Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1264/2023 25.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “Azərışıq’' ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixində 031015 nömrəli akt əsasında qanunsuz hesablanmış 1473.70 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o Şəmkir rayonu Qılıncbəyli kəndində yaşayır. İstifadə etdiyi elektrik sayğacına cavabdeh təşkilatın nümayəndələri 25 yanvar 2023-cü il tarixində akt nömrə 031015 NDM nömrəli akt tərtib ediblər, və akt əsasında 1473 manat 70 qəpik cərimə hesabatı ediblər, güya onun istifadəsində sayğacı xəta ilə işləyir, güya o 0 (sıfır) xəttindən istifadə edir və aktda qeyd ediblər ki, E.E.İ.Q-yə uyğun sxema bərpa edilsin. Onuda qeyd edir ki, akt yazdıqdan bir gün sonra cavabdeh təşkilatın labaratoriya nümayəndəsi onun evinə akt ilə bağlı yaxınlaşdı və ona bildirdi ki, onun sayğacının sxemasına baxış keçirib, qüsuru aradan qaldıracaq. O etiraz etmədi, cavabdeh təşkilatın əməkdaşı sayğaca baxış keçirən zaman özüdə tərəddüd ilə ona bildirdi ki, ona yazılmış akta tələb qoyulmuş qüsur ləğvi əsassızdır baxış keçirilən zaman məlum oldu ki, sxema tam normaldır, sayğaca vurulmuş alt qabaq möhrü tam normasındadır. Onun yeni elektron tipli sayğacını o yox cavabdeh təşkilatın nümayəndələri tərəfindən xx.xx.2020-ci ildə labaratoriya əməkdaşları tərəfindən quraşdırılmış və möhürlənmişdir, hal-hazırda akt tərtib olan tarixədək sayğac tam uçot dəsti ilə tam formada şəbəkəyə qoşulmuşdur. Aktda onuda qeyd ediblər ki, abanontein nümayəndəsi oğlu özünü təqdim etmədi, həmin tarixdə o evində idi və oğlu işdə idi. Burada sual yaranır ki, telefon nömrəsini təqdim edən şəxs niyə adını gizlətsin? Akt tərtibatı zamanı onu çağıran olmamışdır. Qeyd etdikləri oğlu özünü təqdim etmədi, fikirləri yanlışdır. Onuda qeyd edir ki, 1960-cı ildən çəkilmiş və istifadəyə verilmiş daşıyıcı elektirik naqilləri və güc transformatorlar öz istismar müddətini başa vurmuş sayılır, tam normal gərginlik təmzimləyə bilmir. Akt tərtibatında istifadə ettikləri ölcü cihazı ampermaşa standartlara və sertifkartlara cavab vermir. Tərtib olunmuş aktda 031015 nömrəli akta qoyulmuş güc 19.8 kvt meyarında yazılmışdır, onuda bildirir ki, onun evinə məxsus 1 fazlı elektrik sayğacı və ona məxsus 0.6 ml metrlik daşıyıcı naqillər qoyulmuş 19.8 kvt gücü daşımaq qabiliyyətinə malik deyil, ancaq maxsimum 6 kvt saat daşıya bilər, və akta qeyd ettikləri mağaza sözü əsassızdır, o evinin kanarında qadın geyimləri və digər yüngül ərzaq malları satır və orada heç bir işlədici enerji gücü tələb edən avadanlıqlar yoxdu, qış mövsümü olduğu üçün işlədəcilərə tələbat yoxdur, o da digər vətəndaşlar kimi mövsüm ilə əlaqədər istilik enerjisini qaz qızdırıcı radiyatorundan alır və elektirik enerjisinin istifadəsinə ancaq işıqlanma avadanlıqlarından istifadə edir. Cavabdeh təşkilatın nümayəndəsi akta qeyd ettikləri Pkənar=1.2 kv kənar xəttdən keçən elektirik enerjisinin meyarı özləri tərəfindən istifadə etdikləri ölçü avadanlıqları ilə ölçülmüşdür. 1.2 kv qaçaq enerji meyarı 1473.70 manat neçə hesablana bilər? Bu tam şişirdilmiş qəsdən hesablanmış məbləğdir. 1.2 kv meyarı 2 ədəd işıqlandırma lampasının sərf ettiyi enerji dəyəridir. Hörmətli məhkəmə iddia ərizəsində təqdim etdiyi dövriyyələr cədvəlində görünür ki, o hər ay nə qədər elektrik enerjisi istifadə edir. Cavabdeh təşkilatın tərtib etdiyi 031015 nömrəli səhvən yazılmış aktın şahidi ola bilərsiz, bu aktla ona 1473.70 manat qərəzli xəyali hesablamalar aparmışlar. Akt yazıldıqdan 3 gün sonra cavabdeh təşkilatın nümayəndələri onun yaşadığı ünvana gələrək, onun xəbəri olmadan yazılmış aktla hesablanmış məbləği ödətdirmək istədilər, o onlara iradını bildirdi və həmin vaxt 7 fevral 2023-cü il tarixində ona həmin sözü gedən aktın sürətini ona təqdim etdilər və onun fərdi yaşayış evinə elektirik verilişini dayandırmışdırlar, Azərbaycan Respublikasının Konstitusiyasının və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəllələrinin nəzərə tutulmuş qaydalarına əməl edilmədən ona maddi və mənəvi zərər vuraraq xx.xx.2023-cü il tarixədək onun yaşadığı evində elektrik enerjisini verilməsi təmin olunmamışdır. Hörmətli məhkəmə o isə həmin borcun qanunsuz olaraq yazıldığını və borcun silinməsini tələb edir. Lakin tələbin heç bir nəticəsi olmayıbdır. Qeyd olunanlara görə də məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini hesablanmış borcun silinməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir RİHB Qılıncbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Qılıncbəyli kəndində yaşayır və Şəmkir rayonu, Qılıncbəyli kənd İƏD üzrə nümayəndəliyinin ev təsərrüfatının uçotu kitabında qeydiyyatdadır. İşdə olan **********00215 saylı abonentin abunə haqqından görünür ki, İddiaçı 1500.68 manat borcu var. İşdə olan xx.xx.2023-cü il tarixli AKT NDM 031015 №-li nömrəli aktdan görünür ki, həmin tarixdə Şəmkir rayonu, Qılıncbəyli kəndində olan istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğac kənar mənbədən götürülən “0” xətti vasitəsilə dövrədən kənarlaşdırıldığı aşkar edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli satış sahəsi üzrə tələblərdən görünür ki, qüsursayğac kənar mənbədən götürülən “0" xətti vasitəsi ilə dövrədən kənarlaşdırılıb. Belə ki, sayğacın sxem ardıcıllığı pozulmuş və (sayğac qismən) kənar mənbədən götürülən “0" xətti vasitəsi ilə sayğac saxlanılmış, xəttən axan yükü tam qeyd etmir. Naqilin en kəsiyinə əsasən hesabat verildi. (7,0 kvt x 24 saat x (0,7)x 90 gün)-499 kvts = 11445 kvts. Tarif (0,08 man) -101 kvts x 0.08 = 8 manat. Tarif (0,09 man) - 300 kvts x 0,09=27 manat. Tarif (0,13 man) -11044 kvts x 0,13=1435.80 manat. Cəmi=1470.80 manat. İşdə olan **********00215 saylı abonentin abunə haqqından görünür ki, İddiaçı 1470.74 manat borcu var. İşdə olan CD diskdən görünür ki, Şəmkir rayonu, Qılıncbəyli kəndində olan istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğac kənar mənbədən götürülən “0” xətti vasitəsilə dövrədən kənarlaşdırıldığı aşkar edilmişdir və pozuntuları video çəkilişlə qeydə alınmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Qılıncbəyli kəndində yaşayır və yaşadığı evdə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində onun adına qeydə alınmış elektrik sayğacından istifadə edir. Cavabdeh-nin X2 əməkdaşları abonent İddiaçı yaşadığı evə verilən elektirik enerjisinin sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirərək elektrik sayğacının kənar mənbədən götürülən “0” xətti vasitəsilə dövrədən kənar istifadə edilməsini aşkar etmişdir. Bundan sonra "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən "Aktlar üzrə Komissiya" tərəfindən abonent barəsində elektirik xəttindən keçən enerjinin yükü nəzərə alınmaqla (7,0 kvt x 24 saat x (0,7)x 90 gün)-499 kvts = 11445 kvts. Tarif (0,08 man) -101 kvts x 0.08 = 8 manat. Tarif (0,09 man) - 300 kvts x 0,09=27 manat. Tarif (0,13 man) -11044 kvts x 0,13=1435.80 manat. Cəmi=1470.80 manat itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)-yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə iddia tələbinin qismən əsaslı hesab edirərək qeyd edir ki, cavabdeh təşkilatın əməkdaşı nöqsanın aşkar olunmasından əvvəl nəzarətçi tərəfindən hər ay sayğaca baxış keçirərkən gözlə görünən qeyd edilən nöqsanı aşkar etməməsinə baxmayaraq, aylıq sərfiyyatın dəyəri nəzərə alınmadan 90 gün itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparmaqda haqlı olmamışdır. Belə ki, işin müəyyən olunmuş hallarını və abonentin aylıq sərfiyyat məbləği nəzərə alınmaqla qırx beş günlük dövr nəzərə alınmaqla itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılması fakti vəziyyətə uyğundur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, sayğaca nəzarətçi tərəfindən əvvəllər baxış keçirilməsi və bundan sonra qeyd edilən nöqsanın aşkar edilməsi və abonentin aylıq sərfiyyatı əsas götürülməli, son qırx beş gün nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılması fakti vəziyyətə uyğun olaraq 735.40 manat hissəsində borc saxlanılmalı, hesablanmış borcun 735.40 manat hissəsi iddiaçının (abonent kodu: **********00215 olan) hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 735.40 (yeddi yüz otuz beş manat qırx qəpik) manat borc məbləği İddiaçı abunə hesabından (abunə kodu: **********00215 olan) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-1264/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1264/2023
25.07.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver