Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1209/2025 20.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X4 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 670 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, şəxsi “Kamaz” markalı maşını ilə tikinti materiallarının daşınması, alqı–satqısı ilə məşğul olur. Cavabdehi 2024–cü ilin may–iyun aylarından tanımışdır. Belə ki, cavabdeh həmin vaxtlarda ona zəng edərək ondan mərmər daşının qırıntısı və tozunu sifariş vermiş, o da 1 tonu 30 manat olmaqla gətirmişdir. Hər dəfə cavabdeh onun pulunu vermişdir. Lakin sonuncu dəfə 19 ton mərmər tozu gətirdikdə, cavabdeh 570 manat mərmər tozunun pulu və 100 manat yol pulu olmaqla, cəmi 670 manat pulu verməmiş və qısa müddətdə ödəyəcəyini demişdir. Aradan xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh 670 manat pulu verməmişdir. Bununla əlaqədar olaraq xx.xx.2025–ci il tarixdə DİN–in 102 xidmətinə zəng edib məlumat vermiş, müraciətindən sonra onu Şəmkir Rayon Polis Şöbəsinə çağırmışlar. Orada araşdırma aparılmış və tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, Cavabdeh 670 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, özü Göygöl şəhərindən aldığı mərmər daşının qırıntısı və tozunun daşınması, alqı–satqısı ilə məşğul olur. Cavabdehi də həmin işlə əlaqədar tanımışdır. Belə ki, cavabdehin sifarişi ilə ona bir neçə dəfə təxminən 19 ton 300 kq material gətirmiş, həmin materialın pulunu özü nağd şəkildə vermiş, cavabdehin sexinə gətirdikdən sonra isə cavabdeh ona materialın pulunu və əlavə olaraq 100 manat yol pulu vermişdir. Lakin sonuncu dəfə, yəni 2024–cü ilin iyun ayında cavabdehin sexinə material gətirərkən sonuncu pulunun olmadığını, qısa zamanda pulunu ödəyəcəyini demişdir. O da cavabdehə inanmış və etibar etmişdir. Lakin sonradan cavabdeh onun pulunu verməmiş, tələb etdikdə isə guya çəkidə onu aldatmasını, daha aşağı çəkidə material gətirməsini bəhanə edərək pulu ödəməkdən boyun qaçırmışdır. Halbuki, gətirdiyi material sexdə cavabdehin fəhləsi tərəfindən tərəzidə çəkilmiş və 50 kq “Kamaz” markalı maşının yük hissəsinə çıxıldıqdan sonra materialın çəkisinin 19 ton 250 kq olması müəyyən edilmişdir. Dəfələrlə cavabdehdən pulunu tələb etsə də, cavabdeh müxtəlif bəhanlərlə pulu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Odur ki, Cavabdeh 670 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, təxminən 2024–cü ilin iyun ayında İddiaçıla birlikdə mərmər yükünü boşaltmaq üçün cavabdehin sexinə gəlmişlər. Orada fəhlə onlara “Nəriman deyirki yükü tərəzidə çəksinlər”–demiş, Ələsgər də etiraz etməmişdir. Bundan sonra material çəkilmiş və 19 ton 250 kq olması müəyyən edilmişdir. Materialın pulu təxminən 600 manat etmiş, lakin pulu daha sonra verəcəklərini bildirmişlər. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, iddiaçının qonşusudur. Təxminən bir müddət əvvəl Ələsgər onu avtomaşınla Şəmkirə aparmasını xahiş etmişdir. İddiaçı Şəmkirdə Nəriman adlı şəxsdən pul alacağı olmasını demişdir. O, Nərimanı əvvəllər tanımamışdır. Cavabdehin sexinə gəldikdə iddiaçı pulunu tələb etmiş, hətta cavabdehin fəhləsi materialın çəkisini təsdiq etmişdir. Lakin Nəriman pulu verməyəcəyini demişdir. Materialın pulunun təxminən 600 manatdan çox olmasını bilmişdir. İşdə olan Şəmkir RPŞ–nin xx.xx.2025–ci il tarixli məktubundan görünür ki, İddiaçı Nəriman adlı şəxsin pulunu ödəməməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı 2024–cü ilin iyun ayında cavabdehə mərmər daşının qırıntısı və tozunu gətirmiş, lakin cavabdeh həmin materialın pulunu verməkdən boyun qaçırmışdır. Bununla da iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Məhkəmə, ilk öncə məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər keçmişdə baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilmiş, mübahisə barədə dəqiq ifadələr verərək, cavabdehin iddiaçının pulunu qaytarmamasını konkret olaraq göstərmişlər. Ona görə də məhkəmə, həmin şahid ifadələrini sübut növü kimi qəbul edilməsini əsaslı hesab edir və mübahisənin düzgün həlli zamanı nəzərə alır. Məhkəmə işin yuxarıda araşdırılmış hallarına əsasən qeyd edir ki, cavabdeh iddiaçının gətirdiyi mərmər daşının qırıntısı və tozunun dəyəri olan 670 manat pulu iddiaçıya verməmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2–ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus ələ keçirdiyi 670 manat məbləğində pul vəsaitini ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkətləri əsaslı olmadığından, o, heç bir hüquqi əsas olmadan əldə etdiyi 670 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 670 manat pul alınıb iddiaçıya verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 670 (altı yüz yetmiş) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş manat dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №2(076)-1209/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1209/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver