Məhkəmə qərarları › İş №2(075)-581/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-581/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-581/2022 01.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı "xxxx" BOKT QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" BOKT QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 5934.48 manat borc və 80 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi iddiaçı "xxxx" BOKT QSC ərizəsində nümayəndəsinin olduğu halda telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanını, cavabdehin şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlarını (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanını qeyd etməməklə ərizənin forma və məzmununa riayət etməmişdir. Bundan başqa iddiaçı "xxxx" BOKT QSC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yox, kağız daşıyıcı vasitəsilə məhkəməyə göndərmişdir. Məhkəmə ərizəçinin nəzərinə çatdırır ki, Şəki Rayon Məhkəməsi respublikada “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdən biridir. Buna görə də ərizə məhkəməyə kağız daşıyıcı formasında deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə MPM-nin yeni redaksiyada olan müvafiq tələblərinə riayət edilməklə verilməlidir. Buna görə də iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçı "xxxx" BOKT QSC-yə göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 149, 151, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" BOKT QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar