Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-584/2020 15.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı «maddi ziyan və qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan Cavabdeh ona vurduğu 700 manat maddi ziyan və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi, ümumi istifadədə olan qəbiristanlıqda bacısının qəbrinə gedən yolda qanunsuz çəkdiyi dəmir “reşotka” (məhəccər)in sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Şəki şəhəri “Kərpic zavodu ərazisi qəbiristanlığı” adlanan qəbiristanlıqda mərhum bacısını dəfn etmişlər. Hər il dini bayramlarda və arabir digər vaxtlarda onun qəbrini ziyarət etməyə gedir. Bir müddət əvvəl onun qəbrini ziyarət etməyə gedəndə Cavabdeh qanunsuz ağac kəsməsinin və qəsdən qəbrin üstünə uçurması nəticəsində bacısının qəbir daşı və qəbirüstü tikililərin dağıldığını görmüşdür. Cavabdehdən həmin qəbrin əvvəlki vəziyyətini bərpa etməyi tələb etsə də sonuncu bundan imtina etmiş, 700 manat pul müqabilində bərpa etdirəcəyini bildirmişdir. O, el qınağından utandığına görə həmin pulu cavabdehə vermiş və qəbri bərpa etdirməyə məcbur olmuşdur. Ancaq ona həmin pulu geri alacağını bldirmişdir. Cavabdeh qanunsuz olaraq həmin qəbiristanlıqda torpaq satışını da həyata keçirir. Belə ki, Cavabdeh bacısının qəbrinin qarşısındakı torpaq sahəsini başqa şəxsə satmış, həmin şəxs də qəbirin kənarına dəmir “reşotka” (məhəccər) çəkmişdir. Bacısının qəbrinin qarşısında yerləşən qəbrin kənarına dəmir “reşotka” (məhəccər) çəkilməsi nəticəsində bacısının qəbir daşının olduğu yerə daxil olmaq üçün düzəldilmiş dəmir “reşotka” (məhəccər)in darvaza hissəsi bağlanmışdır. Onun tələbindən sonra Cavabdeh bacısının qəbrinin qarşısında yerləşən qəbrin kənarına çəkilmiş dəmir “reşotka” (məhəccər)in bir hissəsini daraltsa da, bu kifayət etməmişdir. Hazırda o, çox çətinliklə bacısının qəbrinin olduğu əraziyə daxil ola bilir. Yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində bacısının qəbrinin olduğu əraziyə gedən yol daraldmışdır. O, bununla əlaqədar X12 hakimiyyəti başçısına, X4 və Şəki şəhər-rayon Polis Şöbəsinə müraciət etmiş, məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı onun vəkili Vəkil İddiaçı verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh, Şəki şəhər bələdiyyəsinin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 və Bərpası Müəssisəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin məhkəmənin xx xxxx 2020-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək göstərmişdi ki, o, 42 ildir ki, həmin qəbiristanlığa nəzarət edir. Onu həmin qəbiristanlığa Səlim Əfəndi təhkim etmişdir. O, qəbiristanlıqda qəbir daşlarının pozulmuş yazılarını yazır, otu təmizləyir, ağaclardan qopan budaqları yığışdırır, bir sözlə, həmin qəbiristanlığı sahmana salır. İddiaçını 2006-cı ildən, yəni həmin qəbiristanlıqda bacısını dəfn edəndən sonra tanımışdır. Dəfndən sonra iddiaçı bacısının qəbrinə baş daşı qoymuşdur. Qəbrin kənarına dəmir “reşotka” (məhəccər) çəkdirmişdir. O, 2007-ci ildə qəbiristanlığa gələndə orada haray-həşir səsləri eşitmiş və yaxınlaşanda “Zinyət” adlı qadının orada qoz ağacının budağını kəsdirdiyini, budağının iddiaçının bacısının qəbrinin “reşotka” (məhəccər)in üstünə düşdüyünü və “reşotka” (məhəccər)in əzildiyini görmüşdür. Həmin vaxt iddiaçının bacısının baş daşı yerindən çıxsa da baş daşında heç bir zədə olmamış və yalnız tinində xırda uçuq olmuşdur. O, “reşotka” (məhəccər)i və baş daşını düzəltmiş və iddiaçı buna görə ona 75 manat pul vermişdir. Həmin 75 manat pul fəhləyə, elektrik enerjisinə, qaynaq işlərinə sərf edilmiş və ona heç bir qazanc qalmamışdır. Bir ilə yaxındır ki iddiaçının bacısının qəbrinin yanında əlavə meyit basdırılmış və meyiti basdıran şəxs qəbrin kənarında “reşotka” (məhəccər) çəkdirmişdir. Qonşu tərəfindən “reşotka” (məhəccər) qoyulduqdan sonra iddiaçının bacısının qəbrinin kənarına çəkilmiş dəmir “reşotka” (məhəccər)in darvazası çətinliklə açıldığından o, iddiaçının qonşusunun qoyduğu dəmir “reşotka” (məhəccər)i 30 sm daraltmışdır. O, qonşunun “reşotka” (məhəccər)ini kiçiltdikdən sonra iddiaçı qonşu “reşotka” (məhəccər)in bir hissəsini də kəsib oranın görkəmini pozmuşdur. Məhkəmədən bütün bunları nəzərə alaraq iddianı rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X5 bildirdi ki, həqiqətən də iddiaçının bacısının qəbrinə gedən yolda cavabdeh tərəfindən qanunsuz dəmir “reşotka” (məhəccər)in çəkilmişdir. Belə ki, iddiaçı ilə birlikdə qəbri ziyarət edərək onun dağıdılmasını və qəbrə gedən yolun kifayət qədər daraldılmasını görmüşdür. Bunun kim tərəfindən edilməsini görməsə də, Cavabdeh tərəfindən dağıdılmasını bilmişdir. Bundan başqa iddiaçıdan eşitdiyinə görə qəbrin bərpası üçün 700 manat pul xərcləmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X6 digər şahid X3 izahatına oxşar olan eyni məzmunlu ifadə vermişdir. Əlavə olaraq bildirmişdir ki, qəbrin dağıdılmasını bilavasitə görməmiş, atası Sahib Cəlilovdan eşitmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş X1 Şəki-Oğuz bölgəsi üzrə qazısı tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 132 nömrəli məktubdan görünür ki, X1 yerlərdəki nümayəndəliyi QMİ-nin “Qazılar Şurası haqqında əsasnamə”yə əsasən təhkim olunduğu bölgədə dindarların ancaq şəri məsələlərini həll edir, öz dini mərkəzindən aldığı fətva və tövsiyələri həyata keçirir. Şəki şəhəri “Kərpic zavodu” adlanan ərazidə yerləşən qəbiristanlığın müdriyyəti, həmin qəbiristanlığa kimin nəzarət etməsi onlara məlum deyil, kimin nəzarət etməsini müəyyən etmək də onların səlahiyyətləri xaricindədir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki bələdiyyə sədri tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 513 nömrəli məktubdan görünür ki, Şəki şəhərində yerləşən qəbiristanlıqlar Şəki bələdiyyəsinə təhvil verilmişdir. Qəbiristanlıqların çoxu və eyni zamanda “Kərpic zavodu” adlanan ərazidəki qəbiristanlığın yerləşdiyi torpaq sahəsi meşə fonduna aid olduğundan həmin torpaq sahələrinin idarə olunması bələdiyyənin səlahiyyətlərinə aid deyil. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı X11 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 513 nömrəli məktubdan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən Xidmətin 12 saylı X11 daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan qeydiyyat orqanıdır və ərazi idarəsində yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlaklar barədə məlumatlar mövcuddur. Bu səbəbdən, sorğularda qeyd edilən məsələnin həlli ilə bağlı aidiyyəti üzrə müraciət edilməsi məqsədəmüvafiqdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş X12 Hakimiyyəti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 2/773 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qəbiristanlıqların salınması və idarə olunması”nın təsdiq edilməsi barədə xx xxxxxx 2018-ci il tarixli 522 nömrəli Qərarına əsasən qəbiristanlıqlar bələdiyyələrə verilmişdir və məktubda qeyd edilən qəbiristanlığın yerləşdiyi torpaq sahəsi X12 Hakimiyyətinin balansında deyildir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbinin maddi ziyanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Konstitusiyanın 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona dəymiş zərərin əvəzi tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neqanti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından gələ bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı Cavabdeh tərəfindən ona 700 manat maddi ziyan vurulduğunu, bacısının qəbrinin bərpası üçün sonuncuya həmin miqdarda pul verdiyini bildirsə də, həmin pul məbləğinin Cavabdeh verilməsini təsdiq edən hər hansı bir mötəbər sübut İddiaçı tərəfindən məhkəməyə təqdim etmədiyindən, həmin pulun verilməsi şahid ifadələri ilə təsdiq edilmədiyindən və sübutetmə yükünün iddiaçının üzərinə düşdüyündən iddia tələbi maddi ziyan hissəsində əsaslı deyildir. Məhkəmə iddia tələbinin qanunsuz tikilinin sökülməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitutsiyasının 60-cı maddəsinin tələblərinə əsasən qeyd edir ki, məhkəmələr pozulmuş hüquqların müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci və 5.3-cü maddələrinin tələbinə görə iddiaçı yalnız özünün qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları ilə bağlı məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qəbiristanlıqların salınması və idarə olunması”nın təsdiq edilməsi barədə xx xxxxxx 2018-ci il tarixli 522 nömrəli Qərarına əsasən qəbiristanlıqlar bələdiyyələrə verilmişdir. Həmin Qərarın 12.2-ci maddəsinə qəbiristanlıqların normal fəaliyyətinin təşkil edilməsi məqsədi ilə bələdiyyə qəbiristanlığın ştat cədvəlini və xərclər smetasını təsdiq edir; qəbiristanlığın müdiriyyətini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul və işdən azad edir; qəbiristanlığın qorunması, saxlanılması və abadlaşdırılması ilə bağlı işlərin görülməsini təmin edir; mövcud qəbiristanlıqların ərazisinin genişləndirilməsinə və yeni qəbiristanlığın salınmasına dair bu Qaydaların 11-ci hissəsinə və torpaq qanunvericiliyinə uyğun olaraq təkliflər verir; əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin dəfn mərasimlərinin təşkilinə yardım göstərir. Odur ki, İddiaçı Şəki şəhəri “Kərpic zavodu” adlanan ərazidə yerləşən qəbiristanlıqda bacısının qəbrinə gedən yolda çəkilmiş dəmir “reşotka” (məhəccər)in sökülməsini mübahisələndirmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apelyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Göründüyü kimi şəxsin tələblə məhkəməyə müraciəti zamanı ilk növdədə onun həmin tələblə iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması və cavabdeh tərəfindən şəxsin subyektiv hüququnun pozulub-pozulmaması halları araşdırımalıdır. Subyektiv hüququn yaranması üçün ən vacib elementi olan öz hərəkətlərinə hüquqi ixtiyar hazırkə tələbdə iddiaçıya məxsus deyildir. Birinci element olmadığı təqdirdə subyektiv hüququn digər elementlərindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.2-ci maddəsinə əsasən mülkiyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçının qeyd edilən əraziyə dair mülkiyyət sənədləri olmadığından, mübahisəli ərazi bələdiyyəyə məxsus olduğundan məhkəmə iddiaçının iddiasını əsassız hesab edir. Şərh edilən maddələrə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı «maddi ziyan və qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddiası əsassız hesab edilərək təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh və X4 qarşı «ünvan 1 ünvanında yaşayan Cavabdeh ona vurduğu 700 manat maddi ziyan və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi, ümumi istifadədə olan qəbiristanlıqda bacısının qəbrinə gedən yolda qanunsuz çəkdiyi dəmir “reşotka” (məhəccər)in sökülməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-584/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-584/2020
15.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver