Məhkəmə qərarları › İş №2(075)-65/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-65/2022

18.11.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-65/2022 18.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Baltalı bələdiyyəsinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı yolun açılması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Baltalı kəndində yerləşən ona məxsus torpaq sahəsinə gediş-gəliş yoluna Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və yolun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 12 mart 1999-cu il tarixli, 4 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 2803 kv.metr torpaq sahəsi Azərbaycan Respubliksı Dövlət Torpaq və Xəritəçəkmə Komisətisinin A 446622 nömrəli (10018) torpaq sahəsinin plan və ölçü sənədi əsasında onun mülkiyyətim verilmişdir. Mülkiyyətində olan həmin torpaq sahəsinə gedişgəliş yolu qonşusu Cavabdeh tərəfindən məhdudlaşdırılmış və bununlə əlaqədar Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aparatına mürəciət etmiş və onun müraciəti araşdırılması üçün Baltalı kənd Bələdiyyəsinə göndərilmişdir. Baltalı kənd bələdiyyəsi tərəfindən əraziyə baxış keçirilmiş, qonşusu Cavabdeh yolun məhdudlaşdırılmasının qanunvericiliyə zidd olduğu bildirilərək, yolun açılması tələb olunmuşdur. Lakin Cavabdeh buna məhələ qoymamış və hələ də həmin yolun məhdudlaşdırılması aradan qalxmamışdır. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin təşəbbüsü ilə X9, X4 və Şəki rayon Baltalı bələdiyyəsi iddia predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh, onun vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9, X4 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, uzun müddətdir ki, mübahisələndirdiyi ərazidən yol kimi istifadə edir. Həmin ərazi yol olmasa qaz xətti çəkilməzdi. Cavabdeh məhz yol kimi nəzərdə tutulan ərazini zəbt etmiş və onun torpaq sahəsinə gedən yolu bağlamışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Baltalı kənd bələdiyyəsinin nümayəndəsi X8 qeyd etdi ki, cavabdeh tərəfindən zəbt olunan ərazidən həmişədən yol olmuşdur. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki iclasda iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, əvvəllər yol onun torpağından kənardan olmuşdur. Lakin sonradan həmin yol olan torpaq sahəsi yol qarışıq satılmışdır üçüncü şəxslərə. Bundan sonra onun torpağından iddiaçı yol kimi istifadə etmişdir. Buna görədə qaz xətti də həmin yol kimi istifadə olunan yerdən çəkilmişdir. Əslində iddiaçının mübahisələndirdiyi ərazi onun mülkiyətindədir. İddianın təmin olunmamasını xahiş etmişdir. Əvvəlki iclasda iştirak edən Cavabdeh vəkili Vəkil iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdmişdir. Əvvəlki iclasda iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iddiaçının evinə olan yolun başqa ərazidən keçdiyini, həmin yol olan torpaq sahəsinin satıldığını qeyd edib, qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baltalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 24 iyul 2021-ci il tarixli, 312 nömrəli arayışından görünür ki, İddiaçı Şəki rayonu Baltalı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş A 446622 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin surətindən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 12 mart 1999-cu il tarixli, 4 nömrəli qərarı ilə Şəki rayonu Baltalı kənd sakini İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı üçün 2803 kv.metr torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-297A Kod 40400038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 12 mart 1999-cu il tarixli, 24 nömrəli qərarı ilə Şəki rayonu Baltalı kənd sakinləri Cavabdeh, X6 və X2 0,45 hektar torpaq sahəsi verilmişdir. İş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(075)-65/2022 saylı qərardad ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Həmçinin sözügedən qərardad icra edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin 24 avqust 2022-ci il tarixli mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli, 10/5202 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki: - İddiaçı mülkiyyətində olan JN-296 F 0.24 hektar torpaq sahəsinə gediş-gəliş yolu tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. JN-296 F 0.24 hektar torpaq sahəsi ilə A seriyalı, 446622 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 2803.00 kv.m torpaq sahəsi hər ikisi iddiaçıya aid olduğundan və həmsərhəd olduğundan qeyd edilən A seriyalı, 446622 nömrəli, “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 2803.00 kv.m torpaq sahəsinə gediş-gəliş yolu JN-296 F 0.24 hektar torpaq sahəsinin sərhədləri daxilindən keçməklə ayrılması məqsədə uyğundur. - DWG faylında (mülkiyyətə verilən torpaqların kompleks yerquruluşu planı) JN-297 A nömrəli (KOD ********) “Torpağın Mülkiyyətə Verilməsinə dari Şəhadətnamədə” göstərilmiş 0.45 ha torpaq sahəsinin sərhədləri daxilindən iddiaçı X7 məxsus A seriyalı 446622 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 2803.00 kv.m torpaq sahəsinə yol keçmir. - X7 məxsus A seriyalı 446622 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 2803.00 kv.m torpaq sahəsi ilə iddiaçı X5 mülkiyyətində olan JN-296 F nömrəli (KOD ********) “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə” göstərilən 0.24 hektar həyətyanı torpaq sahəsi həmsərhəd olduğundan gediş-gəliş yolu nəzərdə tutulmayıb. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 12 mart 1999-cu il tarixli, 4 nömrəli qərarı ilə Şəki rayonu Baltalı kənd sakini İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı üçün 2803 kv.metr torpaq sahəsi verilmişdir. Həmçinin Şəki rayon Aqrar İslahat Komissiyasının 12 mart 1999-cu il tarixli, 24 nömrəli qərarı ilə Şəki rayonu Baltalı kənd sakinləri Cavabdeh, X6 və X2 0,45 hektar torpaq sahəsi verilmişdir. İddiaçı, onun mülkiyyətinə verilmiş torpaq sahəsinə gediş-gəliş yolunun cavabdeh tərəfindən zəbt edildiyini və həmin yolun açılmalı olduğunu əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddiaçının, açılmalı olduğunu iddia etdiyi yolun onun mülkiyyətinə verilmiş torpaq sahəsindən keçməsini əsas gətirərək iddia tələbinə etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir kəs digər şəxslərin hüquq və qanunla qorunan mənafeyinə ziyan vurmadan öz əmlakından istədiyi kimi istifadə və sahiblik edə və onun barəsində sərəncam verə bilər. Bu hüquqdan sui-istifadə etmək yol verilməz olduğu halda, həmin hüququn məhdudlaşdırılmasının iddia edilməsi isə həmin tələbi irəli sürən tərəfə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək öhdəliyi yaradır. Hazırkı halda iddiaçı cavabdeh tərəfindən öz hüquqlarının həyata keçirilməsinin məhdudlaşdırıldığını göstərsə də, bu hüququn məhdudlaşdırılmasını ehtiva edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksinə məhkəmə araşdırması nəticəsində, eyni zamanda mütəxəssis və ekspert rəyləri əsasənda müəyyən edilmişdir ki, Şəki rayonu Baltalı kəndində İddiaçı mülkiyyətində 2803 kv.metr torpaq sahəsindən əlavə həmin torpaq sahəsi ilə həmsərhəd olan JN-296 F seriyalı, 0.24 hektar torpaq sahəsi də vardır. Həmin torpaq sahəsinə gedişgəliş yolu tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. JN-296 F seriyalı 0.24 hektar torpaq sahəsi ilə A seriyalı, 446622 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 2803.00 kv.metr torpaq sahələrinin hər ikisi iddiaçıya aid olduğundan və həmsərhəd olduğundan iddiaçının tələb etdiyi gediş-gəliş yolunun JN-296 F seriyalı 0.24 hektar torpaq sahəsinin sərhədləri daxilindən keçməklə ayrılması mümkündür ki, bunun nəticəsində də tərəflərdən heç birinin hüquqları pozulmayacaqdır. Məhkəmənin hazırkı iclasında iştirak edən və mübahisə üzrə rəy vermiş ekspert Ziya Tağıyev da verilmiş ekspert rəyinə aydınlıq gətirərək yuxarıda qeyd edilən xüsusatları təsdiqləmiş və iddiaçıya ancaq onun mülkiyyətində olan torpaq sahələrindən keçməklə gediş-gəliş yolunun açılmasının məqsədəuyğun olmasını bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya ayrılmış pay torpaq sahəsinə (iddiaçının yol yeri istədiyi ərazidə) gediş-gəliş yolu Cavabdeh tərəfindən tutulmadığı müəyyən olunur. İddiaçı iddia etdiyi yer isə torpaq sahələrinə gedən yol deyildir və Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi olmaqla, cavabdehin və ailə üzvlərinin istifadəsindədir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən iddiaçının tələbi əsasında gediş-gəliş yolunun açılması cavabdehin və onun ailə üzvlərinin qanunla qorunan hüquqlarını pozmuş olar ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Şəki rayonu, Baltalı kəndində yerləşən, ona məxsus torpaq sahəsinə gediş-gəliş yoluna Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və yolun açılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ **********0000003944, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Şəki rayonu, Baltalı kəndində yerləşən, ona məxsus torpaq sahəsinə gedişgəliş yoluna Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və yolun açılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ **********0000003944, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar