Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-685/2021 11.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh tərəfindən ona dəymiş maddi zərərin əvəzi olaraq 1000 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona dəymiş maddi zərərin əvəzi olaraq 1000 manatın və dövlət büdcəsinə ödədiyi 30 manatın, Şəki Rayon Məhkəməsinin 2(075)-463/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən X2 verilməli olan 1009 manatın və 25 manat dövlət rüsumunun, ümumilikdə 2064 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh səhlənkarlığı nəticəsində ona məxsus 1000 manat dəyərində inək naxırdan qayıdarkən X2 məxsus avtomobillə vurulmuşdur. İnək təxminən 3-5 gün sonra ölmüşdür. Bundan başqa Cavabdeh səhlənkarlığı nəticəsində Göybulaq kənd sakinləri Mirzəxan, Əlican və Namiq adlı şəxslərə də maddi və mənəvi zərər dəymişdir. Şəki Rayon Məhkəməsinin icraatında Mingəçevir şəhər sakini X1 da iddiası olmuşdur. Cavabdeh iddia ərizəsində göstərdiyi pulu könüllü olaraq ona qaytarmaq istəmir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, Şəki rayonu Göybulaq kəndində olan qaydalara əsasən naxıra növbəli nəzarət edilir. 19 noyabr 2020-ci il tarixdə naxıra nəzarət etmək Cavabdeh həvalə edilmişdir. Lakin Cavabdeh səhlənkarlığı nəticəsində ona məxsus bir baş inəyi Mingəçevir sakini X3 özünə məxsus “Hyundai Accent” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobil ilə vurmuşdur. İnəyin vəziyyətinin yaxşı olmadığını görüb baytar Ramiz Qaffarovu çağırmışdır. Belə ki, maşın vurduqdan sonra inək otura və “çölə çıxa” bilməmişdir. Belə ki, onun arxa ayaqları və qabırğaları qaralmış, “çölə çıxa” bilmədiyindən peyin malın daxilinə yığılmışdır. Baytar mala baxdıqdan sonra inəyin vəziyyətinin yaxşı olmadığını, ən yaxşı halda şikəst qalacağını bildirmişdir. Hadisədən 4-5 gün sonra inək ölmüş, ona 1000 manat ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, Şəki rayonu Göybulaq kəndində yaşayır və məktəb direktoru işləyir. Kənd camaatı arasında olan qaydalara əsasən naxıra növbəli nəzarət edilir. 19 noyabr 2020-ci il tarixdə naxıra nəzarət etmək ona həvalə edilmişdir. Lakin həmin gün məktəbdə işi olduğundan naxıra gedə bilməmiş, naxırçıya 30 manat pul verərək ona əvəz etməsini xahiş etmişdir. Sonradan həmin gün naxırda bir heyvanı maşın vurduğunu, bir heyvanın isə öldüyünü eşitmişdir. Həmin gün naxırda olmadığından hesab edir ki, onun heç bir təqsiri yoxdur. O halda onun təqsiri olardı ki, inək gəlib çıxmasın. Lakin o, iddiaçı ilə birlikdə inəyi axtarmış, Mingəçevir sakinin həmin inəyi vurduqdan sonra maşına mindirib apardığını müəyyən etmişlər. Hətta inək maşın vurduqdan bir həftəyə yaxın müddət ərzində sağ olmuş, sonradan ölmüşdür. Bundan başqa kənd camaatı arasında olan qayda-qanunlara əsasən mal naxırdan qayıtdıqdan sonra ağacın yanına qədər müşayiət olunur, ondan sonrası üçün naxırçı cavabdeh deyil. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, sözügedən ağacla inəyin vurulduğu yer yaxın-yaxınadır. Əgər inək həmin yerə gəlməsə idi, maşın necə vurardı. Odur ki, bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə mülki proses tərəflərinin izahatlarını, şahidlərin ifadəsini dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X6 izahat verərək bildirdi ki, baytar-həkimdir. İddiaçı və cavabdehin Şəki rayonu Göybulaq kənd sakinləri kimi tanıyır. İddiaçı onu malına baxmaq üçün çağırmışdır. O da vəzifə borcunu yerinə yetirmək üçün inəyə baxmışdır. İnəkdə yırtıq olmuş, iddiaçıya inəyin vəziyyətinin yaxşı olmadığını, yırtığın genişlənərək inəyin nə vaxtsa öləcəyini bildirmişdir. Lakin iddiaçıya inəyi kəsməyi və ya satmağı barədə fikir bildirməmişdir. Bundan başqa inəyi yoxlamış, boğaz olmadığını demişdir. Danışdıqlarından başqa heç nə bilmir. Sonradan inəyin öldüyünü eşitmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X5 izahat verərək bildirdi ki, iddiaçı onun kürəkənidir. Cavabdehi isə hələ Dağıstanda olarkən tanımışdır. Hazırda sözügedən inəyi də nəvəsinə hədiyyə etmişdir. Mahiyyəti üzrə bildirdi ki, kənd camaatı arasında olan qaydalara əsasən naxıra növbəli nəzarət edilir. 19 noyabr 2020-ci il tarixdə naxıra nəzarət etmək Cavabdeh həvalə edilmişdir. Bildirdi ki, o, cavabdehdən yaşca böyük olsa da, öz növbəsində naxıra özü gedir. Cavabdeh və kənddə bir-iki nəfər var ki, öz növbələrində pul verib naxıra çıxmırlar. Onların əvəzinə çıxanlar da səhlənkarlıq edirlər. 19 noyabr 2020-ci il tarixdə dörd nəfərin – onun, Namiqin, Mirzəxanın və Elburusun inəyi yoxa çıxmışdır. Namiqin inəyini canavar parçalamış, Elburusun inəyini isə maşın vurmuşdur. O biri inəkləri isə gedib özləri axtarıb tapmışlar. Elburusun inəyinin maşın vurulan gün vəziyyəti yaxşı olmadığından baytar həkim gətirmişlər. Baytar inəyə baxıb çox qalmayacağını demişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X4 izahat verərək bildirdi ki, iddiaçı onun qohumudur. Cavabdeh isə hələ Dağıstanda qonşusu olmuşdur. 19 noyabr 2020-ci il tarixdə Cavabdeh naxıra nəzarət etməli olsa da, etmədiyindən ona məxsus inək itmişdir. İnəyi səhəri gün gedib özü tapmışdır. Bundan başqa həmin gün naxırda Elburusa məxsus inəyi maşın vurduğunu eşitmişdir. İşdə olan “xxxx” Qiymətləndirmə MMC tərəfindən verilmiş 12 iyun 2021-ci il tarixli, 1105/21 saylı rəydən görünür ki, bir baş iribuynuzlu ana malın 12 iyun 2021-ci il tarixə olan təqribi bazar qiyməti 1000 manatdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-463/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı 1009 manat pul və 25 manat dövlət rüsumunun alınaraq X2 verilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, İddiaçı 19 noyabr 2020-ci il tarixdə ona məxsus bir baş inəyi naxıra göndərmişdir. Lakin həmin gün inəyi avtomobil vurmuş, aldığı zərbələrdən sonra inəyin vəziyyəti ağırlaşmış və 4-5 gün sonra ölmüşdür. İnəyin ölməsi nəticəsində iddiaçıya 1000 manat maddi ziyan dəymişdir. Həmçinin, məhkəmə qətnaməsi əsasında “Hyundai Accent” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş 1009 manatın maddi ziyanın malın sahibi İddiaçı alınaraq avtomobilin sahibi X2 verilməsi qət edilmişdir. Həmin gün naxıra nəzarət etmək Cavabdeh tapşırılmışdır. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir və iddianı müdafiə edir. Cavabdeh isə həmin gün naxıra çıxa bilmədiyini və müəyyən ödəniş əvəzində başqa şəxsin çıxdığını bildirərək iddianı qəbul etmir. Məhkəmə, iş üzrə bütün diqqətəlayiq halları araşdıraraq iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi və prosessual hüquq normalarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 780.2-ci maddəsinə əsasən əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, iddiaçı özünə məxsus bir baş inəyi cavabdehə həvalə edilmiş naxıra göndərmişdir. Cavabdeh tapşırığın icrasını üçüncü şəxsə vermiş və nəticədə inəyi maşın vurmuşdur. Buna görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 780.2-ci maddəsinə əsasən vəkalət alan cavabdeh üçüncü şəxsin hərəkətləri üçün öz hərəkətləri kimi məsuliyyət daşıyaraq iddiaçıya vurduğu zərərin əvəzini ödəməyə borcludur. İddiaçıya dəymiş ziyan “xxxx” Qiymətləndirmə MMC tərəfindən 1000 manat müəyyən edilmişdir. Buna görə də Cavabdeh törətmiş olduğu mülki hüquq pozuntusu (delikt) nəticəsində İddiaçı vurulmuş zərərin əvəzi, yəni 1000 manat onun tərəfindən tam həcmdə ödənilməlidir. Bundan başqa Şəki Rayon Məhkəməsinin 2(075)-463/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı X1 xeyrinə ona məxsus “Hyundai Accent” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş 1009 manat maddi ziyan və 25 manat dövlət rüsumunun ödənilməsi müəyyən edilmişdir ki, həmin maddi ziyan Cavabdeh səhlənkarlığı nəticəsində baş vermişdir. Odur ki, Cavabdeh vurduğu zərərin əvəzini X2 ödəməli olan İddiaçı cavabdehdən ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və məhkəmə iclasında tətbiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 1000 manat və 30 manat dövlət rüsumu, həmçinin Şəki Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(075)-463/2021 saylı qətnaməsinə əsasən X2 verilməli olan 1009 manat və 25 manat dövlət rüsumu olmaqla, cəmi 2064 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 357-362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 1000 manat və 30 manat dövlət rüsumu, həmçinin Şəki Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(075)- 463/2021 saylı qətnaməsinə əsasən X2 verilməli olan 1009 manat və 25 manat dövlət rüsumu olmaqla, cəmi 2064 manat alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-685/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-685/2021
11.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver