Məhkəmə qərarları › İş №2(075)-912/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-912/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-912/2021 31.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə, iddiaçı LPO «xxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı LPO «xxxx» ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 4954.44 (dörd min doqquz yüz əlli dörd ABŞ dolları 44 sent) ABŞ dolları - bundan 1170.19 (min yüz yetmiş ABŞ dolları 19 sent) ABŞ dolları əsas, 1117.28 (min yüz on yeddi ABŞ dolları 28 sent) ABŞ dolları faiz, 2494.01 (iki min dörd yüz doxsan dörd ABŞ dolları 01 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 173.96 (yüz yetmiş üç ABŞ dolları 96 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq iddiaçı LPO «xxxx» ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO «xxxx» ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Şəki filialı ilə Cavabdeh arasında bağlanmış ********* №li 29 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 2540 (iki min beş yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. 02 iyul 2015-cı il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 2076.04 (iki min yetmiş altı ABŞ dolları 04 sent) ABŞ dolları təşkil edir. Cavabdeh kredit verilərkən Zamin ilə bank arasında 29 sentyabr 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdehlər krediti götürdükdən sonra onun bir hissəsini ödəməsinə baxmayaraq kredit borcunun ödəniş qrafikində nəzərdə tutulmuş məbləğlərdə və müddətlərdə ödənilməsini təmin etməmişlər. Cavabdeh 18 dekabr 2020-ci il tarixə kredit üzrə cəmi borcu 4954.44 (dörd min doqquz yüz əlli dörd ABŞ dolları 44 sent) ABŞ dolları təşkil edir. Bundan 1170.19 (min yüz yetmiş ABŞ dolları 19 sent) ABŞ dolları əsas, 1117.28 (min yüz on yeddi ABŞ dolları 28 sent) ABŞ dolları faiz, 2494.01 (iki min dörd yüz doxsan dörd ABŞ dolları 01 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 173.96 (yüz yetmiş üç ABŞ dolları 96 sent) ABŞ dolları faiz borcu təşkil edir. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı LPO «xxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 29 sentyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 24 ay müddətinə illik faiz dərəcəsi 24 faiz olmaqla 2540 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 2540 ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan «xxxx» ASC ilə Zamin arasında bağlanmış 29 sentyabr 2014cü il tarixli, 210006680/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Zamin Cavabdeh bank qarşısında 29 sentyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbinin 1170.19 ABŞ dolları əsas borcun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, «xxxx» ASC-nin Şəki filialı ilə Cavabdeh arasında bağlanmış 29 sentyabr 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya istehlak məqsədilə istifadə müddəti 24 ay olan 2540 ABŞ dolları kredit verilmiş, borcalan Cavabdeh kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 24% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 1170.19 ABŞ dolları əsas borcu qalmışdır. Bu səbəbdən həmin borc Cavabdeh tutularaq LPO “xxxx” ASC-yə ödənilməlidir. İddia tələbinin 1117.28 ABŞ dolları faiz, 2494.01 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 173.96 ABŞ dolları faiz borcunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan başqa kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-nə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilir. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. İşdə olan problemli kreditlər məlumatlarının sorğulanmasına dair “https://pk.cbar.az/az/kompensasiya” elektron informasiya sistemindən çıxarılmış portaldan çıxarışdan görünür ki, Cavabdeh ilə LPO “xxxx” ASC arasında bağlanmış kredit müqaviləsi üzrə onun LPO xxxx ASC-yə 01 mart 2019-cu il tarixə 1989.32 manat (1170.19 ABŞ dolları) borcu qalmışdır. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyə qədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən qeyd olunan Fərmanın tələblərinə əməl edilməsinə və cavabdehin Fərmanın tələblərinə uyğun yeni müqavilənin bağlanmasından imtina olunmasına dair iş materiallarında sübut mövcud deyildir. Fərmanın tələblərinə uyğun hərəkətlərin edilməsinə dair iddiaçının iradə ifadəsini əks etdirən onun tərəfindən cavabdehə müraciətini təsdiq edən sübutlar belə mövcud deyildir. İddiaçı hərəkətsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləmiş və sonra məhkəməyə müraciət etmişdir ki, sonuncunun hərəkətləri məhkəmə tərəfindən qərəzli qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 1117.28 ABŞ dolları faiz, 2494.01 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 173.96 ABŞ dolları faiz borcunun ödənilməsi hissəsində rədd edilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin borcun zamindən müştərək qaydada tutularaq ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin hazırkı iddia tələbi üzrə iddiaçı əsas borcludan borcun tutulması hissəsində haqlı olsa da, digər cavabdeh olan zamindən borcun tutulmasını tələb etməkdə haqlı deyildir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.03.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Hazırkı mübahisənin məhkəmə araşdırması zamanı 29 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinin 2.1-ci bəndindən müəyyən edilmişdir ki, müqavilə üzrə bank 24 ay müddətinə qaytarmaq şərtilə borcalan Cavabdeh 2540 ABŞ dolları məbləğində krediti verməyi, borcalan isə əsas borc və faizləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 8.2-ci bəndində isə göstərilmişdir ki, bu müqavilə tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. 29 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsinin 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Göründüyü kimi, iddiaçı bankla Cavabdeh arasında 29 sentyabr 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 24 ay müəyyən edilmiş, tərəflər öhdəliklərin icrası müddətini isə borcun tam ödənilməsi ilə şərtləndirmişlər. 29 sentyabr 2014-cü il tarixdən etibarən kredit müqaviləsinin müddəti 29 sentyabr 2016-cı il tarixdə bitmişdir. Eyni zamanda 29 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsinin müddəti konkret göstərilməmişdir ki, müqaviləsinin 6.3-cü bəndində müqavilənin kredit üzrə bütün öhdəliklərin kreditora tam ödənildikdən sonra qüvvədən düşməsinə dair müqavilə şərti qeyri-müəyyən olmaqla zaminlik müqaviləsinin müddətini müəyyən etməyə imkan vermir, Mülki Məcəllənin tələblərinə ziddir və zaminliklə təmin edilmiş öhdəliyin icrası zamanı zaminin hüquq və qanunla qorunan maraqlarını pozur. Belə ki, bəlli olduğu kimi mülki qanunvericilik hüquq münasibətlərinə tətbiq edilməli olan iddia müddətini və kəsici müddətləri müəyyən edir. Hüquq münasibətlərinə tətbiq edilməli olan müddətlərin müəyyən edilməsinin isə bir çox səbəblərindən biridə tərəflərin intizamlandırılmasına yönəlib. Yəni, vaxtında edilməli olan hərəkətlərin vaxtında edilməsinə yönəlmişdir. Bütün hüquq münasibətlərinə tətbiq edilməli olan müddətilərin mövcud oldğu halda hazırki mübahisə üzrə zaminlik müqaviləsinin müddətinin müəyyən edilməməsi zaminlərin qanunla qorunan hüquqlarına müdaxilədir və sonsuza qədər zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliyin üzərlərində daşımasına xidmət edir. Bu isə yolverilməz olmaqla qanunun tələblərinə ziddir. Qeyd olunduğu kimi, Mülki Məcəllənin 477.0.4-cü maddəsində zaminliklə təmin edilmiş öhdəliyin müddət baxımından xitamı nəzərdə tutulmuşdur. Bu isə şərh olunan qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edir ki, həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı mübahisə üzrə əsas öhdəliyin icrası müddəti 29 sentyabr 2016-cı il tarixdə bitmiş və qanunvericiliyin tələbi baxımından zaminlik müqaviləsində konkret müddət nəzərdə tutulmadığından əsas öhdəliyin icrası müddətinin bitməsində ötən bir il keçdikdən sonra zaminlik müqaviləsinin müddəti 29 sentyabr 2017-ci il tarixdə bitmişdir. İddiaçı əsas borcluya və zaminə qarşı iddia tələbi ilə 19 aprel 2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, bununla da qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 1170.19 ABŞ dolları əsas borc (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) və 7 manat dövlət rüsumu tutularaq iddiaçı LPO «xxxx» ASC-yə ödənilməli, iddia tələbi əsassız olduğundan cavabdeh Zamin aid və qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1170.19 ABŞ dolları əsas borc (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) və 7 manat dövlət rüsumu tutularaq LPO «xxxx» ASC-yə ödənilsin. İddia Zamin aid və qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar