Məhkəmə qərarları › İş №2(076)-106/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-106/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-106/2024 12.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiçının nümayandəsinin Nümayəndə iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-i cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı LPO "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2, cəmi borcu 2767.52 (iki min yeddi yüz altmış yeddi dollar, 52 sent) ABŞ dolları-bundan 574.69 (beş yüz yetmiş dörd dollar, 69 sent) ABŞ dolları əsas, 468.55 (dörd yüz altmış səkkiz dollar, 55 sent) ABŞ dolları faiz, 1640.52 (bir min altı yüz qırx dollar, 52 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 83.76 (səksən üç dollar, 76 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 67.05 (altmış yeddi manat, 05 qəpik) AZN dövlət rüsumunun cavabdelər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə cavabdehǝ Şəxsi istehlak məqsədilə 24 ay müddətinə illik 32% dərəcəsi ilə 5000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 460003289/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit ve Zaminlik Müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3460.11 (üç min dörd yüz altmış dollar, 11 sent) USD təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Kredit ve Zaminlik Müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmmiş kreditin məbləği 3791.19 (üç min yeddi yüz doxsan bir dollar, 19 sent) USD təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********574 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 134.19 (yüz otuz dörd manat, 19 qəpik) AZN məbləğində ödəniş etmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehler tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 2767.52 (iki min yeddi yüz altmış yeddi dollar, 52 sent) ABŞ dolları təşkil edir. Bundan 574.69 (beş yüz yetmiş dörd dollar, 69 sent) ABŞ dolları əsas, 468.55 (dörd yüz altmış səkkiz dollar, 55 sent) ABŞ dolları faiz, 1640.52 (bir min altı yüz qırx dollar, 52 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 83.76 (səksən üç dollar, 76 sent) ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı təmin ediməsinin xaiş edmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onların məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC Cavabdeh1 ilə arasında illik faiz dərəcəsi 32.00% olmaqla 24 ay müddətinə 5000 USD məbləğində kredit verilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, ********* /ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh2 (zamin) xx.xx.2014-cü il tarixli, 460003289/ZM nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin, İddiaçı ASC ilə X1 (borcalan) arasında illik faiz dərəcəsi 32.00% olmaqla 24 ay müddətinə 5000 USD kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsinə əlavə sazişə №1 əsasən xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləği 3460,41 ABŞ dolları müəyyən edilmiş, həmin məbləğin xx.xx.2017-ci il tarixədək qaytarılması tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan zaminlik müqaviləsinə əlavə sazişdən görünrü ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh2 (zamin) xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əlavə saziş №1 bağlamış və müqavilənin şərtlərinə əsasən zamin, İddiaçı ASC ilə Cavabdeh1 (borcalan) arasında xx.xx.2017-ci il tarixədək bağlanan kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Kredit Müqaviləsinə əlavə sazişə №2 əsasən xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləği 2330,11 ABŞ dolları müəyyən edilmiş, həmin məbləğin xx.xx.2020-ci il tarixədək qaytarılması tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan zaminlik müqaviləsinə əlavə sazişdən görünür ki, LPO İddiaçı ASC (Bank) ilə Cavabdeh2 (zamin) xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinə əlavə saziş №2 bağlamış və müqavilənin şərtlərinə əsasən zamin, LPO İddiaçı ASC ilə Cavabdeh1 (borcalan) arasında xx.xx.2020-ci il tarixədək bağlanan kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1nın xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə LPO İddiaçı ASC-ə olan əsas borcu 574,69 ABŞ dolları, faiz üzrə 468,55 ABŞ dolları, cərimə üzrə 1640, 52 ABŞ dolları olmaqla, AR Mm-nin 445,7-ci maddəsinə görə gecikdirilmiş hesablanan faiz məbləği 83,76 , cəmi 2767,52 ABŞ dolları təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 borcunun olması barədə məlumat verilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə, müqavilənin şərtlərinə əsasən həmin borcun tərəfindən ödənilməsi üçün qanuna müvafiq tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin, kreditə hesablanmış adi faizlərin və gecikdirilmiş vaxt üçün hesablanmış faizlərin ödənilməsini Cavabdeh1 tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddia tələbinin digər Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə (sazış №2) müddətinin başa çatdığı xx.xx.2020-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminliyə xitam verilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh2 aid hissədə iddia rədd olunmalıdır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1640,52 ABŞ dollar məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 16 ABŞ dollar məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 67,05 (altmış yeddi manat 05 qəpik) manat dövlət rüsumu Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış 574,69 ABŞ dollar əsas borc, faiz borcuna görə 468,55 ABŞ dollar, cərimə borcuna görə 16 ABŞ dollar olmaqla, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 83.76 ABŞ dolları faiz borcu, cəmi 1143 (bir min bir yüz qırx üç) ABŞ dollar pul vəsaiti (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 67.05 (altmış yeddi manat, beş qəpik) manat pul alınaraq LPO "xxxx" ASC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar