Məhkəmə qərarları › İş №2(076)-164/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-164/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-164/2024 01.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi Cavabdeh1 iştirakı ilə İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı X1-Bank Kredit Təşkilatının (bundan sonra İddiaçı MMM) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək məhkəmədən iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas 6300 manat, faiz borcuna görə 2021 manat, cərimə borcuna görə 367.90 manat, cəmi 8688.90 manat məbləğində borcun və 106.89 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "FİNCA Azerbaijan” MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********2351 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi,həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 6300 (altı min üç yüz manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 347 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan,üzərində "Fincard" adı qeyd edilmiş,kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********2351 - ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür.Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 ahir oğlunun əsas borc üzrə 6300.00 AZN, faiz borcuna görə 2021.00 AZN, cərimə borcuna görə 367.90 AZN, cəmi 8688.90 (səkkiz min altı yüz səksən səkkiz manat, doxsan qəpik) AZN təşkil edir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək hazırda işsiz olduğu üçün borcu ödəyə bilmədiyini, bunu nəzərə alıb faiz və cərimənin azaldılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumat verilsə də o məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmidşir. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli **********2351 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik 32 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 6300 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, zaminlik müqaviləsindən görünür ki, **********2***-******* saylı kredit müqaviləsi üzrə kredit götürmüş Cavabdeh1 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün məsuliyyəti Cavabdeh2 öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı MMM -yə əsas borc üzrə 6300 manat, faiz borcuna görə 2021 manat, cərimə borcuna görə 367.90 manat, cəmi 8688.90 manat borcu yaranmışdır. İş materiallarında olan ekspertiza rəyindən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixə Cavabdeh1 əsas borc üzrə 6300 manat, faiz borcuna görə isə 813.40 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, «Finca Azerbaijan” MMM tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 106.89 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən tərəflərin izahatları dinlənilib, iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, borcun təminatı kimi zaminlə zaminlik müqaviləsi bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Məhkəmə eyni zamanda iddia tələbinin digər Cavabdeh2 qarşı hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, qanunvericiliyə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehlərdən kredit borcu üzrə əsas pulun tutulması barədə tələb əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını, həmçinin ekspertiza rəyini araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 6300 manat, faiz borcuna görə 813.40 manat, cərimə borcuna görə 367.90 manat, cəmi 7481,3 manat məbləğində pul tutularaq İddiaçı MMM -yə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 106.89manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müstərək qaydada əsas borc üzrə 6300 manat, faiz borcuna görə 813.40 manat, cərimə borcuna görə 367.90 manat, cəmi 7481,3 manat pul tutularaq İddiaçı MMM QBKT-ya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 106.89 (yüz altı manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müstərək qaydada tutularaq İddiaçı MMM QBKT-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar