Məhkəmə qərarları › İş №2(076)-1119/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1119/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1119/2023 25.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, İddiaçı Qara oğlunun iştirakı ilə, İddiaçı Qara oğlunun Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Qara oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13625 manat pulun və 131 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə uzun illər birlikdə yoldaşlıq edib iş görmüşlər. Belə ki, Cavabdeh Şəmkir rayonu Keçili kəndində 25-30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Cavabdeh həmin torpaq sahəsində hər il müxtəlif növ bitkilər əkib-becərmişdir. Onunla aralarında olan razılaşmaya əsasən Cavabdeh 25 ha torpaq sahəsini 2008-ci ildən 2018-ci ilin dekabr ayına kimi hər il suvarmışdır. Aralarında olan razılığa əsasən torpaq sahəsinin 1 hektarını hər dəfə 25 manata suvarmış, torpaq sahəsini il ərzində iki ya üç dəfə suvarmışdır. 2008-ci ildən 2018-ci ilə kimi Cavabdeh məxsus torpaq sahəsini hər dəfə 25 manatdan olmaqla ümumuilikdə 625 ha torpaq sahəsini suvarmış, ümumilikdə onun iddiaçıya zəhmət haqqı olaraq 15625 manat verəcəyi olmuşdur. Cavabdeh ona məxsus torpaq sahəsini suvardığına görə 2016-cı ildə 1000 manat və 2017-ci ildə 1000 manat pul vermişdir. 2018-ci ilin axırlarından sonra isə aralarında olan razılaşma pozulmuşdur. Ona əmək haqqı əvəzinə Cavabdeh dəmir materialdan olan 36 ədəd naves ferması və 11 ədəd 100 diametrlik dəmir boru vermişdir. Həmin dəmirlərin hamısının dəyəri birlikdə 2328 manat təşkil etdi. Cavabdehlə aralarında olan razılaşmaya əsasən o fermanın birini ona 50 manata, borunun birini isə 48 manata vermişdir. Ona olan qalıq əmək haqqı borcunu isə dəfələrlə tələb etməsinə baxmayaraq ödəməkdən imtina etdi. Hazırda isə cavabdeh məhkəmədə mənə qarşı iddia qaldıraraq əmək haqqı əvəzinə verdiyi həmin dəmirlərin pulunu şişirdilmiş formada tələb edir. Cavabdeh onun zəhmət haqqını tam olaraq ödəmədiyi halda həmin dəmirlərin dəyərini tələb edir. Hazırda cavabdehin ona zəhmət haqqı olaraq 13625 manat borcu vardır. Ona görə də mən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı Qara oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, o, kənddə suçu işləyir, kənd sakinlərinin torpaqlarının suvarılması ilə məşğuldur. Cavabdehlə də aralarındakı şifahi razılığa əsasən 2008-2018ci illər ərzində onun torpaq sahəsini suvarmış, lakin suvarmasının əvəzində heç bir məbləğ ödəniş almamışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə etiraz göndərərək, iddianı qəbul etmədiyini qeyd edərək bildirmişdir ki, İddiaçı və Mədət Süleymanova qarşı onun Şəmkir Rayon Məhkəməsində 15.000 manat pul tələbi barədə iddiası üzrə mülki iş vardır. İddiaçı və onun qardaşı ondan dəmir materiallar alıb pulunu hələ də vermirlər. Ona görə də şər və böhtan olaraq qərəzli şəkildə hazırki gülünc iddianı ona qarşı qaldırmışdır. İddiaçı ona məxsus torpaq sahəsini heç vaxt suvarmayıb. Suvarma işi ilə kənddə məşğul olan adamlar var. Su suvaranlar sahəni suvardıqdan dərhal sonra və ya əvvəl pullarını alırlar. Sahənin suvarılmasının xidmət haqqı isə 20-30 manat civarında olur. İddiaçı isə gülünc iddia ilə heç bir yazılı müqavilə olmadan, möhtəbər sübutu olmadan ondan 13625 manat pul tələb edir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, iddiaçı və cavabdehlə həmkəndlidir. İddiaçı torpaq sahəsinin suvarılması ilə məşğuldur. Bir neçə dəfə iddiaçının Cavabdeh torpaq sahəsini suvarmasını görmüş, lakin hansı məbləğdə razılaşdıqlarını və cavabdeh tərəfindən hər hansı məbləğin ödənilib ödənilməməsindən məlumatlı deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X4 şahid X1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iddiaçı tələbində cavabdehə məxsus torpaq sahəsində suvarma işləri aparması barədə cavabdehlə şifahi razılıq əldə etdiyini, həmin torpaq sahəsində 2008-ci il tarixdən 2018-ci il tarixədək işlədiyini, lakin cavabdeh tərəfindən razılaşmanın pozulduğunu və ona gördüyü işin əvəzində pul vermədiyini bildirmişdir. Ona görə də, cavabdehdən 2008-2018-ci il tarixdə gördüyü işin əvəzində ona veriləcək 13625 manat pulu tələb etmişdir. Cavabdeh isə məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, o, iddiaçıya hər hansı suvarma işi gördürmədiyini, kənddə suvarma işi məşğul olan başqa şəxslərin olduğunu, suvarma işi ilə məşğul olan şəxslərin işi gördükdən sonra pulu dərhal aldıqlarını bildirərək iddiaçıya hər hansı iş gördürmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehin torpaq sahəsinin suvarılmasını, suvarılma üçün aralarındakı hansı şərtlərlə razılığın olmasını və cavabdehin həmin şərtlərə əməl etməməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, iddiaçı tərəflər arasında iddia tələbində göstərilən məzmunda razılığın olması, həqiqətən də cavabdehə məxsus torpaq sahəsində suvarılma işlərini görməsi, suvarılma üçün hansı şərtlərlə razılaşması və cavabdehin həmin şərtlərə əməl etməməsinə dair sübutlar iddia ərizəsinə əlavə edilməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, İddiaçı Qara oğlunun Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 131 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Qara oğlunun Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar