Məhkəmə qərarları › İş №2(076)-1046/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1046/2023

19.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1046/2023 19.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səyavuş qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdə olan yaşayış evinin açıq hərracda satılaraq, satışdan əldə olunmuş vəsaitin 1/2 hissəsinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı iddia ərizəsi ilə məhkəmə müraciət edərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 244.6 kvm olan yaşayın evinin açıq hərracda satılaraq, satışdan əldə olunmuş vəsaitin ½ hissəsinin ona ödənilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında çıxış edərək bildirdi ki, Şəmkir rayon məhkəməsinin 27 noyabr 2012-ci il tarixli, 2(076)-1943/2012 saylı qiyabi qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən evin ½ hissədə payı müəyyən olunmuş və onun həmin paya mülkiyyət hüququ tanınmışdır. Hazırda evdə Cavabdeh tək yaşayır. O, özünə məxsus evdə qala bilmir, artıq bir neçə ildir kirayədə yaşayır. Belə ki, cavabdehlə aralarında dava-dalaş olur, evin naturada bölünməsi mümkün deyildir. Çünki evin bir giriş-çıxışı var və başqa yerə girişçıxış açmaq mümkün deyildir. Buna görə də, ev açıq hərracda satılaraq, satışdan əldə olunmuş vəsait cavabdehlə aralarında bərabər bölünməlidir. Ona görə də, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 244.6 kvm olan yaşayın evinin açıq hərracda satılaraq, satışdan əldə olunmuş vəsaitin ½ hissəsinin ona ödənilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və göstərdi ki, İddiaçı ilə 26 sentyabr 1980-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onun Rusiya Federasiyasında başqa evi olmuş və birgə nikahda olduqları müddətdə İddiaçı ona Rusiyada olan evi satmasını bildirmiş, o həmin evi satmaq üçün Rusiyaya getmişdir. Onların birgə nikah dövründə hər bir şəraitləri olmuşdur. Hazırki iddia olunan evdə anası, qardaşının ailəsi yaşayır. Ev onların adınadır. Bundan başqa Şəmkir rayon məhkəməsinin 27 noyabr 2012-ci il tarixli qiyabi qətnaməsinin çıxarıldığından xəbəri olmamışdır. Ona görə də İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 244.6 kvm olan yaşayın evinin açıq hərracda satılaraq, satışdan əldə olunnacaq vəsaitin ½ hissəsinin iddiaçıya ödənilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat pulun ondan alınaraq iddiaçıya ödənilməsi barədə iddiası əsassız olduğundan rədd edilməsini xahiş etdi. İşdə olan 27 noyabr 2012-ci il tarixli, 2(076)-1943/2012 saylı qiyabi qətnaməsindən görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindəki payı ½ hissədə müəyyən olunmuş və həmin paya mülkiyyət hüququ tanınması qət edilmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətinin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştrakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsi qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il Qərarına əsasən məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Plenumun həmin qərarında göstərilir ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Beləliklə, Şəmkir rayon məhkəməsinin 27 noyabr 2012-ci il tarixli, 2(076)-1943/2012 saylı qiyabi qətanaməsinə əsasən iddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindəki payı ½ hissədə müəyyən olunmuş və onun həmin paya mülkiyyət hüququ tanınması qət edilmişdir. Lakin iddiaçı öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmədən hazırki iddianı- yaşayış evinin açıq hərracda satılaraq, satışdan əldə olunmuş 1/2 hissəsinin ona ödənilməsi tələbinə dair iddianı qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdə olan yaşayış evinin açıq hərracda satılaraq, satışdan əldə olunmuş vəsaitin 1/2 hissəsinin ona ödənilməsi tələbinə dair iddiası tam əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsassızlığı müəyyən edildiyinə görə iddiaçı tərəfindən ödənilən 100 (bir yüz) manat dövlət rüsumu özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdə olan yaşayış evinin açıq hərracda satılaraq, satışdan əldə olunmuş 1/2 hissəsinin ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilən 100 (bir yüz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları andan 1(bir) ay müddətində Şəmkir rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonra sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar