Məhkəmə qərarları › İş №2(076)-1656/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1656/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1656/2024 13.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 1.251 manat məbləğində pulun və 34 manat dövlət rüsumunun alınması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017–ci il tarixdə cavabdeh "xxxx" ASC–dən 1.800 ABŞ dolları məbləğində kredit götürmüş, o da əlillik pensiyası aldığı üçün cavabdehə zamin durmuşdur. Lakin cavabdeh həmin krediti qaytarmaqdan imtina etmişdir. Həmçinin, Prezidentin Fərmanı əsasında götürülmüş kreditin 700 ABŞ dolları cavabdehə güzəşt edilmiş, nəticədə cavabdehin banka 672,49 ABŞ dolları borcu qalmışdır. Lakin cavabdeh həmin borcu da qaytarmaqdan imtina etmiş, bu səbəbdən borcun tutulması onun pensiyasına yönəldilmişdir. Belə ki, hər ay onun pensiyasından 111 manat məbləğində pul cavabdehin banka olan borcuna tutulmağa başlamışdır. Bundan sonra o, ayrıca olaraq öz adına 10.000 manat məbləğində kredit götürmüş, həmin kreditlə cavabdehin banka olan borcunu bağlamış, qalan pulu isə öz müalicələrinə sərf etmişdir. Eyni zamanda cavabdehin borcuna görə 170 manat icra xərci ödəmiş, 20 manat bankın icra xərcini, 34 manat isə dövlət rüsumu ödəmişdir. Bundan sonra dəfələrlə cavabdehdən həmin pulu tələb etmiş, lakin cavabdeh pulu qaytarmaqdan boyun qaçıraraq, onu təhqir etmişdir. Nəticədə məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, məhkəmədən Cavabdeh oğlundan 1.251 manat məbləğində pulun və 34 manat dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh "xxxx" ASC–dən 2.000 ABŞ dolları məbləğində kredit götürmüş, həmin kredit müqaviləsinin icrasının təminatı kimi onunla bank arasında zaminlik müqaviləsi bağlanmış və o, zamin durmuşdur. Cavabdeh götürdüyü krediti hər ay qaytarmağı öhdəsinə götümüşdür. Lakin Cavabdeh öhdəliyinə lazımınca əməl etməmiş, nəticədə onun banka ödənilməmiş borcu yaranmışdır. Cavabdeh banka olan borcunu ödəmədiyindən borcun tutulması onun pensiyasına yönəldilmişdir. Lakin o, ayrıca olaraq öz adına 10.000 manat məbləğində kredit götürmüş, həmin kreditlə cavabdehin banka olan borcunu bağlamış, qalan pulu isə öz müalicələrinə sərf etmişdir. Eyni zamanda cavabdehin borcuna görə 170 manat icra xərci ödəmiş, 20 manat bankın icra xərcini, 34 manat isə dövlət rüsumu ödəmişdir. Ümumilikdə, cavabdehin qanunsuz əməlinə görə 1.285 manat maddi ziyana düşmüşdür. Hazırda həmin məbləği cavabdehdən tələb edir. Dəfələrlə cavabdehə müraciət edərək pulunu qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmışdır. Bu səbəbdən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən Cavabdeh 1.251 manat məbləğində pulun və 34 manat dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, həqiqətən "xxxx" ASC ilə arasında bağlanmış kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş, iddiaçı da ona zamin durmuşdur. Lakin maddi imkanı olmadığından borcunu vaxtında ödəyə bilməmişdir. Bundan sonra onnu borcu iddiaçının pensiyasına yönəldilmişdir. Həmin vaxt iddiaçı ona pensiyasından gah 220 manat, gah da 160 manat pul tutulmasını bildirmişdir. Bundan sonra həmin puldan 1 ayda 2 dəfə 110 manat məbləğində pulu iddiaçıya ödəmişdir. Hazırda isə iddianı qəbul etmir. İlk öncə ona görə ki, iddiaçı pulun hamısını ondan birdəfəyə istəyir, onun isə həmin məbləğdə pulu birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Bundan başqa qeyd etmək istəyir ki, iddiaçı onun məlumatı olmadan banka olan borcunu birdəfəyə ödəmişdir. O isə həmin borcunu hissə–hissə ödəmək niyyətində olmuşdur. Hesab edir ki, iddiaçının öz yanından gedib onun pulunu tam şəkildə ödəməsi onu əlverişsiz vəziyyətə salmışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Tibbi–Sosial Ekspert Komissiyasından çıxarışdan görünür ki, İddiaçı İİ dərəcə əlilldir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017–ci il tarixli 2(076)– 1942/2017 saylı məhkəmə əmrindən görünür ki, "xxxx" ASC–nin Şəmkir filialı ilə Cavabdeh arasında xx.xx.2015–ci il tarixdə kredit müqaviləsi bağlanmış və bank borcluya 18 ay müddətinə illik 27 faiz ödəmək şərtilə 2.000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsinin icrasının təminatı kimi İddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu Cavabdeh borcunu ödəməmişdir. Bu səbəbdən Cavabdeh və İddiaçı cəmi 1.386,52 ABŞ dolları məbləğində pulun və 20 manat dövlət rüsumunun müştərək qaydada tutulub "xxxx" ASC–yə ödənilməsi əmr edilmişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, İddiaçı 2(076)–1942/2017 saylı icra işi üzrə 110 manat pul ödəmişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, İddiaçı xx.xx.2024–cü il tarixdə "xxxx" KB ASC–nin Şəmkir filialından 36 ay müddətinə illik 23 faiz ödəmək şərtilə 10.000 manat məbləğində kredit götürmüşdür. İşdə olan xx.xx.2024–cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 170 manat icra ödənişi ödəmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı borclu Cavabdeh "xxxx" ASC–yə olan kredit borcundan 543,66 ABŞ dolları ödəmişdir. İşdə olan kredit tarixindən görünür ki, xx.xx.2015–ci il tarixdə Cavabdeh "xxxx" ASC tərəfindən 2.000 ABŞ dolları məbləğində kredit verilmiş, onun banka olan borcu xx.xx.2024–cü il tarixdə 658,92 ABŞ dolları olmaqla, tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin müqayisəli təhlili nəticəsi ilə müəyyən etdi ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən bank cavabdehə 2.000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsinin icrasının təminatı kimi İddiaçı ilə bank arasında zaminlik müqaviləsi bağlanmış və o, zamin durmuşdur. Lakin borclu Cavabdeh öhdəliyinə lazımınca əməl etməmiş və banka olan borcunu tam şəkildə ödəməmiş, nəticədə cavabdehin banka borcu yaranmışdır. Cavabdeh banka olan borcunu ödəmədiyindən iddiaçı zamin kimi banka olan borc, eləcə də, icra ödənişi olmaqla, cəmi 1.251 manat pul ödəmişdir. Nəticədə iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1–ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2–ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi həcmdə, yəni 1.251 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin yaranmış 1.251 manat borcunu zamin qismində banka ödəməsi sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası əsaslı hesab edilərək təmin edilməli və Cavabdeh oğlundan 1.251 manat məbləğində pul və ödənilmiş 34 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1.251 (bir min iki yüz əlli bir) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 34 (otuz dörd) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar