Məhkəmə qərarları › İş №2(076)-113/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-113/2024

23.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-113/2024 23.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan "MERCEDES BENZ E300" markalı ban WDB2100251A784145, buraxılış ili 1998-ci il, dövlət nömrə nişanı 99HV510 olan avtomobilini yarasız hala salmaqla ona vurduğu 6200 (altı min iki yüz ) manat məbləğində pulun alınıb, ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2022-ci ilin əvvəllərində kommersiya işləri ilə əlaqədar tanış olmuşdur. Onunla aralarında qarşılıqlı razılaşma əsasında ona məxsus "MERCEDES BENZ E300" markalı ban WDB2100251A784145, buraxılış ili 1998-ci il, dövlət nömrə nişanı 99HV510 olan avtomobilini Cavabdeh 20000 (iyirmi min) manata satmaq üçün alqı-satqı müqaviləsi bağlayaraq, pulu 15 (on beş) ay müddətinədək birinci ay 3200 (üç min iki yüz) manat, qalan 14 (on dörd) ay isə hər ay 1200 (min iki yüz) manat olmaqla ona ödəməyi öhdəsinə götürmüşdür. Həmin alqı-satqı müqaviləsi Bakı şəhəri 52 saylı notariat ofisində rəsmiləşdirilmişdir. O, Cavabdeh səmimiliyinə inanaraq, onunla razılaşmışdır. Lakin, Cavabdeh maşını ondan götürdüyü gündən 3 (üç) ay müddətində heç bir ödəniş etməyərək, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, əksinə maşınını tamamilə yararsız vəziyyətə gətirib evlərinin qabağında qoyub getmişdir. O, ondan maşını saz vəziyyətdə götürmüşdür. O həmin maşını usta yanına apararaq, borc-xərclə düzəltdirmişdir. Həmin maşının yararlı vəziyyətə salınması üçün 6200 (altı min iki yüz) manat məbləğində pul xərcləməklə, aşağıda qeyd etdiyi ehtiyat hissələrini almış və həmin ehtiyat hissələrini yığmaq üçün maşın ustalarına zəhmət haqqı ödəmişdir. Bələ ki, həmin xərcləri: motorun yığılması üçün 3000 (üç min) manat, sürətlər qutusunun yığılması (korobka) - 800 (səkkiz yüz) manat, yağın dəyişməsi 250 manat, buferi 300 manat, maşının tam rənglənməsi 1200 manat, ustanın zəhmət haqqı 650 manat təşkil etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Bələ ki, əvvəlki məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərdi ki, maşın ustası işləyir. İddiaçı ona məxsus "MERCEDES BENZ E300" markalı avtomobilini onun yanına gətirib avtomobilin mühərrikinin və buferinin təmir olunmasını istəmişdir. O, İddiaçı avtomobilin mühərrikini və buferini təmir etmək üçün 1200 manat pul almışdır. Tanışı olmasaydı ondan 2000-3000 manat pul alardı. Avtomobili təmir edərkən İddiaçı avtomobilin nə üçün nasaz olmasını soruşmamışdır. İşdə olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh "MERCEDES BENZ E300" markalı ban WDB2100251A784145, buraxılış ili 1998-ci il, dövlət nömrə nişanı 99HV510 olan avtomobili 20000 manata satımışdır. Müqavilənin 2.2-ci bəndində qeyd edilmişdir ki, alıcı 2.1 bəndində meyyən edilən pulu (20000 manatı) 15 (on beş) ay müddətinədək birinci ay 3200 (üç min iki yüz) manat qalan 14 (on dörd) ay isə hər ay 1200 (min iki yüz) manat olmaqla ona ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, "MERCEDES BENZ E300" markalı, dövlət nömrə nişanı 99HV510 olan avtomobilə dəymiş ziyanla bağlı ixtisaslaşdırılmış avtoservis mütəxəssisinin arayışı (qüsur aktı) təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı xx.xx.2022-ci il tarixli, BA185592 qeydiyyat nömrəli şəhadətnamə əsasında mülkiyyətində olan "MERCEDES BENZ E300" markalı ban WDB2100251A784145, buraxılış ili 1998-ci il, dövlət nömrə nişanı 99HV510 olan avtomobili xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsi əsasında Cavabdeh 20000 manata satmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh avtomobilin alqı-satqısına görə pulu 15 (on beş) ay müddətinədək birinci ay 3200 (üç min iki yüz) manat, qalan 14 (on dörd) ay isə hər ay 1200 (min iki yüz) manat olmaqla ona ödəməyi öhdəsinə götürmüşdür. Hazırda İddiaçı Cavabdeh avtomobili ondan götürdüyü gündən 3 (üç) ay müddətində heç bir ödəniş etmədiyini, həmçinin avtomobilini tamamilə yararsız vəziyyətə gətirib qaytardığını və avtomobilinin yararlı vəziyyətə salınması üçün 6200 (altı min iki yüz) manat məbləğində pul xərclədiyini qeyd etməklə Cavabdeh 6200 manat məbləğində maddi ziyan tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan qanunvercilik normalarından və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı Cavabdeh ona məxsus “MERCEDES BENZ E300" markalı, dövlət nömrə nişanı 99HV510 olan avtomobilə dəymiş 6200 manat maddi ziyan tələb etsə də, məhkəmə həmin tələbi əsassız hesab edir. Belə ki, İddiaçı tərəfindən nə iddia ərizəsinə, nə də mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh ona məxsus “MERCEDES BENZ E300" markalı, dövlət nömrə nişanı 99HV510 olan avtomobilə 6200 manat məbləğində maddi ziyan vurulması barədə sübutlarını (avtomobilə maddi ziyan vurulması, avtomobilə dəymiş ziyanla bağlı mütəxəssis arayışı və ya mütəxəssis rəyi) məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh tərəfindən iddiaçıya məxsus avtomobilə maddi ziyan vurulması və həmin ziyanın məbləğini müəyyən etmək mümkün olmadığından, həmçinin İddiaçı tərəfindən iddia tələbinin əsaslı olmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar