Məhkəmə qərarları › İş №2(076)-1651/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1651/2023

10.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1651/2023 10.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona məxsus olan “BRİLLİANCE” markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobilinə dəymiş 8720 manat məbləğində ziyanın və 107,2 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən 2008 saylı Hərbi Hissədə bölmə rəisi vəzifəsində işləyir. 16 aprel 2023-cü il tarixdə mülkiyyət hüququ üzrə X2 məxsus olan “BRİLLİANCE” markalı, **-CX- *** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında X1 “Mobil notariat” tətbiqi vasitəsilə etibarnamə əsasında satın almışdır. Avtomobili aldıqdan sonra nasazlıq olduğuna görə 19 aprel 2023-cü il tarixində Şəmkir şəhərində yerəşən Cavabdeh məxsus avtomobil təmir sexinə aparmışdır. Orada Ramin adlı usta ona avtomobili 2 gün müddətində təmir edəcəklərini, 2 gün sonra gəlib götürməyini demiş, iddiaçının avtomobili orada olduğu müddətdə 20 aprel 2023-cü il tarixdə avtomobil təmiri sexində elektrik qısaqapanması nəticəsində yanğın hadisəsi baş vermişdir. Həmin yanğın nəticəsində iddiaçıya 8720 manat məbləğində maddi ziyan dəymişdir. Avtomobilə dəymiş ziyanın məbləği mütəxəssis tərəfindən tərtib edilmiş ziyan aktı ilə müəyyən edilmişdir. İddiaçı avtomobil sexinin sahibi Cavabdeh müraciət edərək, avtomobilinə dəymiş ziyanın ödənilməsini tələb etsə də, cavabdeh dəymiş ziyanı ödəməkdən boyun qaçırır və yanğının onu təqsirindən baş vermədiyini bildirir. Buna görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq bildirdi ki, “BRİLLİANCE” markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobili cavabdehə məxsus təmir sexində usta Raminə göstərmiş, avtomobilin təmir zərurətindən avtomobil xx.xx.2023-cü il tarixdə həmin sexdə qoyub çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə aralarında avtmomobilin təmiri üçün razılaşma Ramin adlı usta ilə olmuş, sadəcə təmir sexinin sahibinin Cavabdeh olması səbəbindən iddianı ona qarşı qaldırmışdır. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsində göstərilənləri qəbul etməyərək, bildirdi ki, iddiaçını ümumiyyətlə tanımır. Avtomobil təmiri sexi ona məxsus olsa da icarə əsasında Ramin adlı şəxsin istifadəsində və sərəncamındadır. Hadisə baş verən günü, yəni 20 aprel 2023-cü il tarixdə də, ondan əvvəlki tarixlərdə də avtomobil təmiri sexi Ramin adlı avtomobil təmiri ilə məşğul olan ustanın istifadəsində və sahibliyində olmuşdur. İddiaçı da məhz həmin ustanın təmir sexi bilərək ora gətirmiş, iddiaçı ilə o hadisə baş verdikdən sonra tanış olmuşlar. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Yanğının hansı səbəbdən baş verməsi barədə FHN hər hansı sənəd təqdim etməmiş, yanğında onun hər hansı günahı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, İddiaçı 19 aprel 2023-cü il tarixdə avtomobili onun icarə əsasında istifadə və sahibliyində olan avtomobil təmiri sexinə gətirərək avtomobilin təmiri barədə razılaşmışlar. Razılığa əsasən avtomobil tam təmir olunana qədər avtomobil təmir sexində qalmalı idi. Həmin gün iddiaçı avtomobili təmir üçün onun yanında qoyaraq getmişdir. Həmin günün səhəri 20 aprel 2023-cü il tarixdə orada yerləşən avtomobil təmiri sexlərində, eyni zamanda onun icarə əsasında işlətdiyi sexdə yanğın baş vermiş, yanğın nəticəsində iddiaçının avtomobilinə maddi ziyan dəymişdir. Əlavə olaraq bildirdi ki, iddiaçı ilə avtomobilin təmiri üçün razılaşdıqları vaxt, ondan əvvəl və sonra cavabdeh həmin razılaşmada iştirak etməmişdir. Məhkəmə, tərəflərin və şahidin izahatını dinləyərək, iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı 19 aprel 2023-cü il tarixdə “BRİLLİANCE” markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobili təmir etmək məqsədi ilə usta Ramin İsgəndərovun yanına apararaq onunla avtomobilin təmiri üçün razılığa gəlmişlər. Lakin 20 aprel 2023-cü il tarixdə avtmobil sexin qarşısında olan zaman sexdə yanğın baş vermiş, yanğın nəticəsində avtomobilinə də maddi ziyan dəymişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, X4 “BRİLLİANCE” markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında İddiaçı bağışlamaq, sərəncam vermək vı digər hərəkətlər etmək səlahiyyətini vermiş, dir. İş materiallarında olan 20 aprel 2023-cü il tarixli ziyan aktından görünür ki, “BRİLLİANCE” markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilmiş, baxış zamanı avtomobilə 8720 manat ziyan vurulduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 771-ci maddəsinə əsasən podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Göründüyü kimi, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi öhdəsinə götürən tərəfdir. Podrat müqaviləsi üzrə podratçının əsas vəzifəsi müqavilədə nəzərdə tutulan işi icra etmək və yerinə yetirməkdən ibarətdir. Hazırki mülki işdə cavabdeh podrat müqaviləsi üzrə tərəf kimi hər hansı öhdəlik götürməmiş, müqavilənin tərəfi kimi çıxış etməmişdir. Belə ki, iddiaçının özünün də qeyd etdiyi kimi avtomobili təmir sexinə gətirən zaman usta Ramin İsgəndərovla avtomobilin təmir şərtləri ilə razılaşmış, cavabdehlə hər hansı razılaşma əldə etməmişdir. Cavabdehi sadəcə həmin avtomobil təmir sexinin sahibi kimi sonradan tanımışdır. Cavabdehin işi icra etməyi öhdəsinə götürmədiyi halı tərəflərin izahatı və şahid ifadəsi ilə öz təsdiqini tapır. Podratçının icra etməli olduğu əsas vəzifəyə aid tələblərdən biri onun sifarişçi tərəfindən ona verilmiş əmlakın salamat saxlanılması üçün zəruri olan bütün tədbirləri görməyə borclu olmasıdır. Qanunvericiliyin tələbinə əsasən sifarişçi tərəfindən verilmiş əmlakın saxlanılması üçün zəruri olan bütün tədbirləri görmək podratçının vəzifəsidir. Podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır (MM-in 771-ci maddəsi). Hazırki mülki işdə cavabdeh qismində qeyd edilmiş Cavabdeh podratçı qismində çıxış etmədiyi üçün təhvil verilmiş əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşımır. Göstərilənlər baxımından məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya maddi ziyan vurmadığından və maddi ziyan üçün Cavabdeh məsuliyyət daşımadığından İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar