Məhkəmə qərarları › İş №2(076)-1365/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1365/2024

14.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1365/2024 14.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X4, Cavabdeh, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Attenti” mobil nəzarət qurğusuna vurduğu ziyanın dəyəri 2277,40 manat məbləğdə vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Şəmkir Rayon Məhkəməsinin 1(076)-114/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, tutulduğu müddət nəzərə alınmaqla üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. xx.xx.2022-ci il tarixdə məhkum Cavabdeh yaşadığı ünvanda ayağına 078CE53727 seriyalı sadə elektron qolbağı bağlanılaraq, bir ədəd "Attenti" markalı 35628540 seriyalı mobil nəzarət qurğusu və onun adapteri məhkuma təhvil verilmiş və bu barədə müvafiq protokol tərtib edilərək məhkum Cavabdeh elektron nəzarət vasitələrinin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları izah edilməklə, sonuncuya qaydaları özündə əks etdirən yaddaş kitabçası verilmişdir. Habelə elektron nəzarət vasitələrinin dəyəri elan olunmuş, həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin məhkum Cavabdeh tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə məhkum Cavabdeh protokolla təhvil verilmiş "Attenti" markalı 35628540 seriyalı mobil nəzarət qurğusu sönülü vəziyyətdə təhvil alınmış və elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin X2 göndərilmişdir. Texniki rəyin nəticəsinə əsasən mobil nəzarət qurğusu düzgün istifadə edilməməsi səbəbindən ana platada elektron elementlər sıradan çıxmış, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. Nəticədə mobil qurğu tamamilə yararsız vəziyyətə salınmışdır. Ədliyyə Nazirliyinin Maliyyə və təminat İdarəsinin verdiyi maliyyə arayışına görə sadə elektron qolbağın dəyəri 2277,40 manat təşkil edir. Cavabdeh tərəfindən ümumilikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə 2277,40 manat maddi ziyan vurulmuşdur. Cavabdeh vurduğu maddi ziyanın dəyərini ödəməsi təklif olunaraq izahatı alınmış, izahatında Cavabdeh imkanının olmadığı üçün vurulmuş ziyanın dəyərini könüllü ödəməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyək izahatında bildirmişdir ki, o, Şəmkir Rayon Məhkəməsinin 1(076)-114/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, tutulduğu müddət nəzərə alınmaqla üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. xx.xx.2022-ci il tarixdə ona yaşadığı ünvanda ayağına elektron qolbağı bağlanılaraq, bir ədəd "Attenti" markalı nəzarət qurğusu və onun adapteri təhvil verilmişdir. Həmin vaxt ona izah edilmişdir ki, qeyd olunana aparatının saz vəziyyətə saxlanılması onun vəzifəsidir, həmin qurğunun qiyməti 2277 manat təşkil edir və o qırılsa həmin məbləğ ondan tələb ediləcəkdir. Lakin xx.xx.2023-cü ildə yağışlar olan zaman o Zəyəm çayını keçərkən onu və atını sel aparmışdır. Həmin vaxt həmkəndilisi İsə onu çaydan çıxartmışdır. Həmin hadisə barədə İddiaçınə məlumat vermişdir. Eyni zamanda İddiaçı fövqəladə hadisə ilə bağlı maraqlanmış, həqiqətən də cavabdehin qeyd etdiyi vaxtda Zəyəm çayında güclü sel olması və cavabdehin də həmin selə düşməsi halı öz təsdiqini tapmışdır. Qeyd edilənlərin nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(076)– 114/2022 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cavabdeh 30 noyabr 2021-ci ildən 01 dekabr 2021-ci ilədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Cavabdeh üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu Bayramlı kəndində yerləşən yaşayış yerini saat 23:00–dan səhər saat 07:00–dək Şəmkir rayon, Bayramlı kəndində yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İşdə olan xx.xx.2022–ci il tarixli protokoldan görünür ki, Cavabdeh ayağına 1 ədəd 53727 attenti elektron qolbağ bağlanıldı, 1 ədəd 35628540 nömrəli attenti mobil nəzarət qurğusu və adapter məhkuma təhvil verilmişdir. Məkuma məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vzəiyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş, ona yaddaş kitabçası verilmişdir. İşdə olan Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında ED 000479 saylı texniki rəydən görünür ki, nəzarət subyekti Cavabdeh istifadəsində olan 35628540 nömrəli Attenti V6 mobil qurğusuna xx.xx.2024-cü ildə baxış keçirilmiş və məlum olmuşdur ki, düzgün istifadə edilməməməsi səbəbindən ana platada elektron elementlər sıxardın çıxıb, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. İşdə olan xx.xx.2022-ci il tarixli protokoldan məlum olur ki, Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri elan edilmiş, sadə elektron qolbağ mobil nəzarət qurğusu (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla)-2277,4 manat qeyd edilmişdir. Həmçinin həmin elektron nəzarət vasitələrini itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı Cavabdeh elan edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh deməsinə görə, sel daşqın zamanı mobil gurğu suya düşdükdən sonra qurğu enerji yığmır. Mobil qurğu məhkum Cavabdeh sönülü vəziyyətə təhvil alınmışdır. İşdə olan xx.xx.2024–cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə xəbərdarlıq edilərək mobil nəzarət qurğusunun dəyərinin ödənilməsi tələb olunmuşdur. İşdə olan xx.xx.2021-ci il tarirxli 21/3-1149 nömrəli məktubundan görünür ki, “Attenti” sadə elektron qolbağı mobil nəzarət qurğusunun 1 dəstinin dəyəri 2277,40 manat təşkil edir. İşdə olan 24 iyun 2023-cü il tarixli Şəmkir rayon, Bayramlı kənd üzrə İƏD nümayəndəlik tərəfindən verilmiş məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə güclü yağışdan sonra Zəyəm çayına güclü sel gəlmişdir. Həmin tarixdə kənd ərazisində çoban kimi çalışan Cavabdeh atla Zəyəm çayını keçərkən, güclü sel onun atını və özünü aparmışdır. Atı sel aparmış, Cavabdeh isə çayda batarkən Bayramlı kənd sakini X5 onu çıxararaq, ona köməklik etmişdir. İş materiallında olan 111 nömrəli xx.xx.2023-cü il tarixli tibbi ərazi bölmələrini idarəetmə birliyi publik hüquqi şəxs Şəmkir rayon mərkəzi xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 17:25 radələrində Şəmkir Rayon Mərkəzi X3 bölməsinə gətirilmiş və sol ayağın baldır nahiyəsini əziniyi diaqnozu qoymuşdur. Qeyd edilmişdir ki, X1 deməsinə görə selə düşmüşdür. Beləliklə, məhkəmə müəyyən etdi ki, Cavabdeh Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(076)–114/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 aymüddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan səhər saat 07:00–dək Şəmkir rayon, Bayramlı kəndində yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və hökmün icrası barədə göstəriş icra edilməsi üçün İddiaçınə daxil olmuşdur. Məhkum Şöbəyə dəvət edilərək qeydiyyata alınmış, həmçinin ona hüquq və vəzifələri, azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək qaydaları, hər hansı müdaxilənin və ya cihazın çıxarılmasının yolverilməzliyi, habelə həmin qolbağı yararsız hala saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş, bu barədə müvafiq protokol tərtib olunmuş, eləcə də məhkumun ayağına xx.xx.2021–ci il tarixdə “Attenti” elektron qolbağ bağlanmış, həmin vasitəni üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə məhkuma xəbərdarlıq edilmişdir. Cavabdeh cəza çəkdiyi müddətdə xx.xx.2023-cü il tarixdə yaşadığı və çobanlıq etdiyi Şəmkir rayonu Bayramlı kəndi ərazisindən keçən Zəyəm çayından keçərkən həmin vaxt çayda olan güclü sel Cavabdeh və ona məxsus atı aparmışdır. Cavabdeh kənd sakini tərəfindən xilas edilərək, həmin tarixdə Şəmkir Rayon Mərkəzi X3 bölməsinə gətirilmiş və ona sol ayağın baldır nahiyəsinin əzniyi diaqnozu qoyulmuşdur. Cavabdeh 24 iyun 2023-cü il tarixdə selə düşdüyündən ona təhvil verilmiş 2.277.40 manat dəyərində mobil nəzarət qurğusu yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Bu Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan qanunvericilik normalarından və məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən göründüyü kimi, cavabdehin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, onu işlək vəziyyətdə saxlamaq və s. öhdəliklər qoyulmuşdur. Eyni zamanda ona elektron nəzarət vasitəsitələrinin zədələnməsi, yararsız hala salınması, eləcə də itirilməsi zamanı dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq edilmiş və elektron nəzarət vasitəsi cavabdehə təhvil verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müqaciət edərək, Cavabdeh elektron nəzarət vasitələrinin yararsız hala salınmasına görə 2.277.40 manat maddi ziyan tələb etsə də, məhkəmə həmin tələbi əsassız hesab edir. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlarla (tərəflərin izahatı və mülki iş materialları) Cavabdeh təhvil verilmiş elektron nəzarət vasitəsinin 24 iyun 2023-cü il tarixdə yaşadığı ərazidən keçən çayda güclü selin təsirindən (fövqəladə hadisə nəticəsində) onun çaya düşməsi ilə zədələnərək, yararsız hala düşməsi və bu baxımdan iddiaçıya dəymiş zərərin cavabdehin hüquqa zidd hərəkəti nəticəsində baş verməməsi öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ : İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar