Məhkəmə qərarları › İş №2(076)-1524/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1524/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1524/2024 02.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məmmədova Şəfəq Ənvər qızı, İddiaçı MMC-in cavabdeh, Cavabdeh qarşı “borcun alınması tələbi barədə” iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı MMC Cavabdeh qarşı “borcun alınması tələbi barədə” iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən, İddiaçı MMC-in xeyrinə əsas borcu 355 manat, faizlər üzrə 115.69 manat, gecikdirilmiş gün üçün 61.62 manat, ümumilikdə isə 532.31 manat borc pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC, Cavabdeh 18 yanvar 2022-ci il tarixli, 3745-22 saylı alqı-satqı müqaviləsi üzrə ümumi dəyəri 380 manat olan, 1 ədəd yeni Samsung A12 32 GB olan mobil telefonu satmışdır. Müqavilə üzrə malın ödənişi müqavilənin 1 saylı əlavəsinə “ödəniş cədvəlinə uyğun olaraq 36% (faiz) vurularaq bərabər hissələrlə 12 aya həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müqavilənin ödəniş sənədlərinə əsasən cavabdeh əsas məbləğdən 25 manat, faiz borcundan 13 manat ödəmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin müqavil`ə üzrə əsas borcu 355 manat, faizlər üzrə 115.69 manat, gecikdirilmiş gün üçün 61.62 manat ümumilikdə isə 532.31 manat borc təşkil edir. Dəfələrlə borcludan öz öhdəliklərini lazımınca yerinə yetirilməsini və borcun vaxtlı-vaxtında ödənilməsi tələb edilsə də borclu hər dəfə müxtəlif bəhanələrlə yaranmış borcunu ödəməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh 04 aprel 2024-cü il tarixdə məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günündən artıq müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış, 18 yanvar 2022-ci il tarixli, 3745-22 saylı alqı-satqı müqaviləyə əsasən, iddiaçı ümumi dəyəri 380 manat olan, 1 ədəd yeni Samsung A12 32 GB olan mobil telefonu ödəniş cədvəlinə uyğun olaraq xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə olan müddətə, dövr üçün 36% hesablanmaqla bərabər hissələrlə 12 aya həyata keçirilməsi nəzərdə tutulmaq şərtilə satmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh, 18 yanvar 2022-ci il tarixli, 3745-22 saylı alqı-satqı müqaviləsi üzrə 355 manat əsas, 115.69 faiz borcu, gecikdirilmiş gün üçün 61.62 manat ümumilikdə isə 532.31 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı bank cavabdehə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567–ci maddəsinə əsasən alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1176.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1176.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən cəmi 532.31 manat məbləğində borc alınıb iddiaçının hesabına ödənilməlidir. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 18 yanvar 2022-ci il tarixli, 3745-22 saylı alqı-satqı müqaviləsi üzrə, 355 manat əsas borc, 115.69 manat faiz borcu, gecikdirilmiş gün üçün 61.62 manat borc, ümumilikdə isə 532.31 (beş yüz otuz iki manat, otuz bir qəpik) manat məbləğində borc alınıb İddiaçı MMC-yə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar