Məhkəmə qərarları › İş №2(076)-1076/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1076/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1076/2023 30.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 1000.59 manat, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.01 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub iddiaçı "xxxx" ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra "Cavabdeh") "xxxx" ASC-yə (bundan sonra "İddiaçı" və ya "Bank") məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının No ********************) 15.6-28.6.2021 tarixləri aralığında "onlayn" ödəniş əməliyyatları aparmış və məbləğin bir qismini ATM-dən məxaric etmişdir (çıxarış əlavə edilir). Nəticədə Cavabdeh banka cəmi 1000.59 (bir min manat, 59 qəpik) manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehǝ borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı ASC-nin Problemli Kreditlərin hüquqi tətbiqi departamentinin Məhkəmələrlə iş şöbəsinin rəisi, Elsevər Ələkbərov məhkəməyə ərizə ünvanlayaraq, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsinin və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, 2021-ci ilin iyun ayında günorta vaxtı onun adına olan bir bank kartına dostuna çatacaq 800 manat pul gəlmiş, o, da həmin pulu kartından çıxarıb dostuna vermişdir. Həmin günün axşam üstü onun adına olan bir bank kartına 1000 manat pul oturmuş, o, həmin pulu kartından çıxarıb bir ay evdə saxlayaraq gözləmiş, lakin pulun sahibi çıxmamışdır. O, həmin vaxt pulun banka məxsus olmasını bilməmişdir. O pulu sonra şəxsi ehtiyaclarına xərcləmiş, bundan sonra bank tərəfindən həmin pulun yalnış olaraq kartına göndərilməsi barədə ona zəng edilmişdir. O, hissə-hissə imkanı daxilində borcundan ödəniş edəcəkdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh məxsus kart nörməsinə 416974******1238 xx.xx.2021-ci il tarixdə 1000 manat daxil edilmiş, xx.xx.2021-xx.xx.2023cü il tarixə dövr üzrə 1047.38 manat məxaric olunmuş, xx.xx.2023-cü il tarixinə son qalıq 1000.59 manatdır. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091-ci maddəsinə görə, öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2.-ci maddəsinin əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 449.1.-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2.-ci maddəsinə görə bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.3.-cü maddəsinə görə əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4.-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halı bundan ibarətdir ki, iddiaçı tərəfindən yalnış olaraq 1000 manat vəsaiti cavabdehin adına olan bank kartına göndərilmiş, cavadeh isə öz növbəsində həmin vəsaiti çıxararaq şəxsi ehtiyaclarına sərf etmiş, cavabdeh bununla 1000.59 manat iddiaçıya zərər vurmuş, həmin vəsaiti banka qaytarmadığı üçün iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən edilmiş hallarını, qeyd edilən qanunvericilik normalarını və cavabdehin dəlillərini tətqiq edərək məhkəmə qeyd edir ki, 1000 manat vəsaitin cavabdehin adına qeydə alınmış karta yüklənməsində iddiaçının özünün əməkdaşlarının təqsiri olmuş, tərəflər arasında müqavilə öhdəliyi olmamış, cavabdeh heç bir əsas olmadan həmin vəsaiti şəxsi ehtiyaclarına xərcləmişdir. Bununla yanaşı məhkəmə, iddia tələbinin 1000.59 manat məbləğində vəsaitin ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin cavabdehdən tələb edilməsi hissəsini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin həmin məbləğ əsasında faydalanması ilə bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi bu hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1000.59 manat məbləğində vəsait tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30.01 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 30.01 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1000.59 (bir min manat əlli doqquz qəpik) manat və məhkəmə xərci qismində 30.01 (otuz bir manat bir qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-in hesabına ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar