Məhkəmə qərarları › İş №2(076)-1520/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1520/2023

31.07.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1520/2023 31.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, İddiaçı, Cavabdeh-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı protokol əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixində 370530 nömrəli protokol əsasında qanunsuz hesablanmış 243.62 (iki yüz qırx üç manat altmış iki qəpik) manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Şəmkir rayonu Ağlavaşlı kəndində yaşayıram. Cavabdeh təşkilatın nümayəndələri 17 fevral 2023-cü il tarixində ona məxsus elektrik sayğacını cavabdeh təşkilatın dili ilə desək 2006-cı ildə quraşdırılmış, istismar müddəti bitdiyi üçün yeni elektron tipli sayğacla əvəz edilmişdir. O, sayğac dəyişildikdən sonra bilmişdir ki, onun evinə yeni elektron sayğac qoyulmuşdur. Sonradan məlum oldu ki, cavabdeh təşkilatın nümayəndələri onun evinin sayğacına “məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” 370530 nömrəli rəy protokolu yazıb və müdaxilə rəyi verilmişdir. Nəticədə ona 243.62 manat xəyalı hesablama aparılmışdır. Rəydən görünür ki, sayğac işləyir lakin müdaxilə edilib. Göründüyü kimi rəydə istehsalçının iştirakı və imzası ilə bağlı heç bir qeyd aparılmamışdır. AR-nın Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “elektrik enerjisindən istifadə qaydaları”nm 8.2-cı bəndində nəzərdə tutulmuş hesablaşma dövrlərində müntəzəm olaraq oxunmuş, fərdi yaşayış evinin elektrik sayğacının, aşkar olunması qanuna uyğun deyil. Eyni zamanda Qərb RETSİ-də akt komissiyasında aktın hesabatına baxılarkən-Qaydaların 8.17-ci bəndinin tələbləri pozulmuşdur. Buradan görünür ki, onun sayğacıyla bağlı verilmiş rəydə hesablanmış cərimə məbləği qanunsuzdur. Sayğacı dəyişən zaman o, və ya ailə üzvlərimdən kimsə iştirak etməli idi. Ona görə də, xx.xx.2023-cü il tarixində 370530 nömrəli protokol əsasında qanunsuz hesablanmış 243.62 (iki yüz qırx üç manat 62 qəpik) manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, 163.62 (bir yüz altmış üç manat altmış iki qəpik) manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, sayğac 2006-cı ildə onun yaşadığı evə quraşdırılmışdır. Fevral ayında bir neçə nəfər gəlmiş, həmin vaxt o özüdə evdə olmuşdur. Gələn şəxslər sayğacı çıxarıb getmişlər. Uzun müddətdən sonra müdaxilə ilə bağlı cərimə yazılıb, sayğac sökülüb və bir başa qablaşdırılmadan VAZ minik markalı avtomobilə qoyaraq getmişlər. Borc məbləği əsassız hesablanıb, iddianın təmin edilməsini, hesablanmış "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 370530 nömrəli protokoluna əsasən qanunsuz hesablanmış 163.62 (bir yüz altmış üç manat altmış iki qəpik) manat məbləğində borcun silinməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək ifadəsində göstərdi ki, iddiaçının yaşadığı evə quraşdırılmış elektirik sayğacında dəyşikliklər istismar müddətinin bitməsi ilə bağlı olmuş, həmin vaxt elektrik sayğacında gözlə görülən qüsur olmuş və laborotoriya şəraitində yoxlanılan zaman elektrik sayğacına müdaxilə olunduğu müəyyən edilmişdir. Ona görə də, məhkəmədən iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan **********00123 saylı abonent İddiaçı abunə haqqından görünür ki, abonent xx.xx.2006-ci il tarixdən xx.xx.2023-cü il tarixədək saygaca toplam 887,00 manat ödəniş etmişdir. İşdə olan Şəmkir RİHB Ağlavaşlı kənd İƏD üzrə nümayəndəlik tərəfindən 191 nömrəli, xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Ağlavaşlı kəndində qeydiyyatda olmaqla yaşayır. İşdə olan xx.xx.2023-cü il tarixində 370530 nömrəli aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Şəmkir rayonu, Qasım İsmayılov kəndində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğaca müdaxilə edildiyi müəyyən edilmiş və sayğacın yenisi ilə əvəz edilməsi göstərilmişdir. Sayğacın üst “A” möhüründə aydın görünən kənar müdaxilə izi müəyyən edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Cavabdeh-nin “Qərb” RETSİ-nin icra vərəqinin surətindən görnür ki, İddiaçı yaşadığı Şəmkir rayonu, Qasım İsmayılov kəndində yerləşən evinin sayğacın üst “A” möhüründə aydın görünən kənar müdaxilə izi aşkar edilmişdir. Sayqac istismara yararsız hala salınmışdır. "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən "Aktlar üzrə Komissiya" tərəfindən iddiaçı barəsində hesabat dövrü verilmiş sərfiyyatın dəyəri nəzərə alınmaqla cəmi dəyəri 243,62 manat təşkil edən 1874 kVt.s miqdarında itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmışdır. İş materiallarına əlavə edilmiş Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında tərtib olunmuş 370530 nömrəli protokolun surətindən görünür ki, iddiaçı barəsində “EEİQ”-nın pozulmasına dair tərtib olunmuş protokol sıradan çıxmış sayğac çıxarılaraq onun əvəzinə iddiaçının yaşayış evinə yeni sayğac quraşdırılması qeyd edilmişdir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Ağlavaşlı kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Cavabdeh-nin əməkdaşları abonent İddiaçı yaşadığı evə verilən elektirik sayğacı ilə bağlı tərəflərindən xx.xx.2023-cü il tarixdə 370530 nömrəli protokol tərtib edilmiş, akt onlar tərəfindən imzalanmış, lakin həmin vaxt abonent iştirak etməmiş və onun tərəfindən imzlanmamışdır. Laborotoriya şəraitində sayğacın işlək vəziyyətdə olması, üst “A” möhüründə aydın görünən kənar müdaxilə izi müəyyən edilmiş, bu hall abonentin sayğaca müdaxilə etməsi kimi qiymət verilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində hesabat dövrü verilmiş sərfiyyatın dəyəri olaraq 243,62 manat təşkil edən 1874 kVt.s miqdarında itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmışdır. İddiaçı iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, 163.62 (bir yüz altmış üç manat altmış iki qəpik) manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)-yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Qaydaların 8.33-cü maddəsinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Bundan başqa cavabdeh tərəfindən protokol tərtib olunarkən abonentin, habelə hal şahidlərinin iştirakının təmin olunmaması, heç bir mötəbər mənbədən əldə edilmiş sübutlara əsaslanmadan abonentə borc hesablanması məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, cavabdehin əməkdaşları tərəfindən protokol tərtib olunarkən istehlakçının iştirakı təmin olunmadan, bu barədə aktda hər hansı müvafiq qeyd aparılmadan, heç bir təsdiqedici mənbəyə əsaslanmadan iddiaçıya borc hesablanmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İşin materiallarından da göründüyü kimi sayğac evdən kənarda küçədə quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən halları və qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Məhkəmə hesab edir ki, tərtib olunan protokol qüsurlu olmaqla, cavabdeh təşkilat tərəfindən istifadə edilmiş və lakin dəyəri ödənilməmiş elektrik enerjisinin sərfinin miqdarını müəyyən etməklə, abonentin qəsdlə elektrik sayğacının yararsız hala salmasını bildirməklə ehtimala əsaslanmış, habelə aktın tərtibi və borc hesablanması istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bununla da iddiaçıya məxsus ünvanda sayğaca müdaxilənin mövcudluğunu və bu pozuntunun məhz abonentin təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddia tələbində göstərilən məbləğdə hesablanmış borc abonentin hesabından silinməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya (abonent kodu: **********00123 olan) hesablanmış borc 163,62 (bir yüz altmış üç manat altmış iki qəpik) manat silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 163,62 (bir yüz altmış üç manat altmış iki qəpik) məbləğində borc İddiaçı abunə hesabından (abunə kodu: **********00123 olan) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar