Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1116/2023 03.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi İbrahimova Türkan Qulu qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ölçmə işlərinə qoyulan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ölçmə işlərinə qoyulan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum anası X1 ünvan 1 ünvanında 1112 kv.m həyətyanı torpaq sahəsi miras qalmışdır. Gəncə Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları ilə həmin miras torpaq sahəsinin ½ hissəsi vərəsə kimi ona bölünmüşdür. O, qanuni əsaslarla məhkəmə qərarları, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin məktubu ilə çıxarış almaq üçün DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarədən ona rəsmi məktubla cavabdeh X4 tərəfindən ölçmə işlərinə maneə yaradıldığı üçün sənəd verilməsindən imtina edilmişdir. Daha sonra həmin maneənin aradan qaldırılması barədə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2(076)-2238/2022 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmişdir. İcra məmurları və mütəxəssislər həmin ünvana gedərkən orada qanunsuz yaşayan şəxslər, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 səs-küy salaraq icra işinə və ölçmə işlərinə maneə olmuşlar. Bu səbəbdən qətnaməni icra etmək mümkün olmamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərlə əlaqədar iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddianın məzmununa uyğun izahat verərək məhkəmədən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, bir dəfə ölçmə işlərinə icazə verdilər, onlar da gedib sənəd aldılar, lakin indi icazə vermək istəmirlər. Bütün bu səbəblərə görə o, qanunsuz olaraq ölçmə işlərinin aparılmasına etiraz edir. Bu baxımdan iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, Cavabdeh1 ilə eyni məzmunda izahat verdi və əlavə olaraq bildirdi ki 43 ildir ki, özlərinə məxsus torpaqda tikdikləri evdə yaşayırlar. Onların torpağının iddiaçılara aidiyyatı yoxdur. Ona görə də iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialları və məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X7 xx.xx.2009–cu il tarixli 299 saylı arxiv arayışı əsasında iddiaçının mərhum anası X2 ünvan 3 ünvanında 1112 kv.m həyətyanı torpaq sahəsi verilmiş, bu barədə adına xx.xx.2013–cü il tarixli A 429479 saylı “X8 və Ölçüsü” tərtib edilmişdir. X3 xx.xx.2016–cı il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra məhkəmə qətnaməsi ilə iddiaçının mərhum anasından qalmış mirası qəbul etməsi faktı müəyyən edilmiş, İddiaçı anası X1 miras qalmış, ünvan 3 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsinin ½ hissədə payı müəyyən edilmişdir. Hazırda iddiaçı anasında qalan mübahisəli torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd almaq məqsədilə DƏDRX–nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdehlər həmin idarənin əməkdaşlarına ölçmə işləri aparmağa imkan verməmişdir. Nəticədə daşınmaz əmlakın dövlət reyestrini aparan orqan iddiaçının müraciətini həyata keçirməkdən imtina etmişdir. 6 oktyabr 2010-cu il tarixli “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.3.3-cü maddəsinə əsasən mərzçəkmə işləri torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda aparılır. Həmin qaydaların 5.3-cü maddəsi ilə fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə, habelə fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaqlarda, həyətyanı sahələrdə, fərdi bağların altındakı torpaq sahələrində mərzçəkmə işləri müvafiq ərizə (sifariş və ya tapşırıq) əsasında yerinə yetirilir və bu hallarda texniki layihə hazırlanmır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.3-sü maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməli, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233 ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan ölçmə işlərinin aparılmasına qoyulan maneə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən aradan qaldırılsın. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şəmkir rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-1116/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1116/2023
03.07.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver