Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1581/2024 01.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin törətdiyi cinayət əməli nəticəsində ona vurduğu ağır bədən xəsarətinin müalicəsi üçün sərf etdiyi və cavabdeh tərəfindən ödənilməmiş 5000 manat pulun və 70 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxardılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin özünə məxsus olan VAZ 2107 markalı **-BT-*** dövlət qeydiyyatı nişanlı minik avtomaşını ilə onu vurub ağır bədən xəsarətləri yetirməsinə səbəb olan avtoqəza hadisəsinə qədər onu tanımamışdır və əvvəllər də aralarında narazılıq olmamışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Şəmkir rayonunun Bayramlı kəndinə gedən yolun kənarı ilə həmkəndliləri ilə birlikdə piyada gedərkən cavabdeh özünə məxsus olan VAZ 2107 markalı **-BT-*** dövlət qeydiyyatı nişanlı minik avtomaşını ilə onu piyada olaraq vurub, ona ağır dərəcəli bədən xəsarətləri yetirmiş, bununla da o, AR CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cavabdeh, müalicə olunduğu Bakı şəhərində yerləşən müalicə mərkəzində ilkin olaraq 10000 (on min) manat məbləğində depoziti pulu qoymuş, ondan sonra isə tərəfindən nağd ödəmələr edilmiş, həmçinin 5000 manat da rəsmi qəbzlə tərəfindən müalicələri üçün vəsait sərf edilmişdir. Cavabdeh barəsində olan cinayət işinin məhkəmə araşdırması zamanı məsuliyyətdən azad edilərək cinayət işinə xitam verilməsi üçün onunla barışmağı, ona vurulmuş maddi ziyanı tam ödəməyi barədə ərizə verməyi üçün ona ödəməli olduğu beş min manat müalicə xərcini onun avtomaşının sığortalandığı sığorta şirkəti tərəfindən ödəniləcəyini, əks halda həmin pulu nağdı olaraq özünün ona ödəməyinə söz verməsinə dair xx.xx.2023-cü il tarixdə öz xətti ilə qəbz yazmışdır. Ancaq, cavabdehin avtomobilinin sığorta şirkəti ona beş min manat deyil, min beş yüz manat pul ödəyəcəyi barədə bildiriş göndərdiyinə görə o, cavabdehdən ödəməli olduğu beş min manat pulun ödəməsini tələb etmiş, lakin nəticəsi olmamışdır. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətdə qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, 26 fevral 2023-cü il tarixdə saat təxminən 18 radələrində həmkəndliləri X3 və X1 ilə birlikdə Şəmkir rayonu Sabirkənd kəndi ərazisində yerləşən adını bilmədiyi kafedə yemək yeyərək spirtli içki qəbul etmişlər. Saat təxminən 21 radələrində kafedən çıxaraq piyada şəkildə yaşadığı kənd istiqamətində getməyə başlamışlar. Bakı-Qazax avtomobil yolunu keçəndən sonra Bayramlı kəndinin içərisində yolun sağ ehtiyat hissəsi ilə yanbayan gedirmişlər. O da yol tərəfdə olmuşdur. Həmin vaxtı arxadan düşən işıqdan avtomobil gəlməsini hiss etmiş, lakin tez-tez başqa avtomobillərdə keçdiyindən buna fikir verməmişdir. Həmin andan sonra heçnə xatırlamamış, özünə gəldiyində Bakı şəhərində xəstəxanaların birində olmasını görmüşdür. Bundan sonra o, yaxınlarının deməsindən həmin vaxtı onu VAZ- 2107 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğunu, bunun nəticəsində ağır bədən xəsarətləri alaraq bir aya yaxın komada qaldığını bilmişdir. Həmin fakt əsasında cinayət iş olmuş və proses zamanı təqsirləndirilən şəxs Cavabdeh ilə barışıq sazışı imzalanmışdır. Lakin Cavabdeh həmin sazışı icra etməmiş, ona görə də o məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Hazırlıq iclasında Cavabdeh ərizə təqdim edərək bilmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinməyinə dair cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs olmuşdur. Sığorta ödənişinin 5000 manat olacağını güman edərək zərərçəkmiş şəxslə cinayət işi baxılan zaman razılığa gəlmişlər. Lakin sonradan sığorta tərəfindən 1500 manat ödənilmiş, razılaşdıqları kimi qalan 3500 manatı isə özü ödəyə bilməmişdir. Hazırda isə iddiaçı ondan 5000 manat sığorta ödənişini tələb edir. Ona görə də iddianı qismən qəbul edir. O öhdəlik götürdükdən sonra iddiaçıya 1500 manat pul ödənilmiş, qalan 3500 manatı isə hissə-hissə özü ödəməyə söz verir. Daha sonra isə dəqiqləşmə ərizəsini təqdim edərək bildirmişdir ki, iddianı qısmən qəbul edir, sığorta şirkəti iddiaçıya 5000 manat yox, 1500 ödəmişdir. Qalan hissəsi, yəni 3500 manat imkanı olmadığı üçün ödəyə bilmir. Ona görə həmin borcu hissə-hissə ödəməyi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Bələ ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh həmin qəbzi imzalayaraq bildirmişdir ki, o, özünə məxsus **-BT-*** nömrəli avtomobillə İddiaçı ağır xəsarət yetirmişdir. Avtomobilin sığortaçısı tərəfindən zərərçəkmiş şəxsə 5000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur. Həmin sığorta ödənişi sığorta şirkəti tərəfindən ödənilmədiyi halda, həmin pulu onun tərəfindən ödəniləcəkdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1(076)-241/2023 Şəmkir Rayon Məhkəməsinin qərarından görünür ki, yol nəqliyyat hadisəsi Şəmkir rayonu, Bayramlı kəndinin girişində olmuşdur. Yol nəqliyyat hadisəsinin baş verdiyi avtomobil yolu düz, asfalt örtüklü olmaqla quru vəziyyətdə olmuşdur. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsinin ümumi eni 6 metr və hərəkət hissəsi iki tərəfli olmuşdur. Hadisə VAZ-21074 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə olmuşdur. Baxış zamanı hadisə yerində VAZ-21074 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Toqquşma yeri yolun sağ ehtiyyat hissəsindən 0.8 metr yolun hərəkət hissəsində olmuşdur. Hadisə yerinə baxış zamanı iş üçün maraq doğuracaq heç bir əşya aşkar edilməmiş və götürülməmişdir. Bu barədə hadisə yerinə baxış protokolu tərtib edilərək fotoşəkil və sxemi çəkilərək iş materiallarına əlavə olunmuşdur. İddiaçı bədən səthində aşkar edilmiş xəsarətlər-təpə ənsə nahiyyəsinin əzilmiş yarası, baş beyin toxumasına qansızmalar və baş beyinin kontuziyası, sağ tərəfli pnevmatoraks, qarının qapalı küt travması, sidik kisəsinin cırılması, sol böyrəküstü vəzin hematoması, sağ sirkə kasasının, sağ və sol bud sümüklərinin qapalı yerini dəyişmiş sınıqları KÜT əşyaların təsirindən törənmişlər, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 26 fevral 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aidirlər. Zərərçəkmiş şəxs İddiaçı məhkəmə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmiş, sonuncu ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin maddənin qeyd hissəsinə əsasən zərərçəkmiş şəxslə barışması əsası ilə barəsində olan hazırki cinayət işi üzrə icraata xitam verilsinə və onun cinayət məsuliyyətindən azad edilməsinə qərar verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, davadərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 21.1-ci maddəsində əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Müəyyən edilir ki, cavabdeh xx.xx.2023-cü il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nətcəsində ehtiyatsızlıqdan iddiaçının sağlamlığına ağır zərər vurmuşdur. Cavabdeh qəza törədilməsindən sonra ona tibbi yardım etmiş, müalicə və müayinə olunmasında maddi cəhətdən köməklik etmişdir. Həmin fakt əsasında Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş açılmışdı. Həmin iş üzrə toplanmış materiallar məhkəməyə göndərilmişdir. Zərərçəkmiş İddiaçı sığorta şirkətinin ödəməyəcəyi halda 5000 manat pulun ödənilməsini üzərinə öhdəlik götürmüşdür. Bundan sonra sığorta şirkəti iddiaçıya həmin məbləğin 1500 manat hissəsini ödəmişdir. Bu səbəbdən iddiaçı həmin 5000 manat pulu cavabdehdən tələb edir. Cavabdeh isə aralarında razılaşmaya əsaslanaraq, həmin məbləğin 1500 manat hissəsini sığorta şirkəti tərəfindən ödəniləcəyi üçün qalan 3500 manat məbləği ödəməli olmasını əsaslı hesab edir. Qeyd edilənlərlə bağlı məhkəmə qeyd edir ki, cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Lakin bu hal zərərçəkmiş həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququnu istisna etmir. Göründüyü kimi cinayət işi məhkəmədə baxılarkən iddiaçı tərəf ərizə vermis olsa da həmin vaxt ona dəymiş ziyan tam ödənilməmişdir. Maddi ziyanın 5000 manat məbləğində qiymətləndirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı ziyanın 5000 manat olmasını qeyd etmiş, cavabdeh isə bu halı mübahisələndirməmiş, yalnız 1500 manatın ödənilməsini, qalan 3500 manatn isə onun tərəfindən hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə maddi zərərlə bağlı tələbi qiymətləndirərkən yuxarıda qeyd edilən halları, eləcə də aralarında əldə edilmiş razılaşmanı, sığorta şirkəti tərəfindən 1500 manat ödənilməsini öhdəsinə götürməsi barədə hər iki tərəfin etirafını nəzərə alaraq hesab edir ki, 5000 manat məbləğində maddi zərərin ödənilməmiş qalan hissəsinin əvəzi kimi 3500 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 55 manat pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 3500 (üç min beş yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 55 (əlli beş) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1581/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1581/2024
01.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver