Məhkəmə qərarları › İş №2(075)-796/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-796/2021

20.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-796/2021 20.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları 24 dekabr 2011 -ci il təvəllüdlü X1 və 25 dekabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh alınaraq ona verilən aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Cavabdeh Viləyət oğlu ilə nikahları 2010-cu il tarixdə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş və Cavabdeh Şəki rayonu Baş Zəyzid kəndində yerləşən ata evinə gəlin köçmüşdür. Birgə yaşadıqları dövrdə onların 24 dekabr 2011-ci il tarixdə Aysun və 25 dekabr 2012-ci il tarixdə isə Aylin adında uşaqları anadan olmuşdur. Cavabdehlə bir müddət səmimi ailə münasibətlərində olmuş və sonradan xasiyyətləri uyğun gəlmədiyindən Şəki Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə nikahları pozulmuşdur. Onlar ayrıldıqdan sonra uşaqları azyaşlı olduğundan məhkəmə tərəfindən onun himayəsinə verilmişdir. Şəki Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli, 2(075)-620/2019 saylı qətnaməsi ilə 24 dekabr 2011-ci il təvəllüdlü X3 və 25 dekabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh sabit pul məbləğində hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat alimentin tutularaq Zəkəryəyeva (İsayeva) Səfa Fərman qızına verilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(075)-264/2020 saylı məhkəmə qətnaməsinə əsasən Cavabdeh Viləyət oğlundan hər ay, hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 280 manat məbləğində alimentin tutulub iki uşağın saxlanılması üçün ona ödənilməsi qət edilmişdir. Cavabdeh təyin edilmiş aliment pulları ilə bağlı hər ay mütəmadi olmasa da, ödənişlər edir. Lakin, həmin məbləğə bir uşağın saxlanılması qeyri mümkündür. Cavabdeh isə ona əlavə maddi yardım göstərmir. Hal-hazırda uşaqların yaxşı təhsil alması üçün onların hər birinə 50 manat olmaqla, cəmi 100 manat verib hazırlığa göndərir. Həmçinin 140 manat pul vəsaitinin alıcılıq dəyəri demək olar ki, yoxdur. Ona görə də hesab edir ki, müəyyən edilmiş aliment məbləği hazrki şəraitdə həddindən çox azdır. Cavabdehin özünə məxsus ferması, iribuynuzlu heyvanları vardır, həmçinin cavabdeh kənd məhsullarının satışı ilə məşğuldur. Cavabdehin maddi vəziyyəti olduqca yaxışıdr. Göstərmişdir ki, cavabdeh qeyri-rəsmi ailə qurmuşdur və həmin nikahdan 3 uşağı vardır. Qeyd etmişdir ki, cavabdehin maddi vəziyyəti yaxşıdır ki, onun ikinci nikadan da 3 uşağı doğulmuşdur. Belə ki, cavabdehin ikinci dəfə evlənməsi və 3 uşağının doğulması onun maddi vəziyyətinin yaxşı olmasından xəbər verir. Bildirmişdir ki, özü də işləməklə 276 manat əmək haqqı alır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(075)-264/2020 saylı qətnaməsindən görünür ki, 24 dekabr 2011-ci il təvəllüdlü X3 və 25 dekabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat aliment tutularaq Zəkəryəyeva (İsayeva) Səfa Fərman qızına ödənilməsi qət edilmişdir. İşdə olan vahid məhkəmə portalından 20.05.2021-ci il tarixdə çıxarılmış vətəndaş haqqında məlumatdan görünür ki, İddiaçı uşaq bağçasında tərbiyəçi vəzifəsində işləyir və əmək haqqısı 276,50 manat təşkil edir. İşdə olan vahid məhkəmə portalından 20.05.2021-ci il tarixdə çıxarılmış vətəndaş haqqında məlumatdan görünür ki, Cavabdeh 24 dekabr 2011-ci il təvəllüdlü X3, 25 dekabr 2012-ci il təvəllüdlü X4 və 12 sentyabr 2014-cü il təvəllüdlü X5 adlı uşaqları vardır. Mülki proses tərəflərinin izahatlarını dinləyib, işdə mövcud olan sənədləri araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Belə ki, aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, aliment miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs aliment miqdarının artırılmasını tələb edə bilər. Məhkəmə tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimentin miqdarını dəyişməyə və yaxud aliment ödəyən şəxsi onu ödəməkdən azad edə bilər. Həmin məsələ məhkəmədə müzakirə edildikdə, buna əsas olan halın daimi xarakter daşıyıb-daşımaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh əvvəllər ailəli olmuş və onların birgə nikahlarından 24 dekabr 2011-ci il təvəllüdlü X3 və 25 dekabr 2012ci il təvəllüdlü X4 adında uşaqları doğulmuşdur. Sonradan onlar arasındakı nikah pozulmuş və hal-hazırda hər uşaqlar ananın himayəsindədir. Cavabdeh həmin uşağa görə iddiaçıya məhkəmənin 23 yanvar 2020-ci il tarixli, 2(075)-264/2020 nömrəli qətnaməsi üzrə hər ay ümumilikdə 280 manat aliment ödəyir. İş materialları ilə müəyyən olundu ki, cavabdeh ikinci dəfə qeyr-rəsmi ailə qurmuş və nikahdan kənar 12 sentyabr 2014-cü il təvəllüdlü X5 adlı əlavə bir uşağı da anadan olmuşdur. İddiaçının məhkəmə iclasında bildirməsinə görə isə cavabdehin ikinci nikahdan 3 uşağı vardır. Göründüyü kimi cavabdehin maddi vəziyyətində müsbət hər hansı dəyişiklik baş verməmiş, versə də iddiaçı məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Əksinə iddiaçının bildirməsinə görə cavabdehin ikinci nikahdan daha 3 uşağı vardır. Məhkəmə hesab edir ki, iddiaçının himayəsində qalan uşaqlar üçün müəyyən edilmiş 140 manat aliment məbləği hazırkı vəziyyətdə həmin uşaqların saxlanması üçün məqsədəmüvafiqdir. Həmçinin həmin aliment məbləği Şəki rayonu üzrə məhkəmə təcrübəsi ilə formalaşmış aliment məbləğinə uyğundur. İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməyərə, iddiaya hər hansı münasibət bildirməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddiaçının özünün də işləyərək 276.50 manat gəlir əldə etməsini, sonuncu dəfə alimentin qət edilməsindən sonra iddiaçı tərəfindən cavabdehin qazancında müsbət dəyişikliyin baş verməsi barədə məhkəməyə heç bir sübutun təqdim edilməməsini, həmçinin iddiaçının deməsinə görə cavabdehin ikinci qeyri-rəsmi nikahından 3 uşağının olmasını nəzərə alaraq məhkəmə iddianı əsaslı hesab etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı uşaqları 24 dekabr 2011 -ci il təvəllüdlü X1 və 25 dekabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh alınaraq ona verilən aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat məbləğində müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddiaçı uşaqları 24 dekabr 2011 -ci il təvəllüdlü X1 və 25 dekabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh alınaraq ona verilən aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat məbləğində müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar