Məhkəmə qərarları › İş №2(076)-1631/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1631/2023

15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1631/2023 15.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 2617.65 (iki min altı yüz on yeddi ABŞ dolları 65 sent) ABŞ dolları bundan 564.38 (beş yüz altmış dörd ABŞ dolları 38 sent) ABŞ dolları əsas, 341.24 (üç yüz qırx bir ABŞ dolları 24 sent) ABŞ dolları faiz, 1629.31 (bir min altı yüz iyirmi doqquz ABŞ dolları 31 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 82.72 (səksən iki ABŞ dolları 72 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 64.51 (altmış dörd Manat 51 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə 18 ay müddətinə illik 31 faiz dərəcəsi ilə 3800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit Borcalana “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh1” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 460003862/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 02 nömrəli 25 aprel 2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 3733.51 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 (on) % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********820 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 2617.65 (iki min altı yüz on yeddi ABŞ dolları 65 sent) ABŞ dolları təşkil edir. Bundan 564.38 (beş yüz altmış dörd ABŞ dolları 38 sent) ABŞ dolları əsas, 341.24 (üç yüz qırx bir ABŞ dolları 24 sent) ABŞ dolları faiz, 1629.31 (bir min altı yüz iyirmi doqquz ABŞ dolları 31 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 82.72 (səksən iki ABŞ dolları 72 sent) ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş iddiaçı LPO İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iş üzrə yekun məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişlərdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Şəmkir filialı Cavabdeh1 “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə 18 ay müddətinə illik 31 faiz dərəcəsi ilə 3800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 460003862/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin tam həcmdə icra edilməsi üçün cavabdehliyi üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə sazişlərdən görünür ki, Cavabdeh1 2254.45 ABŞ dolları əsas, 986.03 ABŞ dolları ayrıca hesabda dondurulmuş faiz borcu və 493.03 ABŞ dolları cərimə borcu təşkil edir. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Borc alan və zamin həmin sazişi təşdiqləmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü tarixə banka cəmi borcu 2617.65 (iki min altı yüz on yeddi ABŞ dolları altmış beş sent) ABŞ dolları - bundan 564.38 (beş yüz altmış dörd ABŞ dolları otuz səkkiz sent) ABŞ dolları əsas, 341.24 (üç yüz qırx bir ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları faiz, 1629.31 (bir min altı yüz iyirmi doqquz ABŞ dolları otuz bir sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 82.72 (səksən iki ABŞ dolları yetmiş iki sent) ABŞ dolları faiz borcu vardır. İş materiallarına əlavə edilmiş **********820 saylı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında 460003862/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Bundan sonra xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə sazişə əsasən Cavabdeh1 2254.45 ABŞ dolları əsas, 986.03 ABŞ dolları ayrıca hesabda dondurulmuş faiz borcu və 493.03 ABŞ dolları cərimə borcu müəyyən edilmişdir, kreditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmiş, kreditor, borc alan və zamin həmin sazişi təşdiqləmişlər. İddiaçı tərəfindən müqavilə üzrə öz öhdəliyini icra etmiş, cavabdehlər isə kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Cavabdeh1 ilə kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə 18 ay müddətinə bağlanmış, bundan sonra xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə sazişə əsasən Cavabdeh1 2254.45 ABŞ dolları, 986.03 ABŞ dolları ayrıca hesabda dondurulmuş faiz borcu və 493.03 ABŞ dolları cərimə borcu müəyyən edilmiş, kreditin qaytarılması üçün son tarix xx.xx.2020-ci il müəyyən edilmiş, kreditor, borc alan və zamin həmin sazişi təşdiqləmişlər. Cavabdeh2 ilə bağlanılmış zaminlik müqaviləsində və əlavə sazişdə zaminliyin verilməsi müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə verildiyindən kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2020-ci il tarixdə başa çatdığından və həmin vaxtdan 1 il ərzində iddiaçı tərəfindən zamin Cavabdeh2 qarşı iddia irəli sürülmədiyindən zaminliyə xitam verilmişdir. Buna görə də Cavabdeh2 qarşı iddia təmin edilə bilməz. Həmçinin məhkəmə hesab edir ki, kreditor tərəfindən müqavilənin şərtlərinə uyğun əsas borca faiz və cərimə məbləği hesablamışdır. Buna görə də məhkəmə əsas və faiz borcunun tamamını, cərimə borcunun bir hissəsini Cavabdeh1 iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən--Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri sərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə iddia tələbinin Cavabdeh1 illik beş faiz hesablamaqla 82.72 ABŞ dolları əlavə faizin tutulması hissəsini əsaslı hesab edir. Bundan əlavə məhkəmə qalıq borc məbləğini və tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan cərimə (dəbbə) pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə (dəbbə) pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 1629.31 ABŞ dolları cərimə pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 100 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 kredit müqaviləsi üzrə 564.38 (beş yüz altmış dörd ABŞ dolları otuz səkkiz sent) ABŞ dolları əsas, 341.24 (üç yüz qırx bir ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları faiz, 100 (bir yüz) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 82.72 (səksən iki ABŞ dolları yetmiş iki sent) ABŞ dolları faiz, cəmi 1088.34 (bir min səksən səkkiz ABŞ dolları otuz dörd sent) ABŞ dolları borc iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 64.51 (altmış dörd manat əlli bir qəpik) manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 64.51 (altmış dörd manat əlli bir qəpik) manat dövlət rüsumunun Cavabdeh1 iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 564.38 ABŞ dolları əsas, 341.24 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 82.72 ABŞ dolları faiz borcu olmaqla cəmi 1088.34 (bir min səksən səkkiz ABŞ dolları otuz dörd sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti və məhkəmə xərci qismində 64.51 (altmış dörd manat əlli bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-nin hesabına ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar