Məhkəmə qərarları › İş №2(076)-1299/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1299/2023

16.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1299/2023 16.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyana görə 1.400 manat pulun və ödənilmiş 34 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan və Şəmkir rayonu, Füzuli qəsəbəsində yerləşən 0.50 ha istixanaya 700 metr qaz xəttinin çəkilməsi üçün 2018–ci ildə Cavabdeh ilə razılaşmışdır. Razılaşmaya əsasən cavabdeh istixananın qaz xəttini çəkməli, sayğacın quraşdırılması ilə bağlı sənədləşmə işlərini həyata keçirməli olmuşdur. Bu işlər üçün cavabdehin istədiyi məbləği ona ödəmişdir. Lakin sonradan “Azəriqaz” İB Şəmkir Rayon Məhkəməsində ona qarşı “qanunsuz qoşulma nəticəsində istifadə olunmuş qazın dəyərinin ödənilməsi tələbi”nə dair iddia qaldırmış, həmin məhkəmə prosesində məlum olmuşdur ki, cavabdeh onun istixanasına qaz xətti çəkərkən təzə kapron borulardan istifadə etməli olduğu halda, işlənmiş kapron borulardan istifadə etmişdir. Bununla da cavabdeh ondan təzə boruların pulunu almış, lakin daha ucuz və işlənmiş borulardan istifadə etmişdir. Nəticədə cavabdeh ondan 1.400 manat pul almaqla ona maddi ziyan vurmuşdur. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 1.400 manat pulu ödəməmişdir. Odur ki, Cavabdeh vurulmuş maddi ziyana görə 1.400 manat pulun və ödənilmiş 34 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlə aralarında olan razılaşmaya əsasən sonuncu ona məxsus istixananın qaz xəttini çəkməli, sayğacın quraşdırılması ilə bağlı sənədləşmə işlərini həyata keçirməli olmuş, o isə öz növbəsində cavabdehin tələb etdiyi miqdarda pulu ödəməli olmuşdur. Bundan sonra qeyd olunan işlərin həyata keçirilməsi üçün cavabdehə 1.400 manat pul vermişdir. Lakin sonradan “Azəriqaz” İB Şəmkir Rayon Məhkəməsində ona qarşı “qanunsuz qoşulma nəticəsində istifadə olunmuş qazın dəyərinin ödənilməsi tələbi”nə dair iddia qaldırmış, həmin məhkəmə prosesində məlum olmuşdur ki, cavabdeh onun istixanasına qaz xətti çəkərkən təzə kapron borulardan istifadə etməli olduğu halda, işlənmiş kapron borulardan istifadə etmişdir. Bununla da, cavabdeh onu aldadaraq 1.400 manat pulunu ələ keçirmiş, lakin aldığı pulun müqabilində söz verdiyi işləri həyata keçirməmişdir. Nəticədə cavabdehin təqsiri səbəbindən 1.400 manat maddi ziyana məruz qalmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh vurulmuş maddi ziyanı ödəməkdən imtina etmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Odur ki, Cavabdeh vurulmuş maddi ziyana görə 1.400 manat pulun və ödənilmiş 34 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul edərək izahatında göstərdi ki, həqiqətən 2018–ci il tarixdə iddiaçı ona müraciət edərək Şəmkir rayonu, Füzuli qəsəbəsində yerləşən istixanasına qaz xəttinin çəkilməsində köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra iddiaçı ona 1.400 manat pul vermişdir. Lakin qaz xəttinin çəkilişi zamanı köhnə və işlənmiş borulardan istifadə etmişdir. Köhnə borulardan istifadə edərkən fərq etməyəcəyini düşünmüş, bu səbəbdən yeni borular almamışdır. Bundan sonra həmin hal iddiaçıya məlum olmuş və iddiaçı verdiyi pulu ondan tələb etmişdir. Maddi imkanı olmadığından iddiaçıya vurulmuş ziyanı qaytara bilməmişdir. Bununla belə qısa zamanda iddiaçının pulunu qaytarmağa söz verir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alımasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan və xx.xx.2023–cü il tarixdə Cavabdeh tərəfindən yazılmış izahatdan görünür ki, o, İddiaçı məxsus olan və Şəmkir rayonu, Füzuli qəsəbəsində yerləşən istixanaya qaz xəttinin çəkilişi və sənədləşmə işlərini yerinə yetirmişdir. Lakin xəttin çəkilişi zamanı əvvəlcə işlənmiş borulardan istifadə etmişdir. Bununla bağlı İddiaçı tərəfindən tam ödəniş olunmuşdur. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də cavabdehin onun istixanasında muzd müqabilində gördüyü işləri qüsurlu görməsini sübutetmə yükü bütövlükdə iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı 2018–ci il tarixdə cavabdehə müraciət edərək Şəmkir rayonu, Füzuli qəsəbəsində yerləşən istixanasına qaz xəttinin çəkilməsində və sənədləşmə işlərində köməklik göstərməsini xahiş etmiş, bu məqsədlə cavabdehə 1.400 manat pul vermişdir. Lakin cavabdeh söz verdiyi işləri lazımi qaydada yerinə yetirməmiş, qaz xəttinin çəkilişi zamanı köhnə və işlənmiş borulardan istifadə etmişdir. Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək, həmçinin verdiyi izahatında ona qarşı irəli sürülmüş iddianı qəbul etmiş, həqiqətən iddiaçıdan 1.400 manat pul almasını, lakin qaz xəttinin çəkilişi zamanı köhnə və işlənmiş borulardan istifadə etməsini etiraf etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında şifahi qaydada podrat müqaviləsi bağlanmış, cavabdeh nəzərdə tutulan işi icra etməyi, iddiaçı isə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Lakin müqaviləyə uyğun olaraq cavabdeh öhdəsinə götürdüyü işi lazımi qaydada və qüsursuz şəkildə icra etməmiş, iddiaçı isə ona çatası 1.400 manat muzdu ödəmişdir. Bununla da müqavilə şərtləri tam yerinə yetirilməmiş və iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Məhkəmə mübahisənin qanuni həll edilməsi ilə bağlı öz qənaətini əsaslandırmaq üçün mülki qanunvericiliyin müqavilə, müqavilə azadlığı, müqavilə öhdəliklərinin yaranmasını nəzərdə tutan bəzi normalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1–ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. Mülki Məcəllənin 389.1–ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə azadlığı Konstitusiyanın 29–cu və Mülki Məcəllənin 152.1–ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59–cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390–cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1–ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Göründüyü kimi podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında şifahi podrat müqavilə bağlanmış, iddiaçı tərəf müqavilənin şərtlərini yerinə yetirsə də, cavabdeh tərəf yerinə yetirməmişdir. Eləcə də, podratçı sifarişçi üçün podratı qüsurlu şəkildə icra etmiş, lakin sifarişçi müqabilində podratçıya razılaşdırılmış muzd ödəmişdir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 1.400 manat maddi ziyan alınıb iddiaçıya verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 1.400 (bir min dörd yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş manat dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 34 (otuz dörd) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar