Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1155/2023 03.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hesabından onun nəfinə xx.xx.2007-ci ildə doğulmuş Əli adlı uşağın saxlanması üçün Şəmkir rayon Məhkəməsinin 24 oktyabr 2014cü il tarixli 2(076)-2661/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş 80 (səksən) manat sabit pul məbləğində alimentin artırılmasına, hər ay hər bir uşaq üçün 220 manat sabit pul məbləğində tutulmasına, 50 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh Şəmkir rayon Məhkəməsinin 24 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə 24 dekabr 2007-ci ildə doğulmuş Əli adlı uşağın saxlanması üçün hər ay bir uşaq üçün cavabdehin hesabından onun nəfinə 80 (səksən) manat sabit pul məbləğində aliment müəyyən olunub. Lakin hesab edir ki, həmin məbləğ bu gün üçün yetərli deyil. Belə ki, uşaq böyüyüb və xərcləri çoxalıb. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət edir. İstəyir ki, məhkəmə uşaqların saxlanması üçün müəyyən olunmuş alimenti artırsın və hər ay bir uşaq üçün 200 manat məbləğində sabit pul formasında müəyyən etsin. Çünki cavabdehin qazancı sabit deyil. O, fərdi əməklə məşğul olur. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehin yüksək qazanc əldə etməsi ilə bağlı heç bir sübutu yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə iddia tələbinə etiraz göndərərək bildirmişdir ki, Şəmkir rayon Məhkəməsinin 24 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə 24 dekabr 2007-ci ildə doğulmuş Əli adlı uşağın saxlanması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment müəyyən olunub. Şəmkir rayon Məhkəməsinin 24 oktyabr 2014-cü il tarxili qətnaməsi ilə müəyyən olunan alimenti ödəyir. İddiaçı mübahisə predmeti üzrə alimentin artırılması tələbi ilə iddia qaldırmışdır. Hesab edir ki, məhkəmə işə obyektiv baxaraq ədalətli qərar qəbul edəcəkdir, ona görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Aşağıda göstərilən əsaslara görə iddia ərizəsi qanunsuz və əsassız hesab edərək etiraz edir: Qeyd etməyi lazım bilir ki, İddiaçı iddia ərizəsinin təsviri hissəsində göstərir ki, fərdi əməklə məşğul olur bu səbəbdən aliment artırılmaldı. Hal hazırda işsizdir hec bir fərdi əməklə məşğul olmur. Əlavə olaraq bildirir ki, ailə həyatı qurmuşdur. Həyat yoldaşı və az yaşlı övladı hal-hazırda onun himayəsində yaşayır və onların qazanc yeri yoxdur. İddiaçı qaldırdığı iddia ərizəsi əsassız hesab edərək etiraz edir. Bundan başqa, işə baxarkən iddiaçının şifahi sözlərini əsas kimi, qəbul etməməli qanunun tələblərini pozmamaqla iddiaçının marağı çərçivəsində qərar qəbul etməməlidir, onun hal-hazırda işsiz olmağı, əmək haqqı almadığı halda 200 manat alimentin artırılması tələbin əsasız hesab edir, iddiaçı öz mülahizələri əsasında 200 manat alimentin artırılaraq ondan tutulması çox anlaşılmazdır və qanuna ziddir. Hesab edir ki, məhkəmə qanuna zidd çıxmayıb əksinə yaşayış minimumu haqqında Qanunu rəhbər tutaraq ədalətli qərar qəbul edəcəkdir. Ona görə də yuxarıda şərh ohınanlari rəhbər tutaraq İddiaçı qaldırdığı iddia ərizəsini təmin etmədən Şəmkir rayon Məhkəmıəsinin №2(076)-2661/2014 saylı 24 oktyabr 2014-cü il tarixli qətnaməsini dəyişdirmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəmkir RİHB Xuluf kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Xuluf kənddə daimi qeydiyyatda olmaqla yaşayır. İşdə olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında arayışdan görünür ki, X5 xx.xx.2007-ci il tarixdə Şəmkir rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan DİN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Abuşov X1 şəhəri, N.Səmədov küçəsi, ev-62 də yaşayır. İddia ərizəsinə əlavə olunmuş Şəmkir rayon məhkəməsinin 2(076)-2661/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə X3 arasında xx.xx.2011-ci il tarixdə Şəmkir rayon qeydiyyat şöbəsində nikah bağlanmışdır. İşdə olan AZE 11535992 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikahdan xx.xx.2009-cu il təvəllüdlü Polad adlı uşaqları doğulmuşdur. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, Şəmkir rayon məhkəməsinin 2(076)-2661/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçmiş, uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş 80 manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə etiraz göndərərək ikinci dəfə ailə qurduğunu və himayəsində 1 nəfər uşağın olmasını və heç bir yerdə işləməmisini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda ödənilən 80 manat məbləğində aliment xx.xx.2014-cü il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən on ilə yaxın müddət keçmiş, yaşayış minimumu, uşaq böyüdükcə onun tələbatı və saxlanma xərcləri artmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin ikinci evliliyindən bir uşağının olmasını, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Şəmkir rayon məhkəməsinin 2(076)-2661/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 80 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya dair xərci ödəmişdir. Mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən, iddia tələbinin təmin edilən hissəsi nəzərə alınaraq, cavabdehdən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 50 (əlli) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən və artırılmış hissədə alimentin bir il ərzində məcmusu 1200 manat təşkil etdiyindən, dövlət rüsumu 32 manat məbləğində müəyyən edilməli və cavabdehə aid edilmə və ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2661/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2007-ci il təvəllüdlü Əli adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün atası Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, anası İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 50 (əlli) manat məhkəmə xərci tutularaq İddiaçı verilsin. Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-1155/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1155/2023
03.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver