Məhkəmə qərarları › İş №2(076)-155/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-155/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-155/2025 04.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Tanrıverdi qızının, Cavabdeh3 Tanrıverdi qızının və Cavabdeh4 Tanrıverdi qızının iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Tanrıverdi qızına, Cavabdeh3 Tanrıverdi qızına, Cavabdeh5 Tanrıverdi qızına və Cavabdeh4 Tanrıverdi qızına qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehlərdən ona ödəməli olduqları 22000 (iyirmi iki min) manat pulun və 240 (iki yüz qırx) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehləri həmkəndlisi kimi uzun müddətdir ki, tanıyır, əvvəllər aralarında heç bir narazılıqları və düşmənçilikləri olmamışdır. Cavabdehlərin Şəmkir rayonun Əliyaqublu kəndində yerləşən, Şəmkir rayon Aqrar İslahat komissiyasının 1998-ci il 23 oktyabr tarixli, 56 nömrəli qərarı ilə mülkiyyətlərine verilmiş 0.87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satmalarına görə cavabdehlərlə söhbətdən sonra torpağın satış qiymətini 13000 (on üç min) dollara razılaşmışlar. Ancaq, alqı-satqı müqaviləsi rəsmiləşənə qədər cavabdehlər təcili pul lazım olmasını bildirməklə mübahisə predmeti olan torpağı ona satmalarına görə ondan ərizəsinə əlavə etdiyi aktda qeyd olunmuş şəxslərin iştirakı ilə cəmi 13000 (on üç min) dollar pul almışlar. Lakin aradan uzun müddət keçməsinə və dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq torpağa dair alqı-satqı müqaviləsi bağlamaqları üçün X22 getməkdən imtina etmişlər. Hazırda da müxtəlif bəhanələrlə imtina etdirlər. Belə olan halda o, cavabdehlərdən pulunu qaytarıb özünə verməklərini tələb etmişdir. Lakin cavabdehlər pulunu qaytarmaqdan imtina etmişlər. Cavabdehlərin bu hərəkətləri onu aldadatmalarına şübhə yaratdı. Ona görə də onların cinayət məsuliyyətinə cəlb etmələri üçün ərizə ilə Şəmkir rayon Polis şöbəsinə müraciət etmişdir. Şəmkir rayon Polis şöbəsi ərizəsinə cavab olaraq ona göndərdiyi məktubda müraciətində göstərdiyi xüsusatlarla bağlı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsini bildirmişlər. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlərdən 13000 (on üç min) ABŞ dolları pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, İddiaçı qeyd etdiyi aktda olan imzalar nə onun özü tərəfindən, nə də digər cavabdehlər tərəfindən icra edilmişdir. Belə ki, o və digər cavabdehlər mülkiyyətlərində olan torpaq sahəsini İddiaçı satmamışlar. X23 2014-cü ildə vəfat etmiş, onun vəfatından sonra miras vərəsələr tərəfindən qəbul olunmuş və qızı Cavabdeh2 adına Çıxarış verilmişdir. Hesab edir ki, xx.xx.2005-ci il tarixli aktdakı imzalar başqa şəxslər tərəfindən icra edilmişdir. İddiaçı tərəfindən onlara heç bir məbləğdə pul verilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi barəd qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, İddiaçı qeyd etdiyi aktda olan imzalar nə onun özü tərəfindən, nə də digər cavabdehlər tərəfindən icra edilmişdir. Belə ki, o və digər cavabdehlər mülkiyyətlərində olan torpaq sahəsini nə İddiaçı, nə də başqa şəxslərə satmamışlar, ümumiyyətlə onların belə bir niyyəti olmamışdır. Hesab edir ki, xx.xx.2005-ci il tarixli aktdakı imzalar başqa şəxslər tərəfindən icra edilmişdir. İddiaçı tərəfindən onlara heç bir məbləğdə pul verilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi barəd qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, torpaq sahəsinin alqı-satqısına görə onlara pul ödənilməmişdir. Hazırda həmin torpaq sahəsi bacısının istifadəsindədir. Atasının vəfatından sonra miras vərəsələr tərəfindən qəbul olunmuş və Cavabdeh2 adına Çıxarış verilmişdir. Həmin torpaq sahəsində onların hər birinin payı vardır. Odur ki, iddia tələbinin rədd edilməsi barəd qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etməyərək, Cavabdeh3 izahatına uyğun izahat verdi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxsləri, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X16 verdiyi ifadəsində göstərdi ki, təxminən 20 il əvvəl adlarının Vidadi və Tanırverdi kimi xatırladığı şəxslər torpaq sahəsinin alqı-satqısı ilə bağlı torpaq şöbəsinə müraciət etmişlər. Bundan sonra Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının göstərişinə əsasən həmin torpaq sahəsinə baxış keçirilmiş və ölçmə işləri aparılmışdır. Həmin vaxt tərəflər şəxsiyyətlərini təsdiq edən sənədləri onlara təqdim etmişlər Bundan sonra özlərinin razılığı ilə Şəmkir rayonu Əliyaqublu kəndi ərazisində yerləşən torpaq sahəsinin alqı-satqısı ilə bağlı akt tərtib edilmiş və tərəflər həmin akta imza etmişlər. Həmin vaxt Vidadi adlı şəxs onun yanında torpaq sahəsini almaq üçün pul vermişdir. Pulun məbləği yadında olmasa da, həmin pulu ABŞ dolları olmasını xatırlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 verdiyi ifadəsində göstərdi ki, iddiaçını, Tanırverdi Balayevi və Vidadi Quliyevi tanımışdır. Həmin şəxslər torpaq sahəsinin alqı-satqısı ilə bağlı Şəmkir rayon Torpaq və Xəritəçəkmə Şöbəsinə müraciət etmişlər. O həmin vaxt orada baş mütəxəssis vəzifəsində işləmişdir. Alqı-satqısı aparılan torpaq sahəsinə onlar tərəfindən baxış keçirilmiş və ölçmə işləri aparılmışdır. Daha sonra tərəflər şəxsiyyətlərini təsdiq edən sənədi onlara təqdim etmişlər və öz aralarında razılığa gəldiklərini bildirmişlər, lakin onun yanında pul verilməmişdir. Bundan sonra Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən torpaq sahəsini alqı-satqısı ilə bağlı akt tərtib edilmiş və tərəflər xx.xx.2005-ci il tarixli akta imza etmişlər. Torpaq sahəsini yerini dəqiq xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 verdiyi ifadəsində göstərdi ki, İddiaçı onun bacısı, cavabdehlər isə həmkəndliləridir. Şəmkir rayonu Əliyaqublu kəndi ərazisində yerləşən torpaq sahəsinin alqı-satqı prosesində o özü iştirak etmişdir. X17 arbadı ilə birlikdə onların yaşadığı evə gələrək, qonşusundan torpaq aldığını və satmaq istədiyini bildirmişdir. Həmin vaxt onlar aralarında torpaq sahəsinin alqı-satqısı ilə bağlı razılığa gəlmişlər və tərəflər xx.xx.2005-ci il tarixli akta imza etmişlər. Müvafiq orqana müraciət etdikdən sonra X12, X11 və onların iştirakları ilə torpaq sahəsinə baxış keçirilərək, ölçmə işləri aparılmışdır. Həmin torpaq sahəsinin ölçüsünün 0.87 ha olduğu müəyyən edilmişdir. . İş materiallarında olan JN-538 Kod 50415038 nömrəli X13 dair Dövlət Aktından görünür ki, Şəmkir Rayon Aqrar islahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 56 nömrəli qərarı ilə Şəmkir rayon, Əliyaqublu kəndində 1.21 ha torpaq sahəsi X9, Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh5 və X5 verilmişdir. İş materiallarında olan xx.xx.2005-ci il tarixli müqavilədən (akt) görünür ki, torpaq Mülkiyyətçilərinin hüquqlarını müdafiə cəmiyyətinin Şəmkir rayon Şöbəsinin müdiri Tamara Məmmədova, Şəmkir rayon Torpaq və Xəritəçəkmə şöbəsinin baş mütəxəssisi Xəqani İbadov, İddiaçı və X8 iştirakları ilə akt tərtib etmişlər ondan ötrü ki, Əliyaqublu kənd sakini T.Balayevə 13 oktyabr 1998-ci ildə Şəmkir rayon Aqrra İslahat Komissiyasının 56 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş olan pay torpaq sahəsinin 0.87 ha hissəsi Dövlət Aktında adları qeyd olunan ailə üzvləri ilə birlikdə satmışdır. Əliyaqublu kənd sakini İddiaçı ömürlük, əbədi olaraq 13000 (on üç min) ABŞ dollarına. İş materiallarına olan ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2014cü ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli Çıxarışdan görünür ki, Şəmkir rayonu Əliyaqublu kəndi ərazisində yerləşən 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X1 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********82 reyestr nömrəli Çıxarışdan görünür ki, Şəmkir rayonu Əliyaqublu kəndi ərazisində yerləşən 0.5635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X1 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materillarında olan məhkəmə xəttşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 4/2052 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 73-cü vərəqində olan 31 dekabr 2005-ci il tarixli Aktda “5. Cavabdeh1 pasport VİİJQN-684404” qrafasındakı imza-BALAYEVA XANİM İBRAHİM qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 73-cü vərəqində olan 31 dekabr 2005-ci il tarixli Aktda “6. T.Balayeva doğum haqqında şəhadətnamə XİJQ381637” qrafasındakı imza – hüseynova (Balayeva) Təranə Tanrıverdi qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəmkir Rayon Aqrar islahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 56 nömrəli qərarı ilə JN- 538 Kod 50415038 nömrəli X13 dair Dövlət Aktı əsasında Şəmkir rayon, Əliyaqublu kəndində 1.21 ha torpaq sahəsi X8, Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh5 və X3 ümumi birgə mülkiyyətinə verilmişdir. xx.xx.2005-ci il tarixdə tərəflər arasında Şəmkir rayonu Əliyaqublu kəndi ərazisində yerləşən 0.87 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə (akt) bağlanmışdır. Həmin müqaviləyə (akta) əsasən X10 ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin 0.87 ha hissəsini 13000 (on üç min) ABŞ dolları müqabilində pula İddiaçı satmış, bunun müqabilində isə iddiaçı onlara ümumilikdə 13000 (on üç min) ABŞ dolları məbləğində pul vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 X17ə və onlara ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsini 13000 (on üç min) ABŞ dolları məbləğində pul müqabilində iddiaçıya satmadıqlarını, iddiaçıdan pul almadıqlarını göstərmiş olsalar da, məhkəmə iclasında araşdırılmış digər sübutlarla (xx.xx.2005-ci il tarixli müqavilə və şahid ifadələri) iddiaçı ilə torpaq sahəsinin mülkiyyətçilərindən olan X10 və digər mülkiyyətçilər arasında mübahisəli torpaq sahəsinin 13000 (on üç min) ABŞ dollarına satılmasına dair müqavilə (akt) tərtib edildiyi və iddiaçı tərəfindən onlara həmin məbləğdə pulun verildiyi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2005-ci il tarixdə bağlanmış akt (alqısatqı müqaviləsi) qanunvericiliyin müəyyən etdiyi formada, yəni notarial formada bağlanmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Bununla belə 13000 ABŞ dolları pulun iddiaçı tərəfindən cavabdehlərə verilməsi xx.xx.2005-ci il tarixli aktla yanaşı, məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapır. Bu halda cavabdehlər hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışlar. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçı tərəfindən torpaq sahəsinin alınmasına görə cavabdehlərə 13000 ABŞ dolları pul verilməsi faktı öz təsdiqini tapmışdır. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdehlər əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalı, 13000 ABŞ dolları məbləğində pul cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 243 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmə xəttşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri müştərək qaydada cavabdehlərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada 13.000 (on üç min) ABŞ dolları pul vəsaiti (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 240 (iki yüz qırx) manat pul alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar