Məhkəmə qərarları › İş №2(076)-1237/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1237/2023

24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1237/2023 24.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiаçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh (Leylan) Əziz qızına, Zamin1 və Zamin2 qarşı kredit borcun qaytarılması tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh (Leylan) Əziz qızına, Zamin1 və Zamin2 qarşı kredit borcun qaytarılması qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 17404.20 (on yeddi min dörd yüz dörd manat iyirmi qəpik) manat-bundan 5752.14 (beş min yeddi yüz əlli iki manat on dörd qəpik) manat əsas, 4770.56 (dörd min yeddi yüz yetmiş manat əlli altı qəpik) manat faiz, 6046.30 (altı min qırx altı manat otuz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 835.20 (səkkiz yüz otuz beş manat iyirmi qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 142.22 (yüz qırx iki manat iyirmi iki qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh (Leylan) Əziz qızı, Zamin1 və Zamin2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Dəmir Bank” Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə Cavabdeh (Leylan) Əziz qızı arasında bağlanmış 70015581 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədləri üçün 24 ay müddətinə illik 27% dərəcəsi ilə 6500 (altı min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh (Leylan) Əziz qızma kredit verilərkən Zamin1 və Zamin2 ilə 70015581-ZM saylı xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 01 saylı Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6279.96 (altı min iki yüz yetmiş doqquz dollar doxsan altı sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2018-ci il tarixə təyin edilmişdir. Kredit müqaviləsinə sonuncu xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişə əsasən Kredit restruktufizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD=1.40 AZN) 7144.61 (yeddi min yüz qırx dörd manat altmış bir qəpik) manat kreditə çevrilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsinin 4.1.5-cı bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********951 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh (Leylan) Əziz qızının xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 17404.20 (on yeddi min dörd yüz dörd manat iyirmi qəpik) manat təşkil edir. Bundan 5752.14 (beş min yeddi yüz əlli iki manat on dörd qəpik) manat əsas, 4770.56 (dörd min yeddi yüz yetmiş manat əlli altı qəpik) manat faiz, 6046.30 (altı min qırx altı manat otuz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 835.20 (səkkiz yüz otuz beş manat iyirmi qəpik) manat faiz borcu təşkil edir. İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlərdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: "xxxx" ASC-nin Bakı filialı ilə Cavabdeh (Leylan) Əziz qızı arasında bağlanmış 70015581 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh (Leylan) Əziz qızına 24 ay müddətinə illik 27 faizlə 6500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh (Leylan) Əziz qızına xx.xx.2015-ci il tarixdə 6500 ABŞ dolları verilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh (Leylan) Əziz qızı kredit məbləğini xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ödəməsini öhdəsinə götürmüşdür. İşdə olan 70015581-ZM saylı xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, borcun təminatı olaraq Cavabdeh (Leylan) Əziz qızına kredit verilərkən Zamin1 və Zamin2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək hesab üzrə əməliyyatlardan görünür ki, Cavabdeh (Leylan) Əziz qızı 6500 ABŞ dollarından 896.07 ABŞ dolları ödəmiş və 5603.93 ABŞ dolları borcu qalmışdır. İşdə olan xx.xx.2016-xx.xx.2019-cu il tarixədək olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2017-xx.xx.2018-ci il tarixədək dövr üzrə cəmi 2335 manat, xx.xx.2016xx.xx.2017-ci il tarixədək dövr üzrə cəmi 682.12 manat, xx.xx.2017-xx.xx.2019-cu il tarixədək dövr üzrə cəmi 7.144.61 manat istifadə edilmişdir. İşdə olan 70015581-ci kredit hesabı üzrə qrafikdən görünür ki, Cavabdeh (Leylan) Əziz qızı kredit məbləğini xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ödəməsini öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2017-ci il tarixli, 01 və 02 saylı kredit müqaviləsi üzrə Əlavə Sazişə əsasən Kredit restruktufizasiya edilmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İşdə olan 70025256-11 müqaviləyə əlavədən görünür ki, Cavabdeh (Leylan) Əziz qızı kredit məbləğini xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödəməsini öhdəsinə götürmüşdür. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(103)-3194/17 saylı qərarın surətindən görünür ki, "xxxx" ASC müflis elan edilməsi və iflas proseduruna başlanılması qərara alınmışdır. İşdə olan maliyyə arayışdan görünür ki, Cavabdeh (Leylan) Əziz qızının 70015581 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə "xxxx" ASC-nə 17404.20 (on yeddi min dörd yüz dörd manat iyirmi qəpik) manat təşkil edir. Bundan 5752.14 (beş min yeddi yüz əlli iki manat on dörd qəpik) manat əsas, 4770.56 (dörd min yeddi yüz yetmiş manat əlli altı qəpik) manat faiz, 6046.30 (altı min qırx altı manat otuz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 835.20 (səkkiz yüz otuz beş manat iyirmi qəpik) manat faiz borcu vardır. İşdə olan **********951 saylı xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh (Leylan) Əziz qızına banka olan borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, İddiaçı ASC ilə Cavabdeh (Leylan) Əziz qızı arasında 70015581 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı ASC ilə Zamin1 və Zamin2 arasında 70015581-ZM saylı xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Zamin1 və Zamin2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh (Leylan) Əziz qızı ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Bundan sonra kredit müqaviləsinə sonuncu xx.xx.2017-ci il tarixli, 01 və 02 saylı əlavə sazişə əsasən kredit restruktufizasiya edilmiş, kreditin son ödəmə müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmiş, kreditor, borc alan və zaminlər həmin sazişi təşdiqləmişlər. İddiaçı tərəfindən müqavilə üzrə öz öhdəliyini icra etmiş, cavabdeh isə kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə də Cavabdeh (Leylan) Əziz qızı müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh (Leylan) Əziz qızı ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçı LPO İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Cavabdeh (Leylan) Əziz qızı ilə kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə 24 ay müddətinə bağlanmış, bundan sonra xx.xx.2017ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilməklə 7144.61 manat müəyyən edilmiş, kreditin qaytarılması üçün son tarix xx.xx.2020-ci il müəyyən edilmiş, kreditor, borc alan və zaminlər həmin sazişi təşdiqləmişlər. Zamin1 və Zamin2 ilə bağlanılmış zaminlik müqaviləsində və əlavə sazişdə zaminliyin verilməsi müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2020-ci il tarixdə başa çatdığından və həmin vaxtdan 1 il ərzində iddiaçı tərəfindən zaminlər Zamin1 və Zamin2 qarşı iddia irəli sürülmədiyindən zaminliyə xitam verilmişdir. Buna görə də cavabdehlər Zamin1 və Zamin2 qarşı iddia təmin edilə bilməz. Həmçinin məhkəmə hesab edir ki, kreditor tərəfindən müqavilənin şərtlərinə uyğun əsas borca faiz və cərimə məbləği hesablanmışdır. Buna görə də məhkəmə əsas və faiz borcunun tamamını, cərimə borcunun bir hissəsini Cavabdeh (Leylan) Əziz qızından iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən-Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri sərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə iddia tələbinin Cavabdeh (Leylan) Əziz qızından illik beş faiz hesablamaqla 835.20 manat əlavə faizin tutulması hissəsini əsaslı hesab edir. Bundan əlavə məhkəmə qalıq borc məbləğini və tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan cərimə (dəbbə) pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə (dəbbə) pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 6046.30 manat cərimə pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 600 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh (Leylan) Əziz qızından kredit müqaviləsi üzrə 5752.14 manat əsas borc, 4770.56 manat faiz borcu, 600 manat cərimə borcu, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 835.20 manat faiz borcu olmaqla, ümumilikdə 11957.9 (on bir min doqquz yüz əlli yeddi manat doxsan qəpik) manat borc iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 142.22 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə iddianın təmin edilən hissəsini nəzərə alaraq ödənilmiş dövlət rüsumunun 125.47 manat hissəsini Cavabdeh (Leylan) Əziz qızından iddiaçının xeyrinə tutulmasını, 16.75 manat hissəsinin isə iddiaçının özünə aid edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh (Leylan) Əziz qızından 5752.14 manat əsas borc, 4770.56 manat faiz borcu, 600 manat cərimə borcu, kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 835.20 manat faiz borcu olmaqla, ümumilikdə 11957.9 (on bir min doqquz yüz əlli yeddi manat doxsan qəpik) manat borc məbləği və məhkəmə xərci qismində ödənilmiş 125.47 (bir yüz iyirmi beş manat qırx yeddi qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar