Məhkəmə qərarları › İş №2(075)-945/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-945/2021

07.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-945/2021 07.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 iyul 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödənilməli olan aliment miqdarının artırılaraq hər ay 175 manat miqdarında xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 04 dekabr 2006-cı il tarixdə el adəti ilə ailə qurmuş, nikahlarını 17 oktyabr 2007-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan 29 iyul 2007-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Bundan sonra o, azyaşlı qızı ilə birgə atası evinə qayıtmalı olmuşdur. Cavabdehlə bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan səmimi ailə münasibətləri pisləşmiş və onların arasında olan nikah Şəki Rayon Məhkəməsinin 15 aprel 2010-cu il tarixli, 2(075)-67/2010 saylı qətnaməsi ilə pozulmuşdur. Şəki Rayon Məhkəməsinin 19 iyul 2011-ci il tarixli, 2(075)-791/2011 saylı qətnaməsi əsasında himayəsində olan Sübhanın saxlanılması üçün hər ay 50 manat alimentin cavabdehdən alınaraq ona verilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli, 2(075)-10492/2016 saylı qətnaməsi ilə aliment məbləği artırılaraq 117 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən alimentin müəyyən edilməsindən ötən müddət ərzində onun himayəsində olan uşağın tələbatları artmışdır. O isə təkbaşına himayəsində olan uşaqların tələbatlarını ödəyə bilmir. Cavabdeh də bir ata kimi uşağın zəruri tələbatlarının ödənilməsinə köməklik etməlidir. Məhkəmə tərəfindən təyin olunan alimentlə uşağın çox cüzi bir tələbatlarının ödənilməsi mümkündür. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. O, aliment məbləğindən əlavə uşağa bacardığı qədər maddi yardım göstərir. Belə ki, uşağın göz əməliyyatı zamanı 600 manat pul vermişdir. Özü hazırda heç yerdə işləmir və gəliri yoxdur. Bundan əlavə yenidən nikaha daxil olmuş və bu nikahdan iki övladı var. Bundan başqa 2016-cı ildən bu yana onun maddi vəziyyəti alimentin artırılmasına səbəb olacaq şəkildə yaxşılaşmamışdır. Məhkəmə tərəfindən təyin edilmiş alimenti belə çətinliklə ödəyir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 29 iyul 2007-ci il tarixdə isə X2 adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 2(075)-10492/2016 saylı, 31 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə 29 iyul 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 117 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı həmin aliment məbləği ilə X1 tələbatlarının ödənilməsinin mümkünsüz olması və uşağın tələbatlarının artmasını ilə əsaslandırmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-10492/2016 saylı, 31 oktyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, 29 iyul 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 117 manat alimentin tutularaq İddiaçı verilməsi qərara alınmışdır. İşdə olan Şəki şəhər İHB-nin Baş Zəyzid kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 29 iyul 2007-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə Məmmədova (Nəsirova) Cəmilə Sərdar qızıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Belə ki, aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, aliment miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs aliment miqdarının artırılmasını tələb edə bilər. İddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin cavabdehin ailə və ya maddi vəziyyətində müsbətə doğru dəyişiklik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Lakin məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 2(075)-10492/2016 saylı, 31 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini belə qənaətə gəlir ki, 29 iyul 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. İddiaçı tərəfindən cavabdehin əlavə qazancı olması barədə məhkəməyə heç bir sənəd təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Həmçinin, cavabdehin rəsmi iş yerinin olmaması onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 29 iyul 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 2(075)-10492/2016 saylı, 31 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 29 iyul 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar