Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1446/2025 03.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Pul tələbi”nə dair iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 235 (iki yüz otuz beş) manat məbləğində pulun və 31 (otuz bir) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 onun arasında əldə edilmiş razılığa əsasən 800(səkkiz yüz) manat borc yaranmışdır. Həmin borcun cavabdehlər 565 manatını qaytarmışlar. Razılağa görə cavabdehlər ondan aldığı mobil telefonun pullarını hissə-hissə ödəməliydi. Lakin, cavabdeh dediyi müddət ərzində həmin borcu bir hissəsini qaytarmamışlar. Qalan borcdan bu günədək heç bir məbləğ qaytarmamışlar. Dəfələrlə deməyinə baxmayaraq cavabdehlər həmin pulu geri istədiyində qaytarmaqdan boyun qaçırmışlar. Dəfələrlə xəbərdarlıq etsə də, həmin borcu ödəyəcəyini desə də, bu günə qədər borcunu ödəməmişlər. Həmin borcun cavabdehə verməyini təsdiq edən yazılı alqı-satqı müqaviləsi və aralarında olan razılıq yazışmaları vardır. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 235 (iki yüz otuz beş) manat məbləğində pulun və 31 (otuz bir) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onların məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdeh tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh1 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, satıcı İddiaçı dəyəri 850 manat olan “Samsung A 33” markalı mobil telefonu ilkin ödəniş 50 manat olmaqla və 10 ay müddətinə malın dəyərini ödəmək şərtilə Cavabdeh1 satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 406.1-ci maddəsinə əsasən Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.3-cü maddəsinə əsasən Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 471-ci maddəsinə əsasən Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, satıcı İddiaçı dəyəri 850 manat olan “Samsung A 33” markalı mobil telefonu ilkin ödəniş 50 manat olmaqla və 10 ay müddətinə malın dəyərini ödəmək şərtilə Cavabdeh1 satmışdır, həmin müqavilə yalnız Cavabdeh1 imzası ilə təsdiq edilmişdir. Öhdəliyin icrasının təmini kimi həmin müqavilədə Cavabdeh2 zamin durması qeyd edilsə də, müqavilə Cavabdeh2 tərəfindən imzalanmamışdır və bu hal onun xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş öhdəliyin yerinə yetirilməməsi vəziyyətində borclu kimi məsuliyyətini istisna edir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilə iddiaçının dəyəri 850 manat olan “Samsung A 33” markalı mobil telefonu ilkin ödəniş 50 manat olmaqla və 10 ay müddətinə malın dəyərini ödəmək şərtilə Cavabdeh1 satmasını təsdiq edir. Məhkəmə baxışı zamanı isə digər Cavabdeh2 tərəflər arasında bağlanmış müqavilədən yaranan öhdəliyin zamin qismində təminatçısı olması, eyni zamanda Cavabdeh1 tərəfindən öhdəliyin tam icra edilməsi sübut olunmur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia qismən təmin edilməli, 235 manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda ödəniləcək rüsumun məbləğini 30 manat müəyyən edilmişdir. Həmçinin, iş materiallarındakı xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən Şəmkir Rayon Məhkəməsinin hesabına 30 manat rüsum kimi ödənilmişdir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1 235 (iki yüz otuz beş) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1446/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1446/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver