Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-835/2021 07.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçı BOKT «xxxx» MMC-nin etibarnamə üzrə nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı BOKT «xxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada BOKT «xxxx» MMC-nin xeyrinə 4510.00 manat əsas, 112.78 manat faiz və 0.75 manat cərimə borcu olmaqla, cəmi 4623.53 manat məbləğində borc, həmçinin 30 manat dövlət rüsumu və 0.40 manat bank xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT «xxxx» MMC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar BOKT «xxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli Kredit (restrukturizasiya) müqaviləsinə əsasən kredit təşkilatı borcluya 60 ay müddətinə, illik 1% olmaqla 4510.00 manat məbləğində kredit vermişdir. 14 oktyabr 2019-cu il tarixli Kredit (restrukturizasiya) istehlak müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə həmin tarixdə BOKT «xxxx» MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 Cavabdeh1 kredit təşkilatı qarşısında 14 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Hazırda cavabdehlər “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri kredit təşkilatına ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmirlər. Cavabdehlər kredit borcundan indiyədək heç bir ödəniş etməmişlər. Hazırda cavabdehlərin BOKT «xxxx» MMC-yə 4510.00 manat əsas, 112.78 manat faiz və 0.75 manat cərimə borcları vardır. Məhkəmə iclasında iddiaçı BOKT «xxxx» MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, Cavabdeh1 Cəmiyyətin Şəki filialının daimi müştərisi olmuş və müxtəlif vaxtlarda müraciəti əsasında ona kredit verilmişdir. Cavabdeh1 aşağıda göstərilən kreditlər verilmişdir: 11 avqust 2010-cu il tarixdə 12 ay müddətinə 300.00 (üç yüz) manat məbləğində kredit verilmiş və 11 avqust 2011-ci il tarixdə tam şəkildə ödənilmişdir. 24 aprel 2012-ci il tarixdə 12 ay müddətinə 600 (altı yüz) manat məbləğində kredit verilmiş və 24 aprel 2013-cü il tarixdə tam şəkildə ödənilmişdir. 13 yanvar 2015-ci il tarixdə 15 ay müddətinə 1200.00 (bir min iki yüz) manat məbləğində kredit verilmiş və beş ay sonra 11 iyun 2015-ci il tarixdə tam şəkildə ödənilmişdir. 11 iyun 2015-ci il tarixdə 18 ay müddətinə 4100 (dörd min bir yüz) ABŞ dolları məbləğində kredit verilmiş və kredit üzrə heç bir ödəniş edilməmişdir. Həmin kredit Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının əhatə dairəsinə düşmüşdür. Belə ki, kompensasiya hesablanaraq silinmiş və qalıq məbləğ olan 4510.00 (dörd min beş yüz on) manat məbləğin yenidən restrukturizasiya edilməsi borclulara təklif edilmişdir. 14 oktyabr 2019-cu il tarixdə Fərman əsasında Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə müvafiq olaraq 7819/5 saylı kredit (restrukturizasiya) və zaminlik müqavilələri imzalanmışdır. 14 oktyabr 2019-cu il tarixli, 7819/5 saylı kredit (restrukturizasiya) müqaviləsi imzalandıqdan sonra borclular tərəfindən 25 noyabr 2019-cu il tarixdə 10.00 (on) manat, 10 fevral 2020-ci il tarixdə isə 15.00 (on beş) manat pul ödənilmişdir. Bundan başqa müqavilə restrukturizasiya edilməmişdən əvvəlki borc üzrə məhkəmə əmri olmuş, borclular tərəfindən əmrdən etiraz verilməmişdir. Məhkəmə əmri icraya yönəldikdən sonra icra şöbəsi tərəfindən icra hərəkətləri aparılmış, Cavabdeh1 əmlakı üzərinə həbs qoyulmuşdur. 14 oktyabr 2019-cu il tarixli kredit (restrukturizasiya) müqaviləsi imzalandıqdan sonra icra sənədi icra şöbəsindən geri istənilmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, BOKT «xxxx» MMC ilə arasında bağlanmış 11 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə 4100 ABŞ dolları məbləğində kredit verilmişdir. O, bankda olarkən Şahid adlı bank işçisi müxtəlif sənədlərə imza etdirmiş, lakin pulu kassadan götürməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanı qəbul edildikdən sonra bank tərəfindən onlara təzyiq olunmuş, 14 oktyabr 2019-cu il tarixdə yenidən banka gedərək müxtəlif sənədləri imzalamışlar. Bankdan heç bir pul götürmədiyindən borcu ödəmək fikri yoxdur. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, bank tərəfindən ona və Cavabdeh2 təzyiq olunmaqla müxtəlif sənədlərə imza etdirilməsi ilə bağlı hər hansı hüquq-mühafizə orqanına müraciət etməmişdir. Məhkəmə iclasında digər Cavabdeh2 Cavabdeh1 verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş Şahid bildirdi ki, uzun müddət kredit mütəxəssisi işləmişdir. Cavabdeh1 BOKT «xxxx» MMC-nin daimi müştərisi kimi qiyabi tanıyır. 2015-ci ildə Cavabdeh1 kredit təşkilatına müraciət edərək kredit götürmək istədiyini bəyan etmişdir. Bundan sonra müvafiq sənədləşmələr aparılmışdır. Həmin sənədləşmələr aparılarkən hər hansı qanunsuzluğa yol verilməmiş, müştərinin hər hansı narazılığı olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: 11 iyun 2015-ci il tarixli kassa məxaric orderinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 4100 ABŞ dolları pulu qəbzə imza etməklə kassadan götürmüşdür. e-113647/2018-20-17 nömrəli icra işinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 11 iyun 2015-ci il tarixli, 7819/5 saylı kredit müqaviləsi üzrə cəmi 5997.26 ABŞ dolları borcun tutulmasına Şəki Rayon Məhkəməsinin e-2(075)-2586/2018 saylı, 08 may 2018-ci il tarixli məhkəmə əmri çıxarılmış, əmrdən etiraz verilməmiş, icraya yönəldilərək 08 iyun 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin 8(075)-727/2018 saylı, 17 oktyabr 2018-ci il tarixli qərardadından görünür ki, məhkəmə iclası borclu Cavabdeh1 iştirakı ilə keçirilmiş, təqdimat təmin edilərək Şəki Rayon Məhkəməsinin 2(075)-2586/2018 saylı, 08 may 2018ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclu Cavabdeh1 adına qeydə alınmış VAZ-21074 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmuşdur. Qərardaddan şikayət verilməmişdir. SS524891172AZ nömrəli xəbərnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 Şəki Rayon Məhkəməsinin e-2(075)-2586/2018 saylı, 08 may 2018-ci il tarixli icra sənədi üzrə məcburi icra tədbirlərinin həyata keçirildiyi barədə xəbərdarlığı 12 noyabr 2018-ci il tarixdə şəxsən almışdır. BOKT «xxxx» MMC tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə ünvanlanmış 21 oktyabr 2019-cu il tarixli, 1808-2 nömrəli ərizədən görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanı əsas götürülərək borclu Cavabdeh1 ilə restrukturizasiya müqaviləsi bağlandığından Şəki Rayon Məhkəməsinin e-2(075)-2586/2018 saylı, 08 may 2018-ci il tarixli icra sənədi üzrə icraata "İcra haqqında Azərbaycan Respublikası Qanunu"nun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsi xahiş edilmişdir. Problemli kreditlər məlumatlarının sorğulanmasına dair “https://pk.cbar.az/az/kompensasiya” elektron informasiya sistemindən çıxarılmış portaldan çıxarışdan görünür ki, Cavabdeh1 BOKT «xxxx» MMC ilə arasında bağlanmış kredit müqaviləsi üzrə kredit təşkilatına 01 mart 2019-cu il tarixə 4510.00 manat borcu qalmışdır. BOKT «xxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli, 7819/5 saylı Kredit (restrukturizasiya) müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 60 ay müddətinə illik faiz dərəcəsi 1 faiz olmaqla 4510.00 manat məbləğində kredit verilmişdir. BOKT «xxxx» MMC ilə Cavabdeh2 arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli, 7819/5 saylı zaminlik müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 kredit təşkilatı qarşısında 14 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Ödəniş cədvəlinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 götürdüyü 4510.00 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. Maliyyə arayışından görünür ki, Cavabdeh1 BOKT «xxxx» MMC-yə 4510.00 manat əsas, 112.78 manat faiz və 0.75 manat cərimə borcları vardır. 000339301 və ********** nömrəli mədaxil qəbzlərindən görünür ki, Cavabdeh1 kredit təşkilatına olan borcu üzrə müvafiq olaraq 25 noyabr 2019-cu il tarixdə 10 manat və 10 fevral 2020-ci il tarixdə 15 manat kredit təşkilatının hesabına ödənilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, BOKT «xxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli, 7819/5 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh1 kredit verilmiş, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə 14 oktyabr 2019-cu il tarixdə BOKT «xxxx» MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdehlər tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq onlar müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə cavabdehlərin məhkəmə iclasında verdiyi izahatlarına tənqidi yanaşaraq qeyd edir ki, cavabdehlər 11 iyun 2015-ci ildə kredit və zaminlik müqavilələrinə imza etdiklərini, lakin kredit təşkilatı tərəfindən onlara kredit verilmədiyini bildirsələr də, işdə olan kassa məxaric orderinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 4100 ABŞ dolları pulu qəbzə imza etməklə kassadan götürmüşdür. Həmçinin, Cavabdeh1 11 iyun 2015-ci il tarixdə əvvəlki, yəni 13 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcunu bağlamışdır. Bundan başqa cavabdehlər tərəfindən borcun ödənilməsi təmin edilmədiyindən iddiaçı tərəfindən 2018-ci ildə əmr icraatı qaydasında məhkəməyə müraciət edilmiş, Şəki Rayon Məhkəməsinin e-2(075)-2586/2018 saylı, 08 may 2018-ci il tarixli məhkəmə əmri çıxarılmışdır. Həmin əmrdən borclular tərəfindən etiraz verilməmiş, icraya yönəldildikdən sonra müxtəlif icra tədbirləri görülmüş, Cavabdeh1 məxsus avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan da şikayət verilməmişdir. 14 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanı əsas götürülərək borclularla kredit (restrukturizasiya) və zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr də cavabdehlər tərəfindən imzalanmış, 11 iyun 2015-ci il tarixli, 7819/5 saylı və 14 oktyabr 2019-cu il tarixli, 7819/5 saylı kredit və zaminlik müqavilələrindəki imzaların onlara məxsus olması mübahisələndirilməmişdir. Cavabdehlər məhkəmədə verdikləri izahatlarda bütün sənədlərə məcburi imza atdıqlarını göstərsələr də, sonuncularının dedikləri kimi əgər həqiqətən kredit götürməmişdilərsə, yenidən müqaviləni restrukturizasiya etmələri belə ağlabatan deyildir. Bundan başqa cavabdehlər zor tətbiq edilməklə, belə demək mümkünsə, müraciətləri olmadığı halda, işindən və ya digər məşğuliyyətindən ayrılaraq “kredit təşkilatının təşəbbüsü” ilə çağırılaraq “zorla” müqavilə bağlamış olsalardı, həmin şəxslər bu hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edərdilər. Lakin cavabdehlər 2015-ci ildə və ondan sonra keçən 6 il ərzində bununla bağlı heç bir orqana müraciət etməmişlər. Həmçinin, müqavilə bağlandıqdan sonra cavabdehlər mövcud borcu qəbul etməklə 25 noyabr 2019-cu il tarixdə 10 manat və 10 fevral 2020-ci il tarixdə 15 manat olmaqla, kredit təşkilatının hesabına ödənilmişlər. Odur ki, cavabdehlərin məhkəmə iclaslarında söylədikləri heç bir məntiqə sığmayan absurd fikirlər olmaqla, borcun icrasından bir daha yayınmaq məqsədi daşıyır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı BOKT «xxxx» MMC tərəfindən cavabdehlərə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdükləri öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də BOKT «xxxx» MMC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1, 472.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4510.00 manat əsas, 112.78 manat faiz və 0.75 manat cərimə borcu olmaqla, cəmi 4623.53 manat məbləğində borc, həmçinin 30 manat dövlət rüsumu və 0.40 manat bank xərci müştərək qaydada tutularaq BOKT «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 4510.00 manat əsas, 112.78 manat faiz və 0.75 manat cərimə borcu olmaqla, cəmi 4623.53 manat məbləğində borc, həmçinin 30 manat dövlət rüsumu və 0.40 manat bank xərci müştərək qaydada tutularaq BOKT «xxxx» MMC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-835/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-835/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver