir. Qanuni qüvvəsini almış Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(107)-692/2020 saylı qətməsindən görünür ki, İddiaçı izahatında “...Famillə Rasimin, Rövşənin, Aqilin arasında nə olubsa-olub, həmin mübahisənin onun evinə nə aidiyyəti var idi. Ondan evi Aqil alıb və alqı-satqı müqaviləsini o hesab etmişdir ki, Aqillə bağlayır. Aqillə razılığa görə, Aqil ondan evi alıb pulunu hissə-hissə, yəni pulun 60.000 ABŞ dollarını əvvəldən, yerdə qalan pulu isə hər ay 15.000 ABŞ dolları verməli idi. Bu şəkildə də o, notariusa müqavilə bağlamağı demiş, müqavilə hazır olanda isə onu dəvət etmişlər, o da gedib müqaviləni oxumadan, nüsxəsini götürmədən imza edib qayıtmışdır. Belə ki, o həmin vaxt dost-tanışları ilə içki məclisində olmuş, məclisdən gedib-qayıtmağı cəmi birneçə dəqiqə çəkmişdir. Müqavilədən sonra Aqil ona 60.000 ABŞ dolları vermiş və iki ay da, hər ay 15.000 ABŞ dolları verdikdən sonra daha pul verməmişdir. Aralarında mübahisə yarandıqdan sonra isə öyrənmişdir ki, ondan evi həqiqətdə Rövşən almış, Aqilin ona verdiyi 60.000 ABŞ dollarını isə Rövşəndən aldığı 85.000 ABŞ dollarından götürüb vermişdir...” göstərmişdir. İddiaçı xx xxxxxx 2016-cı il tarixli iddia ərizəsindən görünür ki, “...2011-ci ildə mənə məxsus olan Şəki şəhəri, F.Abdurəhmanov (indiki Bəxtiyar Vahabzadə) 19 ünvanında yerləşən fərdi yaşayış evimi Cavabdeh satmışam. Həmin evin alqı-satqı müqaviləsi Şəki şəhər 1 saylı notariat kontorunda bağlanmışdır...” İddiaçı xx xxxxxx 2018-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsindən görünür ki, “...2011-ci ildə mübahisəli fərdi yaşayış evi alğı-satqı müqaviləsi ilə cavabdehə 660000 manata satılmış, cavabdeh isə daha sonra həmin fərdi yaşayış evini üçüncü şəxsə satmışdır. Lakin Cavabdeh alğı-satqı müqaviləsi üzrə öhdəliyini icra etməyərək fərdi yaşayış evinin 660000 manat dəyərini mənə ödəməmişdir. Cavabdeh müqavilə öhdəliyini icra etməməklə yanaşı fərdi yaşayış evini də geri qaytarmamış və bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsinə də razılaşmamışdır...” Göründüyü kimi iddiaçı cavabdehdən mübahisəli evin pulunun ödənilməməsi, 6 il ərzində fərdi yaşayış evini ona könüllü şəkildə qaytarmaqdan imtina etməsi, evə dair müqavilənin ləğv edilməsinə razılaşmaması və 6 il ərzində fərdi yaşayış evinin qaytarılmasının ləngidilməsinə görə dəymiş maddi zərərin əvəzi kimi 470000 (dörd yüz yetmiş min) manat pulun ona ödənilməsini xahiş edərək həmin pulun 60000 manatının hər birinin qiyməti 5000 manat olan 12 ədəd bahalı şam ağaclarının cavabdehin təqsiri nəticəsində quruması, 410000 manatın evin əsaslı təmirə ehtiyacının olması və digər səbəblərə görə əsaslandırsa da, qeyd edilən ziyan məbləğinin cavabdeh tərəfindən vurulmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh isə məhkəmə iclasında iddianı qəbul etməmişdir. Həmçinin, «xxxxxxxxxxxxxxx» MMC tərəfindən xx xxxx 2019-cu il tarixli, Ç-447 saylı mütəxəssis rəyi verilərək fərdi yaşayış evinin həyətində vaxtilə neçə ədəd şam ağacının olduğu, həmin şam ağaclarının quruyaraq məhv olub-olmadığı müəyyən oluna bilinməmişdir. Bundan başqa iddiaçı fərdi yaşayış evinin ona qaytarılmadığını iddia etsə də hazırkı məhkəmə iclasında sözügedən evin tərəfindən 250000 manata başqa şəxsə satıldığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli Qərarında qeyd edilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı Cavabdeh mənəvi zərərin əvəzi kimi 100000 (yüz min) manat pulun alınaraq ona ödənilməsi məhkəmədən xahiş edərək, bu ziyanın cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində vurulduğunu iddia etsə də qeyd edilən ziyan məbləğinin cavabdeh tərəfindən vurulmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh isə məhkəmə iclasında iddianı qəbul etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığından iddianın qaldırılması ilə bağlı ödənilmiş rüsum xərci İddiaçı özünə aid edilməlidir. İddiaçı dövlət büdcəsinə ödədiyi rüsumu tələb etmədiyindən 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqı müqaviləsi üzrə ödəməli olduğu 660000 (altı yüz altmış min) manat pul, həmçinin həmin pulun ödənilməməsi, 6 il ərzində fərdi yaşayış evini ona könüllü şəkildə qaytarmaqdan imtina etməsi, evə dair müqavilənin ləğv edilməsinə razılaşmaması və 6 il ərzində fərdi yaşayış evinin qaytarılmasının ləngidilməsinə görə dəymiş maddi zərərin əvəzi kimi 470000 (dörd yüz yetmiş min) manat pul, mənəvi zərərin əvəzi kimi 100000 (yüz min) manat pul olmaqla, ümumilikdə 1 230 000 (bir milyon iki yüz otuz min) manat pulun xeyrinə tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-5/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-5/2020
13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver