Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1231/2024 25.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması və uşağın müalicəsi üçün xərc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması və uşağın müalicəsi üçün xərc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 avqust 2013-cü il təvəllüdlü X11 və 11 avqust 2015-ci il təvəllüdlü X9 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(076)-614/2019 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 235 (iki yüz otuz) manat sabit pul məbləğində alimentin, 27 avqust 2013-cü il təvəllüdlü X11 adlı uşağın müalicəsi üçün ödədiyi 1260 manat pulun yarısı olan 630 (altı yüz otuz) manat məbləğində vəsaitin, 27 avqust 2013-cü il təvəllüdlü X11 adlı uşağın mütəmadi müalicəsi üçün hər ay 200 (iki yüz) manat vəsaitin və ödədiyi 50 (əlli) manat mediasiya xərcinin Cavabdeh tutulmasına dair qətnamə çıxardılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun birgə nikahlarından 27 avqust 2013-cü il təvəllüdlü X11 və 11 avqust 2015-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar. Yetkinlik yaşına çatmamış uşaqları onun himayəsində qalmışdır. Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh yetkinlik yaşına çatmamış uşaqlarının saxlanması üçün hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment müəyyən edilmiş, hazırda həmin məbləğdə aliment yetkinlik yaşına çatmamış uşaqlarının saxlanması üçün kifayət etmir. Uşaqlar böyüdükcə xərcləri daha da çoxalmışdır. Həmçinin, yetkinlik yaşına çatmamış uşaqları X4q və müalicə tələb edən ciddi davranış pozuntusu, nitq və dilin inkişafının spesifik pozğunluqları xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyə görə yetkinlik yaşına çatmamış övladı daim həkim müalicə və müayinələrində olur. Hətta hər ay Serotonin X3 müayinəsində olur. Bu müayinə və müalicə ilə bağlı həmin Mərkəzə hər ay 180 (yüz səksən) manat pul ödəyir. Övladının müalicəsi ilə bağlı 7 ay olmaqla hər ay 180 manat ödəniş etmişdir. Uşağın hələ də hər ay müalicəsi davam edir. O hazırki vaxta kimi ümumilikdə loqoped müayinəsinə və müalicəsinə görə X2 ümumilikdə 1260 manat pul ödəmişdir. Bundan başqa övladı Aminin müalicəsi üçün o hər ay aldığı dərmanlara 120 manat ödəniş edir. Lakin, cavabdeh hazırki vaxta kimi ödədiyi alimentdən əlavə nə uşaqlarının saxlanmasında, nə də Amin adlı uşağın müalicə olunması üçün ona heç bir maddi köməklik göstərməmişdir. Övladı xəstə olduğundan özü də hazırda heç yerdə işləmir. Cavabdeh isə fərdi əməklə məşğul olur və aylıq yüksək qazanca malikdir. Yetkinlik yaşına çatmamış uşaqları böyüyürlər, orta məktəbdə təhsil alırlar və xərcləri olduqca çoxalmışdır. O yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Onların bütün qayğılarını o çəkir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən 27 avqust 2013-cü il təvəllüdlü X11 və 11 avqust 2015-ci il təvəllüdlü X9 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(076)-614/2019 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 235 (iki yüz otuz) manat sabit pul məbləğində alimentin, 27 avqust 2013-cü il təvəllüdlü X11 adlı uşağın müalicəsi üçün ödədiyi 1260 manat pulun yarısı olan 630 (altı yüz otuz) manat məbləğində vəsaitin, 27 avqust 2013-cü il təvəllüdlü X11 adlı uşağın mütəmadi müalicəsi üçün hər ay 200 (iki yüz) manat vəsaitin və ödədiyi 50 (əlli) manat mediasiya xərcinin Cavabdeh tutulmasına dair qətnamə çıxardılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, azyaşlı uşağın xəstə olmasını və tez tez azyaşlı X11 müayinə və müalicəyə aparmasını əsas gətirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehin hazırda hansı işlə məşğul olması və gəlirləri barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, o hazırda heç yerdə işləmir, ikinci dəfə ailə qurmuşdur. Hazırda məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti çətinliklə ödəyir, indiki aliment pulunu valideynlərinin aldığı təqaüdlə ödəyir. Bu səbəbdən alimentin məbləğinin artırılması və uşağın müalicəsi üçün xərc tələbinə dair iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 379 nömrəli X7 tərəfindən verilmiş arayışdan görünür ki, X9 xx.xx.2015-ci ildə anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan İİİ-AK seriyalı 658699 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən və onun təsdiq olunmuş tərcüməsindən görünür ki, X11 xx.xx.2013-cü ildə anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan “Serotonin” neyro psixoloji mərkəzi tərəfindən verilmiş pul qəbzlərindən (7 ədəd) görünür ki, X8 müalicəsi üçün aylıq 180 manat ödənilmişdir. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)- 614/2019 saylı qətnaməsindən çıxarışından görünür ki, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 27 avqust 2013-cü il təvəllüdlü Amin və 11 avqust 2015-ci il təvəllüdlü Ramin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(076)-425/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləği həddində müəyyən edilmiş və Cavabdeh alınıb İddiaçı verilməsinə qət etmişdir. İş materiallarında olan “Serotonin” neyropsixoloji mərkəzinin tərəfindən verilmiş arayışdan görünür ki, X14 xx.xx.2023-cü il tarixdən “Serotonin” neyropsixoloji mərkəzində psixoloji probleminin həli üçün müalicə alır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliliyi Ambulator Kitabçadan çıxarışdan görünür ki, X11 anadan 8 aylıq doğulub. Valideynləri uzaq qohumdur, ayrılıblar. Ananın himayəsindədir. İlkin psixo-fiziki inkişafı yaşıdlarından fərli olaraq ləng olmuşdur. Gec yeriyib, 4 yaşından sonra danışmağa başlayıb. Nitqi qüsurludur. Məktəbə getmir, fərdi təhsil alır. Bilik və məlumatları yoxdur. Psixi vəziyyətində pozuntular uşaqlıqdandır. Xəstə dəfələrlə müayinə və müalicələrdə olmasına baxmayaraq psixi vəziyyətində yaxşılaşma olmamışdır. Bir yerdə qərar tutmur. Təkliyə meyillidir, əsəbidir. Yuxusu pozulub. Daima qulluq və müalicəyə ehtiyacı var. X12 xəstəxanasında müalicədə olmuş və Orta dərəcəli əqli gerilik qulluq və müalicə tələb olunan ciddi davranış pozuntuları ilə “İQ- 36, Nitq qüsuru" diaqnozu qoyulmuşdur. Huşu aydındır. Bələdliyi zamana və məkana görə pozulub. Ünsiyyətə çətinliklə qoşulur. Verilən suallara səhv cavablar verir. Nitqi anlaşılmazdır. Emosional reaksiyaları qeyri adekvatdır. Bir yerdə qərar tutmur, hiperaktivdir. Əsəbidir, aqressivdir. Əsəbləşəndə ətrafı dağıdır, əlinə nə keçsə qırır. Bilik və məlumatları yoxdur. Əqli, zehni, nitqi inkişafı geri qalır. Verilən tapşırıqları yerinə yetirmir. Yersiz hərəkətlər edir, təkliyə meyllidir, öz aləmindədir. Həmyaşıdları ilə ünsiyyət qura bilmir, dalaşır. Özünə qulluq etmir. Fizioloji tələbatlarını bildirmir, nəzarətlə gedir. Əhval-ruhiyyəsi dəyişkəndir. Maraqları məhduddur. Yuxusu səthidir. Özünü idarə edə bilmir. Davranışı ciddi şəkildə pozulub. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MŞQ/1-00097 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2024-cü il tarixə saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etmişlər. Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (130 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən 4 ildən artıq müddət keçmiş, həmin müddətdə minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Bundan başqa məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra, tərəflərin ailə və maddi vəziyyətində hər hansı əsaslı dəyişiklik baş verməsə də, həmin vaxtdan bu günə kimi uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2019-cu il üçün uşaqlar üçün yaşayış minimumu 160 manat müəyyən edildiyi halda, 2024-cü il üçün bu məbləğ 235 manat həddində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində müəyyən edilməli, artırılmış alimentin tutulma müddətinin əvvəli mövcud qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Məhkəmə, iddianın uşaqların xəstəliyi ilə bağlı cavabdehin əlavə xərclərə cəlb olunması hissəsini də araşdıraraq aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş müayinələrin, reseptlərin və qəbzlərin surətindən görünür ki, tərəflərin birgə nikahından olan uşaqlarıX11 adlı uşağın mütəmadi müayinə və müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunmuşdur ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Tərəflərin birgə nikahından doğulmuş uşaqlarının müayinə və müalicəsi üçün məhkəmədə iddia qaldırılana qədər 1260 manat vəsait xərclənməsi məhkəməyə təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Buna görə də cavabdeh müalicə xərcinin ödənilməsinə cəlb olunmalıdır. Məhkəmə, tərəflərin hər ikisinin valideyn kimi uşaqlarını saxlamaq vəzifəsini əsas gətirərək əlavə xərc qismində birdəfəlik 1260 manat vəsaitin yarısı 630 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Bundan başqa iddianın uşağın xəstəliyi ilə bağlı əlavə xərclərin tutulması tələbi ilə bağlı hissəsi üzrə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı tərəflərin nikahından doğulmuş 27 avqust 2013-cü il təvəllüdlü X11 xəstəliyi ilə əlaqədar olaraq vaxtaşırı müalicə alması, nəticədə iddiaçının əlavə xərclərə məruz qalması müəyyən edilmişdir. İddiaçı əlavə xərclərin konkret məbləği ilə bağlı sübutlar təqdim edə bilməsə də aşkar fakt kimi uşağın xəstə olması, bu xəstəliyin xarakterindən irəli gələrək daimi hər ay müayinə və müalicəyə ehtiyacı olması təsdiq edildiyindən məhkəmə cavabdehin ağlabatan miqdarda (məhkəməyə təqdim olunmuş sənədlərdə hər ay 180 manat ödənilməsi öz təsdiqini tapmışdır) əlavə xərclərdə iştiraka cəlb edilməsini ədalətli hesab edir. Məhkəmə, əlavə xərc qismində hər ay 90 manat pulun cavabdehdən tutulmasını əsaslı hesab edir. Dövlət rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı iddianın qiyməti 2670 manat (960(40x2x12)+630(1260/2)+1080(90x12)) olduğundan (dövlət rüsumu 46,70 manat), mediasiya sessiyasında 50 manat xərc iddiaçı tərəfindən ödənildiyindən məhkəmə xərcinə daxil olan ilkin mediasiya sessiyasında çəkilən 50 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-614/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 27 avqust 2013-cü il təvəllüdlü X11 və 11 avqust 2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. 27 avqust 2013-cü il təvəllüdlü X11 və 11 avqust 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa 170 manat, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləği ilə aliment tutularaq İddiaçı ödənilsin. 27 avqust 2013-cü il təvəllüdlü X11 adlı uşağın xəstəliyi ilə əlaqədar əlavə xərc qismində iddiaçı tərəfindən ödənilmiş xərcin yarısı, yəni 630 manat vəsait Cavabdeh tutularaq, İddiaçı ödənilsin. 27 avqust 2013-cü il təvəllüdlü X11 adlı uşağın xəstəliyi ilə əlaqədar əlavə xərc qismində Cavabdeh hər ay 90 (doxsan) manat pul tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1231/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1231/2024
25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver