Məhkəmə qərarları › İş №2(076)-1132/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1132/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1132/2024 30.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 4000 manat dəyərində 10 kub taxtanın özlərinin, özləri olmadıqda dəyərinin, həmçinin ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, təxminən 3-4 il əvvəl həyətlərində yer olmadığı üçün “Kamaz” markalı ** BV *** nömrəli avtomaşınla 10 kub taxtanı cavabdehlərin evinə yığmışlar. Həmin vaxt cavabdehlər onlara etiraz etməmişlər. Sonradan cavabdehlərin evinə gedərək əmlakı götürmək istədikdə, cavabdehlər onlara etiraz etmiş və əmlakı qaytarmaqdan imtina etmişlər. Cavabdehlərin qanunsuz hərəkəti nəticəsində onlara maddi ziyan dəymişdir. Belə ki, 10 kub taxtanın cəmi dəyəri 4000 manat pul təşkil edir. Cavabdehlər onlara məxsus əmlakı qaytarmadığından onlar maddi ziyana düşmüşlər. Hesab edirlər ki, cavabdehlər onlara vurduqları maddi ziyanı ödəməli, ya əmlakı, ya da onun dəyərini onlara qaytarmalıdırlar. Qeyd edilənlərə əsasən cavabdehlərdən 4000 manat dəyərində 10 kub taxtanın özlərinin, özləri olmadıqda dəyərinin, həmçinin ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 bildirdi ki, iddiaçılardan İddiaçı1 onun qardaşı, İddiaçı2 isə atasıdır. Təxminən 3-4 il əvvəl qardaşına köməklik edərək, qardaşına məxsus taxtanı cavabdehlərin həyətinə yığmışlar. Həmin taxtanın dəyəri 4000 manatdan çox olar. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 bildirdi ki, iddiaçılar onun həmkəndlisidirlər. Təxmini 3-4 il əvvəl iddiaçılara taxtaları yerləşdiməyə köməklik etmişdir. Həmin nə üçün cavabdehlərin həyətinə yığılmasından xəbəri olmamışdır. Məhkəmə iddiaçıların izahatını, şahid ifadələrini dinləyib, işin faktiki hallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan qanunvercilik normalarından və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçılar İddiaçı1 və İddiaçı2 təxminən 3-4 il əvvəl həyətlərində yer olmadığı üçün onlara məxsus 10 kub taxtanı cavabdehlərin evinə yığdıqlarını, sonradan isə əmlaklarını tələb etdikdə cavabdehlərin onlara məxsus 10 kub taxtanı və ya onun dəyəri olan 4000 manat pulu qaytarmaqdan imtina etdiklərini, hazırda cavabdehlərdən həmin əmlakı, əmlak olmadıqda isə onun dəyəri olan 4000 manat maddi ziyan tələb etsələr də, məhkəmə həmin tələbi əsassız hesab edir. Belə ki, iddiaçılar mülki işin məhkəmə araşdırması zamanı 10 kub taxtanın onlara məxsus olmasını, eyni zamanda 10 kub taxtanın cavabdehlərdə olduğunu və cavabdehlərin həmin əmlakı qaytarmaqdan imtina etdiyini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından 10 kub taxtanın mövcud olmasını, həmin taxtaların cavabdehlərə verilməsini və 10 kub taxtanın cavabdehlərdə qalmasını sübut etmə vəzifəsi iddiaçıların üzərinə düşür. Lakin, tərəflər arasında iddia tələbində göstərilən məzmunda razılığın olması, həqiqətən də onlara məxsus 10 kub taxtanın cavabdehlərdə qalmasına dair sübutlar iddia ərizəsinə əlavə edilməmiş, həmçinin, iddiaçılar məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olmasını təsdiq edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə, məhkəmə baxışı iclasında iddiaçıların vəsatəti əsasında dindirilmiş şahid ifadələrini isə mötəbər sübut kimi qəbul etmir. Belə ki, iddiaçıların vəsatəti əsasında dindirilmiş şahidlər iddia tələbində göstərilən hallarla bağlı yalnız ümumi ifadə verməklə iddiaçıların qeyd etdikləri halları təsdiq edə bilməmişlər. Eyni zamanda şahid K. F. Məmmədovun ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin şahid iddiaçılarla yaxın qohumluq münasibətindədir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiaları təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiaları təmin edilməsin. İş üzrə iddiaçılar tərəfindən ödənilmiş 60 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar